| |
Müsəlman
xarici siyasəti mövcuddurmu?

Brenda
ŞAFFER
XƏZƏR
HÖVZƏSİ MƏSƏLƏSİ
Dünyada
Samson dövlətləri varmı? Bibliyada, hakimlərin kitabında Samson Allaha son
arzusunu bildirərkən ona hətta ölümü bahasına belə öz düşmənlərini məhv edə
biləcək güc verilməsini diləyir. Samson Allahdan gözə görünmədən yox olmaq
qabiliyyəti, kor gözlərinə nur, yaxud öz hümmətinə əbədi vətən və ya digər
maddi şeylər də istəyə bilərdi. Buna baxmayaraq, o öz həyatını qurban vermək
bahasına düşmənlərini məhv etməyi üstün tutur. Samson bəşər övladı idi, onu
insani hisslər idarə edirdi. Bu gün dünyada öz varlıqlarını -
təhlükəsizliklərini mədəni irsin doğurduğu hisslərə və yaxud ideoloji
məqsədlərə qurban verə biləcək dövlətlər varmı? Ümumiyyətlə, dövlətlər öz
inancları, tarixləri və yaxud mədəni baxışlarının tələbləriylə hərəkət
edərək samsonsayağı qərarlar çıxara bilərmi? Nəhayət, müsəlman dövlətləri
Samson dövlətinə başqalarından daha çoxmu oxşayır?
Mədəniyyət - xüsusilə də mədəniyyətin bir forması olan din hər bir
ölkənin xarici siyasətinin izahında başlıca amilə çevrilib. Ölkələrin öz
xarici siyasətlərini necə formalaşdırmaları ilə bağlı mədəniyyət amilinə əsaslanan
izahlar ümumi intuitiv düşüncə ilə səsləşdiyindən daha geniş müdafiə olunur.
Samuel Hantinqtonun mədəniyyətin ən aparıcı rola malik olduğunu iddia edən
məşhur "Mədəniyyətlərin toqquşması" əsərinin nəşrindən sonra ötən on il ərzində
tənqidçilərin əksəriyyəti onun bu toqquşmaların qaçılmazlığı fikrinə ciddi
etiraz etsə də, bəziləri həmin müəllifin xarici siyasətlərin müəyyən
edilməsində mədəniyyətin mərkəzi rol oynaması fikriylə razılaşır.
11 sentyabrda baş verən terror aktları və onun ardınca müsəlman
ölkələrinin buna reaksiyası, eləcə də Əfqanıstan müharibəsi mədəniyyətin
xarici siyasətə təsiri məsələsiylə bağlı müzakirələri yenidən gündəmə
gətirdi və çox güman ki, hər bir dövlətin xarici siyasətində mədəniyyətin
aparıcı rol oynaması (xüsusilə də İslam dininin müsəlman dövlətlərinin
xarici siyasətinə təsiri) fikrinə tərəfdar çıxanlara haqq qazandırdı. Qərb
təhlilçiləri İslamın əsas ehkamlarını anlaya bilmək və müvafiq Quran
ayələrinin nüvə silahlarından istifadə, sülhüqoruma missiyaları və müqəddəs
Ramazan ayında hərbi əməliyyatların aparılması kimi son dərəcə fərqli xarici
siyasət məsələlərinə necə uyğunlaşdırılması üzərində baş sındırırlar. Bir
çox müsəlman ölkələrinin xarici siyasət seçimlərinin əsasını dini
doktrinaların təşkil etməsi fikri çoxdan qəbul olunmuş bir düşüncədir və bu
dövlətlərin liderləri, çox güman ki, generallara və iqtisadçılara üz
tutduqları qədər İslam üləmaları ilə də tez-tez məsləhətləşirlər. Akademik
jurnallarda və qəzetlərdə bu mövzu ilə bağlı məqalələrin çoxluğu belə
suallar doğurur: Müsəlman dövlətləri qeyri-müsəlman dövlətlərindən fərqli
hərəkət edirlərmi? Müsəlman dövlətləri Qərb dövlətlərinin etibarlı
müttəfiqləri ola bilərlərmi?
İnsanlar fərd və ya qrup şəklində çox vaxt mənsub olduqları
mədəniyyətlərdən asılı hərəkət edirlər. Mədəniyyətlə dövlət siyasəti
arasındakı əlaqələrlə bağlı bir çox arqumentlər insanların düşüncə və
davranışlarını dövlətə sirayət etdirir. Ancaq insan elə bir unikal məxluqdur
ki, o, özünü qısqanclıq və qalib gəlmək arzusu kimi hisslərinə qurban verə
bilir. Dövlət isə fərdi insandan fərqli əsaslara dayanaraq qərar çıxarır və
yaxud qərar çıxararkən bu prosesdə iştirak edən bütün insanların
görüşlərinin məcmusuna əsaslanır. Bundan əlavə, bir çox hallarda dövlətin
hakim rejiminin yeritdiyi təhlükəsizlik strategiyası çoxluq təşkil edən əhalinin
mədəniyyətinin doğurduğu hisslərin tələblərindən fərqli olur. Məsələn,
Pakistan, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrdə əhalinin antiamerikan
əhval-ruhiyyəsiylə hakim elitaların yeritdiyi, mahiyyətcə amerikanpərəst
siyasətlər arasında dərin bir uçurum var. Çünki bu ölkələr öz ordu
quruculuğu və təhlükəsizlik sistemlərini ABŞ-la sıx əməkdaşlıq əsasında
inkişaf etdirirlər. Ölkə əhalisinin mədəniyyətiylə bu ölkələri idarə
edənlərin yeritdiyi xarici siyasətlər çox vaxt bir-birinə uyğun gəlmir.
Xarici siyasətin formalaşmasında mədəniyyət amilinin həlledici rolu ilə
bağlı fikirlər həqiqət olardısa, İran İslam Respublikasının da daxil olduğu
Xəzər regionu bu postulatı təsdiqləyən sanballı dəlillər təqdim edə bilərdi.
Sovet İttifaqının dağılmasından sonrakı dövrdə region ölkələrinin xarici
siyasətlərinin təhlili buradakı müsəlman dövlətlərinin xarici siyasət
seçimlərinin təşəkkülündə İslam dininin rolunu aydın üzə çıxara bilər. İran
da daxil olmaqla, regiondakı müsəlman dövlətləri ən vacib maddi maraqlarını
(təhlükəsizlik və rejimlərin qorunub saxlanılması) dini maraqlara sədaqətli
qalmaq prinsipi ilə uzlaşdıra bilirlərmi?
İran: İslam dini ilə siyasət oyunu
Nəzəri cəhətdən İran İslam Respublikası bir ölkənin xarici siyasətinə
İslam dininin xüsusi təsir göstərə bilməsinin bariz nümunəsi olmalıdır.
Çünki bu gün dünyada çox az dövlət tapılar ki, öz ideologiyasının rəsmi
qaydada mədəniyyətə, konkret halda isə dinə əsaslandığını bu qədər aydın
şəkildə bəyan etsin və dövlətin bir alət kimi bu ideologiyaya xidmət etdiyi
təsəvvürünü yaratmış olsun. Ancaq İranın Mərkəzi Asiyaya və Qafqaza
münasibətdə yeritdiyi siyasət və onun bu bölgələrdəki praktik fəaliyyəti
dövlətin bəyan etdiyi ideologiya ilə onun maddi maraqlarının diktə etdiyi
siyasət arasındakı uyğunsuzluğun ən bariz nümunəsi ola bilər.
Sovet İttifaqının süqutu və bunun ardınca İranla həmsərhəd olan, yaxud
onun yaxınlığında yerləşən altı müsəlman respublikasının müstəqillik əldə
etməsi öz mədəniyyət maraqlarının təsir dairəsini genişləndirdi və İslam
dini dəyərlərini ixrac edə bilməsi üçün İrana müəyyən imkanlar yaratdı. Eyni
zamanda, bu yeni dövlətlərdə İrandakı hakim rejimin stabilliyi üçün
potensial təhlükə törədə biləcək çağırışlar meydana çıxdı. Nəticədə İranın
Mərkəzi Asiya və Qafqaz ölkələrindəki siyasəti başlıca olaraq təhlükəsizlik
və iqtisadi əsaslar üzərində quruldu. İslamın təbliği və digər müsəlman
xalqlarının problemləriylə bağlı məsələlər Tehranın regiondakı fəaliyyətinin
yalnız çox az bir qismini təşkil etdi. Beləliklə, dövlətin maddi maraqları
"islam həmrəyliyi"nə dair öhdəliklərlə ziddiyyət təşkil etdiyi hallarda
Tehran həmişə təhlükəsizlik və iqtisadi mənfəətlərinə üstünlük verdi. Əlbəttə,
İran öz maddi dövlət maraqlarını təmin etmək üçün qonşu rejimlərə müqavimət
göstərmək və yaxud onları öz siyasətlərində dəyişikliklər etməyə zorlamaq
vasitəsi kimi mədəniyyət eyniliyindən tez-tez istifadə edir. O, rəsmi əlaqələrinin
zəif olduğu Özbəkistan və Azərbaycan kimi müsəlman ölkələrinə münasibətdə
radikal islamçılara və rejim əleyhdarı hərəkatlara rəvac verir, amma mövcud
rejimi Tehranla yaxşı əlaqələr quran Türkmənistan kimi dünyəvi ölkələrə
münasibətdə bu niyyətindən əl çəkir.
İran nümunəsi dövlətin öz siyasi qərarları barədə verdiyi ritorik
bəyanatlarla faktiki olaraq yeritdiyi siyasət arasında ciddi fərq olduğunu
aydın şəkildə əyani nümayiş etdirir. İran liderləri "islam həmrəyliyi" barədə
rəsmən geniş bəyanatlar versələr də, bu bəyanatlar Xəzər regionunda, xüsusilə
də İranın təhlükəsizliyinə və yaxud buradakı mövcud rejimin qorunub
saxlanılmasına təhdid törədə biləcək əngəllərin mövcud olduğu yerlərə
münasibətdə İranın xarici siyasət seçimində öz əksini tapmır.
Son on ildə Tehran Xəzər regionunda bir neçə xarici siyasət dilemması ilə
üzləşib. Üç regional münaqişədə Tehranın maddi maraqları ilə şəriət əsaslı
maraqları bir-birinə zidd olub: Dağlıq Qarabağ münaqişəsi (xristian
Ermənistanla şiə-müsəlman Azərbaycan qarşıdurması), Çeçen münaqişəsi (müsəlman
çeçenlərlə Moskva qarşıdurması) və Tacikistanda vətəndaş müharibəsi (Moskva
ilə qarşıdurmada Tacikistanın İslamçı Dirçəliş Partiyasının himayə edilməsi).
Hər hadisədə Tehran maddi dövlət maraqlarını elan etdiyi İslam
ideologiyasından üstün tutub, müsəlmanlarla deyil, qeyri-müsəlmanlarla əməkdaşlığa
üstünlük verib.
Bu üç məsələ ilə bağlı İranın yeritdiyi xarici siyasətdən ən çox
söz-söhbətə səbəb olanı onun Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı deyil,
Ermənistanı dəstəkləməsidir. Bu regionda əhalisinin əksəriyyəti
şiə-müsəlmanlardan ibarət yeganə ölkə olan Azərbaycan Ermənistanla müharibədə
ərazisinin 20 faizini itirib, əhalisinin təqribən onda biri qaçqın
vəziyyətinə düşüb. Azərbaycandakı müsəlman qardaşlarının halına dərindən
acımaqla bağlı verdiyi bəlağətli, ritorik bəyanatlara baxmayaraq, İran
Ermənistanla münasibətlərə açıq-aşkar böyük üstünlük verir. İran dövlətinin
təhlükəsizlik siyasəti Azərbaycanla Ermənistan arasındakı münaqişədə öz
istiqamətini dəyişir, çünki İran etnik cəhətdən çoxmillətli bir ölkədir.
İran əhalisinin yarısını qeyri-fars azlıqları təşkil edir. Əhalinin üçdə
birini təşkil edən azərbaycanlılar sayca ən böyük azlıq qrupudur. İranın
Azərbaycan Respublikası ilə həmsərhəd olan şimal-qərb əyalətlərində yerləşən
yaşayış məntəqələrinin əksəriyyətində azərbaycanlılar məskunlaşmışlar.
İranın bu regionda əsas məqsədlərindən biri İran Azərbaycanında muxtariyyət
tələblərinə və qeyri-sabitliyə, eləcə də bütövlükdə İrandakı azərbaycanlılar
arasında etnik əsasda baş qaldırmalara səbəb ola biləcək meyllərin qarşısını
almaqdır. Bu məqsədinə nail olmaq üçün İran Azərbaycanı qonşuluğundakı
xristian əsilli Ermənistanla müharibədə dəstəkləməməyi qərara alıb. İran
Bakının bu münaqişədə boğulmasını istəyir. Yerevanın və Dağlıq Qarabağ
ermənilərinin İrana sülh danışıqları prosesində iştirak etməyi təklif
etmələrini, Azərbaycanla Ermənistan sərhədində İran müşahidəçilərinin
yerləşdirilməsini istəmələri də daxil olmaqla, digər vasitəçilər arasında
Tehrana daha çox üstünlük verdiklərini ifadə etmələrinin İran tərəfindən
təkrar-təkrar yüksək qiymətləndirilməsi İranın Ermənistana ilıq münasibət
bəsləməsinin ən bariz əlamətlərindən biridir. Bunun əksinə, Azərbaycan
liderləri həmişə İranın danışıqlarda iştirakının əleyhinə olmuşlar.
Azərbaycanda həm rəsmi iqtidar, həm də müxalifət mətbuatı ardıcıl olaraq
Tehranı Yerevana yardım etməkdə günahlandırır. Azərbaycanlılar Şuşanın
işğalını və digər böyük itkilərini Tehranın ayağına yazır və məhz İranda
qondarma sülh sammiti keçirilərkən Şuşaya hücum edildiyini xüsusi
vurğulayırlar. Tehranın Xəzər regionuna münasibətdə yeritdiyi siyasət bir
ölkənin xarici siyasətində monolit təsəvvürün əksinə olaraq bir-birindən
fərqli, müxtəlif fikirlərin formalaşmasına, qərarçıxarma prosesində geniş
plüralizmə yol verilməsinə yaxşı nümunə ola bilər (Bu isə ehkamçı xarici
siyasət yeridilməsinə ciddi əngəl törədir). İran mətbuatı xarici siyasətlə
bağlı diskussiyalarla doludur, xarici siyasət məsələləri tez-tez İran
parlamentində - Məclisdə açıq müzakirə edilir. Xarici İşlər Nazirliyi İranın
maddi dövlət maraqlarının inkişaf etdirilməsində getdikcə daha çox rol
oynayır. Bunun əksinə olaraq sərt xətt tərəfdarları Tehranın bütün dünyada
İslam dininin liderinə və ölkə hüdudlarından kənardakı din qardaşları ilə
həmrəyliyin carçısına çevrilməsini arzulayır və Xarici İşlər Nazirliyinin
yeritdiyi siyasəti, xüsusilə də İranın "Cumhuriye-İslami" qəzetində, tez-tez
tənqid atəşinə tuturlar.
Xəzər hövzəsində münaqişə
və əməkdaşlıq
Qafqaz və Mərkəzi Asiyadan danışarkən bu dövlətlərin xarici siyasətlərinə
təsir mənbələrinin və regiondakı münaqişələrin başlıca səbəblərinin izahında
çox zaman tarixi irsə və mədəniyyət fərqliliklərinə (müsəlmanlar və
xristianlar) ağırlıq verirlər. Dövlətin inkişaf etdirdiyi və əhalinin
birliyini təmin etmək üçün istifadə etdiyi tarixi faktlar və əfsanələr
gündəm məsələsi kimi çox zaman ölkə daxilindəki müxtəlif müasir siyasi
qüvvələr tərəfindən formalaşdırılır: məsələn, qonşunu düşmən kimi qələmə verə
bilən tarixi hadisələr əhalinin mütəşəkkilliyini gücləndirir. Ancaq tarix və
ya "keçmiş nifrət" münaqişə törənməsini diktə edə bilməz.
Sovetlərin süqutunun ilk dövrlərində Türkiyə Ermənistan və Azərbaycana
qarşı tarazlaşdırılmış siyasət yürütməyə cəhd göstərirdi. Yalnız Azərbaycan
Dağlıq Qarabağda ciddi məğlubiyyətlərə uğradıqdan və yüz minlərlə
azərbaycanlı qaçqın vəziyyətinə düşdükdən sonra Ankara Bakının tərəfini
saxlayan məhdud addımlar atdı. Türk hökuməti Dağlıq Qarabağ məsələsi
Türkiyədə siyasi baxımdan ciddi faktora çevriləndə öz siyasətində bu
dəyişikliyə yol verdi. Bu anlamda, yəni siyasi elita ölkə daxilində geniş
miqyasda coşan hissləri cavablandırmaq məcburiyyətində qalanda mədəniyyət
amili xarici siyasətə təsir göstərir. Adətən dövlətin təhlükəsizliyinə və
onun qorunub saxlanılmasına üstünlük verən dövlət elitasının yeritdiyi
siyasətlə geniş ictimaiyyətin mədəniyyət eyniliyi ilə motivasiya edilən
maraqları arasındakı boşluğun mövcudluğu dövlətin mədəniyyət eyniliyi ilə
bağlı maraqlarını maddi maraqlarına tabe etdiyini göstərir.
Müşahidəçilərin də bir çoxu Xəzər regionunda münaqişələrin meydana
gəlməsində dini fərqliliklərin əsas rol oynadığına inanır. Buna baxmayaraq,
Azərbaycan qonşu Çeçenistandakı dindaşlarına daha az yardım göstərir; bunun
əksinə olaraq Gürcüstan xristianları Rusiyadan ayrılmaq istəyən çeçenlərə
Moskva ilə ümumi qarşıdurma əsasında daha çox dəstək verdilər. Bəzi
analitiklər bu qənaətdədirlər ki, müsəlman Azərbaycanla xristian Ermənistan
arasında Dağlıq Qarabağ anklavı üstündə münaqişə dini fərqliliklər
səbəbindən baş vermişdir. Ancaq dini ritorika bu münaqişənin meydana
çıxmasında və alovlanmasında heç bir rol oynamayıb: praktiki olaraq
Azərbaycan tərəfindən digər müsəlman ölkələri və qonşuları arasında heç bir
səfərbərlik işi aparılmayıb və hər iki tərəfin dini liderləri iki dünyəvi
xalq arasında baş verən bu münaqişəni dayandırmağa çalışıblar.
Belə bir fikir də söylənilir ki, ittifaq və koalisiyaların yaradılmasında
mədəniyyət ümumiliyi əsas rol oynayır, mədəniyyət fərqlilikləri isə əməkdaşlığa
əngəl törədir. Postsovet dövründə Xəzər regionunda meydana çıxan ittifaqlar
və əməkdaşlıq faktları bu qənaətlə ziddiyyət təşkil edir. Gördüyümüz kimi,
İran Azərbaycanın ziyanına Ermənistanla gözəl əməkdaşlıq əlaqələri saxlayır,
halbuki Azərbaycanın da əhalisinin əksər hissəsi, İrandakı kimi, müsəlman
şiələrdən ibarətdir. Bundan əlavə, Türkiyə ilə Azərbaycan həm dini, həm də
etnik cəhətdən eyni əhaliyə malik olsalar da, Türkiyə dövləti hərbi sahədə
Gürcüstanla daha sıx əməkdaşlıq edir.
Xarici siyasətin izah olunmasında mədəniyyət amilinə üstünlük verən
analitiklər çox vaxt Rusiya ilə Ermənistan arasındakı yaxın əlaqələri misal
gətirirlər: onlar bu ölkələrin hər ikisinin ortodoks xristian kilsəsini
paylaşdıqlarını qeyd edirlər. Bəs onda Rusiya ilə Gürcüstan arasında
münasibətlərin gərginliyini nəylə izah etmək olar? Axı bu halda da hər iki
ölkə ortodoks xristian kilsəsinə tapınır?! Əslində xarici ölkələr yalnız
təhlükəsizlik prinsiplərinə əsaslanan ittifaq seçiminə görə mədəniyyət
baxımından kateqoriyalaşdırıla bilər. Bunun əksi isə heç cür mümkün deyil.
Bu müddəanın doğruluğunu əyani nümayiş etdirmək üçün siyasət alimi Douq Blum
Avropa Şurasına, Qərbin digər siyasi və iqtisadi qurumlarına daxil ola
bilmək üçün seçkilər keçirən və demokratik ritualları yerinə yetirən Mərkəzi
Asiya və Qafqaz ölkələrini misal gətirir. Bundan əlavə, belə bir fikirlə də
razılaşmaq olar ki, Səudiyyə Ərəbistanı və Küveytdə, hətta Əfqanıstanda
müxtəlif rejimlər tərəfindən əhaliyə qarşı törədilən əməllərə bənzər bir çox
fəaliyyətlərə yol verilməsinə baxmayaraq, ABŞ-ın bu ölkələri daha az şeytan
qiyafəsində göstərməsi strateji müttəfiqlərin məmnun edilməsində
mədəniyyətdən istifadə olunmasının bir nümunəsidir. Ancaq Vaşinqton 11
sentyabr hadisələrinə cavab olaraq gördüyü tədbirlərlə əlaqədar Səudiyyə Ərəbistanının
loyallığını sorğu-suala tutmağa başlayan kimi qəflətən bu ölkədəki rejimə və
mədəniyyət fərqliliklərinə qarşı hücumlar daha aşkar və doğru xarakter aldı.
İslam dini
haralarda rol oynaya bilər?
Xəzər hövzəsi ölkələrində meydana çıxan xarici siyasətlər, qurulan
ittifaqlar, eləcə də ideologiyaya daha çox və daha açıq şəkildə üstünlük
verən, digər dövlət maraqları hesabına mədəniyyət maraqlarını ilk növbədə
genişləndirməyə çalışan dövlətlərin beynəlxalq sistemdə uğursuzluğa düçar
olması mədəniyyət arqumentinə münasibətin nəzərəçarpacaq dərəcədə dəyişməsinə
səbəb olmuşdur. Buna baxmayaraq, mədəniyyət hər hansı bir rejimin öz ömrünü
davam etdirməsi ilə bağlı maddi maraqlarına uyğun gələ, həmin rejimin öz
mahiyyəti mədəniyyətin təsirindən asılı da ola bilər. İslam dini də, çox
güman ki, xarici siyasət proseslərinin güclü daxili və fərdi təsirlərdən
asılı olduğu bir şəraitdə xarici siyasətə təsir göstərə bilər. Beləliklə,
Tehran öz xarici siyasət kurslarını hətta onlar rejimin legitimliyini
qoruyub saxlamaq doktrinası ilə bir yerə sığmayanda belə "islamçı" kurs kimi
təqdim etməkdə davam edəcək.
Hökumətlərin əksəriyyəti öz siyasətlərini mədəniyyət terminləriylə izah
etməyə və onlara bu yolla haqq qazandırmağa çalışırlar. Öz siyasi
legitimliklərini gücləndirmək üçün hökumət rəsmiləri öz siyasi seçimlərinin
arxasında məhz dövlətin qüdrətinin yüksəldilməsinin, yaxud dövlətin və ya
hakim elitanın iqtisadi gücünün artırılması durduğunu çox nadir hallarda
bəyan edirlər. Əksinə, siyasi seçimlər adətən "Allahın iradəsi" kimi uydurma
məqsədlərə xidmət edən, "tarixi əlaqələri" davam etdirən bir şey kimi,
xaricdəki qardaşların müdafiəsi, insan hüquqlarının qorunması və yaxud
inkişafın gücləndirilməsiylə izah edilir. Son nəticədə biz ölkənin xarici
siyasətini onun bəlağətli bəyanlarına görə deyil, faktiki əməllərinə görə
təhlil etməliyik.
Müsəlman ölkələrinin xarici siyasətlərini təhlil edən araşdırmaçılar bu
qənaətə üstünlük verirlər ki, rəsmi (formal) dini mətnlər dövlətin
siyasətinin bələdçisi rolunu oynayır və hətta bir mədəniyyət qrupu daxilində
mətnlərin müxtəlif cür şərh olunmasına və seçilməsinə təsir göstərən
reallıqlar kompleksini inkar edirlər. Hər hansı bir siyasət təhlilçisinin
Almaniya və ya Rusiyanın yeridəcəyi siyasəti qabaqcadan anlamaq üçün İncilə
və yaxud İsrailin növbəti addımını anlamaq üçün Tövrata baş vurmasını
qeyri-adi, əcaib bir şey kimi qarşılaya biləcəyimiz halda, müsəlman
dövlətlərinin siyasətlərini təhlil edərkən bu nəticəyə gəlirik ki, Qurandakı
dini öyüdlər bu ölkələrin siyasətlərinin əsasını təşkil edir və bu mətnlərin
şərhində guya möhkəm konsensus mövcuddur. "Quran bu və ya digər xarici
siyasət məsələsi haqqında nə deyir" sualını vermək əvəzinə biz əslində "Quran
bu və ya digər spesifik xarici siyasət prosesinin formalaşmasına uyğun
gəlirmi" və yaxud "Spesifik müsəlman ölkəsində qərarçıxarma proseslərində
İslam rol oynayırmı, oynayırsa, hansı rolu oynayır" suallarını verməliyik.
Digər tərəfdən, mədəniyyətin xarici siyasətə təsiri təhlil edilərkən
mətnlə aktual siyasi davranış arasındakı boşluq nəzərə alınmalıdır (Samson əfsanəsinə
bir daha qayıdaraq onu da xatırladaq ki, o, məzlumcasına Allaha yalvardığı
gündən əvvəlki gecəni fahişə ilə keçirmişdi). Bundan əlavə, siyasət atını
heç də həmişə dini mətn təkbaşına minib çapmır, çünki dini mətnlər və
doktrinaların bir-biriylə rəqabətə girən çoxlu şərhləri ola bilər. Digər
tərəfdən, dövlətlərin xarici siyasətlərində mədəniyyətin vacib rol oynaması
fikriylə razılaşanlar özlərindən bunun hansı mədəniyyət olduğunu
soruşmalıdılar, çünki qruplar müxtəlif mədəniyyət eyniliklərinə (etnik,
dövlət, ideoloji, dini) sahibdirlər: bu səbəbdən biz müsəlman ölkələri ilə
bağlı belə bir nəticə çıxara bilmərik ki, İslam dini eyniliyi bu ölkələrin əhalisinin
başlıca kollektiv eyniliyini təşkil edir və bu səbəbdən də məhz yalnız həmin
eynilik xarici siyasətə təsir göstərə bilər.
Dövlətin siyasi seçimləri arxasında dayanan başlıca gücün mədəniyyət
olduğunu təsdiqləmək üçün biz gərək mədəniyyət əsaslı məqsədlərin dövlətin
və yaxud hakim elitanın maddi əsaslı məqsədləriylə toqquşması hallarını eyni
məxrəcə gətirmək qüdrətinə malik olaq və mədəniyyət əsaslı məqsədlərin məhv
etdiklərinin məsuliyyətini öz üzərimizə götürək. Əgər İslam dini müsəlman
ölkələrində hər şeyi müəyyənləşdirən əsas gücdürsə, onda bu dövlətlər
haçansa öz dini inanclarını inkişaf etdirmək naminə ciddi maddi qurbanlar
vermək və öz təhlükəsizliklərini riskə atmaq istəyəcəklər. Ancaq Xəzər
regionundakı müsəlman dövlətlərinə münasibətdə bu müddəa özünü
doğrultmayacaq.
İngiliscədən Tehran Vəliyev tərcümə edib
525-ci qazet
|
|