RUZNAMƏMİZİN DİLİ

S. C. Pişəvəri

Azərbaycan Demoqrat Firqəsi'inin Mərkəzi Orqanı

AZƏRBAYCAN qəzeti, Nömrə 2

14 Şəhrivər, 1324 Hicri Şəmsi

 

       Ruznaməmiz Azərbaycan Dili'nə artıq əhəmmiyyət verəcəkdir. Dilimiz duşmənlərin boş iddialarına baxmayaraq çox geniş və qəni bir dildir. Onun rişəsi xalqımızın qanında və ürəyindədir.

       Biz onu ana südü ilə əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüs etmişik. Ona tovhin edənlər, onu təhmili və məsno'i göstərmək istiyənlər bizim həqiqi duşmənlərimizdir.

       Çox xayin və əcnəbi ünsürlər qərnlər ilə bu gözəl dili ortadan qaldırmağa çalişmişlar. Onun tərəqqisinə və yaşamasına mane' olmaq məqsədiylə məxsusən ən qəddar azadıq düşməni olan Riza Xan dövləti, var quvvəsini sərf etmişdir. Bununla belə, o sarsılmaz və möhkəm bir halda xalqın içərisində baqi qalıb öz məqamını saxlamiş, bu vasitə ilə mədəni və mütərəqqi bir dil olduğu isbatə yetişmişdir.

       Azərbaycan Dili deymi bir dil deyildir. Onun böyük xalq, geniş cəmaət quvvəsi kimi, arxası vardır. Dilimiz xalqın yaratdığı dastanlar, zərb-i l-məsəllər, hikayə və nəğillər vasitəsiylə dünyanın ən böyük dilləri ilə rəqabət edəbilər. Şairlərimiz, ədiblerimiz bu dil vasitəsi ilə öz ehsasatlarını və öz hünər və sənətlərini vucudə gətirib xalqın nəzərini cəlb edəbilərlər.

       Bizim vəzifəmiz onu gənişləndirmək, onu muasir hala salmaq, onun gözəlliklərini incəliklərini hissiyatını toz torpaq arasından çixarıb və ali bir zərf içərisində xalqa təqdim etməkdən ibarətdir.

       Azərbaycan Dili o qədər quvvətli və onun sərf və nəhv qaydaları o qədər möhkəm və tebiidir ki, hətta onun içinə varid edilmiş Fars və Ərəb kələmələri ixrac edilsə belə onunla böyük fikirləri, ali məqsədləri yazıb şərh vermək mümkündür. Lakin biz xalqın este'dadını nəzərdə tutub bu işi nagəhani bir surətdə görməyə ehtiyac hiss etmirik.

       Əqidəmizə görə yazı gərək xalqın danışdığı və anladığı bir şivədə idamə tapsın. Məqsədimiz ədəbi musabiqə deyil. Xalqı başa salmaq, ona həqiqəti aşkar bir surətdə göstərməkdir. O cəhətdən biz xalq tərəfindən qəbul edilib este'mal olunan Ərəb və Fars kələmələrinin muvəqqəti olsa belə saxlamaq luzumunu inkar etmirik. Lakin onlari öz dilimizin qaydlarına tətbiq edib ahənginə uyqun bir hala gətirməliyik.

       Dünyada bir dil tapılmaz ki, o tamamiylə müstəqil olsun və qonşu dillərin tə'sirinə düşməsin. Bizim Azərbaycan Dili də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnebi dillərin tə'sirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox biganə kələmələr xalqımızın ağzına düşmüş, murur-i zaman ilə milliləşmişdir. Biz dilin təkamulunu nəzərdə tutub o kələmələrdən istifadə etmeəyi lazim bilirik. Lakin bundan su-i istifadə edib dil və yazını qəlizləşdirmək, vəhşi və mə'nasi anlaşılmaz kələmələri hesaba qatmağa ciddən muxalifət etməliyik.

       Azərbaycan yazıçıları qəbul etdikləri bir çətin ve ağır vəzifəni iman və əqide ilə ifa etməklə dilimizin gözəlliyini və onun tərəqqi və təkamulunu tə'min edəcəklərinə bizim ciddi imanımız vardır.