"AZƏRBAYCAN QADINLARI" ENSİKLOPEDİK TOPLUSUNUN II KİTABI NƏŞR OLUNDU

 Bu kitabda ölkənin 500 tanınmış qadını haqqında məlumat verilir

AİDA / AYNA

"Azərbaycan qadınları" ensiklopedik toplusunun ikinci kitabı işıq üzü gördü. Bu münasibətlə "Azərbaycan" mehmanxanasının "Taverna" restoranında "Mir jenşinı" - "Qadın dünyası" qəzeti redaksiyası tərəfindən hazırlanmış bu ensiklopedik toplunun və onun baş redaktoru Lalə Nikbinin bəstələdiyi mahnıların və bu günlərdə işıq üzü görmüş rusca ilk şerlər və hekayələr toplusunun ("Duymaq istəyirəm") təqdimatı keçirildi.
Gecənin açılışı Azərbaycanın himninin oxunuşu ilə başlandı. Aparıcılar Firuzə Nadir və Vüqar İmanov "Azərbaycan qadınları" kitabı haqqında məlumat verdikdən sonra bədii hissə başlandı. Sənət ustaları: Niyaməddin Musayev, Fidan Hacıyeva, Elmira Ələkbərzadə, Almaz Ələsgərzadə iştirak etdilər. Milli Məclisin üzvü Asya Manafova, şairə Xuraman Vəfa, filoloq-alim Leyla Gərayzadə və başqaları L.Abbasovanın bu ensiklopedik topluları işıq üzünə çıxarmaqla mədəniyyətimiz qarşısında nə qədər mühüm bir xidmət göstərdiyini söylədilər. Mərasimin müxtəlif telekanallar tərəfindən çəkilişlərinin aparılması da bu faktın diqqəti cəlb etdiyini göstərirdi.
Xatırladaq ki, keçən il bu ensiklopedik toplunun I kitabı çapdan çıxmışdı. Türkiyədə çap olunmuş bu toplunun poliqrafik səviyyəsi çox yüksəkdir, ilk səhifələrində Azərbaycan tarixində rol oynamış qadınlarımız haqqında məlumat verilir, sonra isə Azərbaycanda yaşayan və elmin, incəsənətin, ictimai həyatın müxtəlif sahələrində yüksəlmiş və fərqlənmiş qadınlar barəsində Azərbaycan, rus və ingilis dilində məlumat verilir. Lalə Abbasova dedi: "Məqsədim Azərbaycan qadınlarını bütün dünyaya tanıtmaqdır. Axı bizim çox qeyri-adi qadınlarımız var, onların bir çox müsbət cəhətləri var".
I kitab baş redaktorun təşəbbüsü ilə dünyanın bir çox ölkələrinə göndərilib. Bu kitablar Azərbaycan haqqında təsəvvürü olmayanlar və ya yanlış təsəvvürü olanlar üçün xalqımız və ölkəmiz barədə yaxşı tanışlıqdır. Kitabların bir hissəsi Bakıda yerləşən səfirliklər vasitəsilə, bir hissəsi də Xarici İşlər Nazirliyinin köməyi ilə bir çox ölkələrin birinci xanımlarına hədiyyə olaraq göndərilib.
Bu vacib işə cavab olaraq bir neçə ölkədən - Polşa prezidentinin xanımı İolanta Kvasnevska, İspaniya kraliçasından, Quzey Kıbrısdan, Avstriyadan və başqa ölkələrdən minnətdarlıq məktubları gəlmişdir.
II kitabın məzmun tərtibində bir az dəyişikliklər var. Bu kitabda elmlər namizədləri, doktorları, əməkdar pedaqoqlar, həkimlər, qadınlarla birlikdə həyatda böyük nailiyyətlər əldə etmiş övladlar böyütmüş çoxuşaqlı analar da var.
Kitablar Azərbaycanın bayrağı rəngində - I kitab - qırmızı, II kitab - göy, III kitab - yaşıl rəngdə olacaq.
İxtisasca jurnalist olan L.Abbasovanın musiqi istedadı isə, əlbəttə, ayrıca söhbət mövzusudur. Hər halda, onun musiqi təhsili mahnı yaradıcılığı ilə məşğul olmağa imkan verir və bu gün Lalə Abbasovanın bəstələdiyi mahnılar E.Ələkbərzadə, N.Qasımova, A.Ələsgərzadə, F.Kərimova tərəfindən ifa olunur və yaxşı qarşılanır. Gecədə həmin mahnıların bir neçəsi səsləndi. "Duymaq istəyirəm" adını verdiyi şerlər və hekayələr toplusu da yaxşı qarşılandı.