|
Fars dilində danış
Bakıya təzə gəlmişdik. Bundan öncə təxminən altı ay Abşeron yarımadasının Zaqulba qəsəbəsində qapalı şəraitdə yaşasaq da, Azərbaycan Sovet Sosialist Respublikasının siyasi, ictimai həyatı və məişət işləri ilə azdan-çoxdan tanış olmuşduq. Azərbaycan dövlət və partiya rəhbərlərindən bir neçəsini tanıyırdıq. İndi artıq vaxtilə mənim üçün əlçatmaz ulduzlar qədər uzaq olan Bakıdayam. Evdən səhər tezdən çıxıb gecə yarısı qayıdıram. Teatr tamaşaları, konsertlər, ana dilində məktəblər, Elmlər Akademiyası və başqa elimi, mədəni ocaqları axtarıb tapır, hələlik seyrinə dalırdım. Bir gün, günorta çağı evə qayıdanda yolumun üstə Qədiri gördüm. Dedi: Səməd 50-ci binaya getmə. Arvadlar seni axtarır. Dedim: Nə olub ki. Dedi: Nə olmalıdır, suyu açıq qoyumsan 6-cı mərtəbədən üzü aşağı hamının evini su basıb . Bakının bəzi məhəllələrində suyu növbə ilə verirdilər. Suyu açırdıq, gəlmirdi. Kranı yenidən bağlamağı unudurduq. Sonra su gələndə evdə adam olmadığından aşıb-daşırdı. Binanın balkonlarına baxdım, gördüm hamı maşın cücəsi kimi bir-birinə oxşar islanmış kilimini balkondan asıb. 50-ci binaya yaxınlaşmağa üzüm gəlməsə də ora getməyə məcbur idim. O gün oraya dövlət tərəfindən bizi işə düzəltmək üçün adamlar gələcəkdi. Arvadların üzünə baxa bilməsəm də ora getməli idim. İnsafən heç kim baş verən hadisəni üzümə vurmadı. Evləri, paltar-palazları islansa da bir kəlmə belə kəsmədilər. Yalnız sonralar iclaslarda və ümumi toplantılarda oturanda, yarı zarafat, yarı ciddi belə bir yazı alırdım: Suyu bağamısanmı ?. Bizi işə düzəltmək istəyən dövlət, partiya və Qızıl Aypara Cəmiyyətinin adamları artıq 50-ci binada idi. İşə düzəlmək istəyən yoldaşlar bir-bir onların oturduğu kabinetə keçirdi. Növbə mənə çatdı. İçəri keçdim salam verdim, hamısı ilə görüşüb oturdum. Orada Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Nəsirov, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Əhmədov, İran Xalq Fədailəri Əksəriyyət təşkilatının nümayəndəsi Əsəd və tərcüməçi kimi Həmid oturmuşdu. Üzümü Əhmədova tutub söhbətə başlayan kimi, Əsəd mənim sözümü kəsib dedi : Yoldaş Səməd zəhmət olmasa fars dilində danışın. Dedim: Axı bu yoldaşlar farsca bilmir ki. Əsəd dedi : Sən nə demək istədiyini farsca yoldaş Həmidə de. Həmid yoldaş sənin sözlərini bunlara tərcümə edər. Mən Həmidə baxdım. Həmid dinmədi. Sonra Əsəddən soruşdum : Nədən mən farsca danışmalıyam ? Əhmədov artıq vəziyyətin gərginləşdiyini duyaraq işə qarışdı və Əsədə işarə edərək məndən soruşdu : Bu yoldaş sənə nə deyir ? Dedim bu yoldaş özü farsdır mənə deyir səndə farsca danış. Əhmədov üzünü Əsədə tutaraq dedi : Əşi, bu Həmiddən yaxşı danışır ki, niyə qoymursan danışsın ? Deyirəm axı bayaqdan hamı
farsca danışır, mən bunların çoxunu tanıyıram. Onların bəzisi Azərbaycan dilində
bu tərcüməçidən təmiz danışır. Amma burda farsca danışdılar, bu, Həmid də
tərcümə etdi. Deməli bunlar sizə burada da öz dilinizdə danışmağa icazə
vermirlər. Mən : Bunların icazəsi mənə lazım deyil deyərək, Əhmədovla söhbətə başladım. Əhmədovla Nəsirov mənimlə işdən, gücdən və bir az da irandakı vəziyyətdən danışdılar. Söhbətimiz uzun çəkdi. Əsəd qıp-qırmızı olmuşdu və əməlli başlı pörtmüşdü. Tərcüməçi Həmid də onu saymırdı və onun təkidinə baxmayaraq mənim dediklərimi ona tərcümə etmirdi. Görüşün sonunda Əhmədov məndən soruşdu : Bu İran təşkilatlarının hamısı bu gündədir ?
Səməd Niknam 2006-07-05
|
||
|
SON
1353-cü ( 1975) ildə orta məktəbdə 6-cı sinif şagirdi idim. Ərdəbilin Pars kinoteatrında Azərbaycan Sovet Sosialist Respublikasında çəkilmiş Qaçaq Nəbi filmini göstərirdilər. Fars dilinə dublyaj edilmiş film, qurtarandan sonra axırda belə bir söz yazıldı SON . Mən o sözü höccələyərək tez oxudum. Anladım ki, film bitdi deməkdir. Öz dilimizdə kinoteatrda bir yazı gördüm. Elə bil ürəyimdə bir qığılcım əmələ gəldi. Bu söz gördüyüm kimi beynimə həkk oldu. Onu dəfələrlə təkrar etdim, yazdım. Bu bir kəlmə söz kinoteatrda gördüyüm filmin bütün təəssüratını üstələdi. Özüm də bilmədən bu sözün və onun yazılışının heyrətinə daldım. Fikirləşdim ki, deməli bizim dildə filim də çəkilir, yazı da yazılır, yəqin ki, məktəblərdə dərs də oxuyurlar. Evə gələn kimi yazılışı və görkəmi beynimə hopmuş SON sözünü gördüyüm kimi dəftərimə köçürtdüm. Bir neçə dəfə yazdım, təkrarladım. Sözə baxıb, öz-özümə təkrar etdim SON, SON. Beləliklə bu SON sözü dilimizi öyrənməkdə mənim üçün bir başlanğıc oldu. Soraqlaşdım, vaxtilə Quzey Azərbaycandan kəndimizə köçmüş və Quzey Azərbaycanda az-çox dərs oxumuş yaşlı adamları tapdım. Abbas adlı bir baqqal kişi vardı, ondan və başqalarından Sovet Azərbaycanında oxuduqları və hələ də öz əməllərini onunla aşırdıqları əlifbanı öyrəndim. Sonra Bakı radiosunun imla yazma proqramına qatıldım. Hər gün radiodan aktual xəbərləri imla kimi deyirdilər. Oradan eşitdiyim və yazdığım sözlər və cümlələr indi də olduğu kimi yaddaşıma həkk olub. Dilimizin yazıb oxumasına davam etdim. İnqilab oldu. Pəhləvilər devrildi. Azərbaycanda və Tehranda Türk dilində çoxsaylı qəzetlər çıxdı.
Bir gün o qəzetlərin birində Ayətullah Meşginlidən bir yazı oxudum. Ya yazı idi, ya müsahibə, dəqiq yadımda deyil. Hər halda yadımdadır ki, o sözlər Xübrələr Məclisinin sədri Ayətullah Meşginlidən idi. Ayətullah təxminən belə deyirdi : Dilimizə fars sözləri qatmayın, təmiz türk dilində yazmaq lazımdır . O vaxtdan mənim Ayətullah Meşginliyə hörmətim artdı. Elə o vaxt maraqlandım və öyrəndim ki, Ayətullah Meşginli Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Az sonra bu sözlər və mövzular unuduldu, vəziyyət dəyişdi. Mən də ölkəni tərk etməli oldum. 1984-cü ildə Sovet Azərbaycanında idim. Güney Azərbaycanın ləhcələrini öyrənmək üçün bir gün bizi Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna apardılar. Təbrizlilər, Zəncanlılar, Astaralılar və başqa şəhərdən olanlar danışdı, alimlər onları dinlədi və səslərini də yazdılar. Növbə mənə çatdı. Başladım danışmağa. Məni dinləyən dilçi alimlər təəccüblə bir-birinin üzünə baxdı. Biri məndən soruşdu : Oğlum sən haralısan ? Dedim Ərdəbildən. Onlar yenə bir-birinin üzünə baxıb gülümsədi. Onlardan biri getdi o biri şöbənin işçilərin çağırdı. Hamısı toplaşdı. Yenə məni dindirdilər. Sonra alimlərdən otağa təzə gəlmiş dilçilərdən soruşdu : sizcə bu haralı ola bilər ? Biri dedi Lənkəranlı, o biri dedi Bakılı, hərə bir yerin adın çəkdi. Məndən soruşdular dedim Ərdəbilədənəm. Hamısı təəccübləndi. Dilimizi haradan öyrəndiyimi soruşdular. Yuxarıda nağıl etdiyim SON söz macərasını danışdım. Adını unutduğum qocaman dilçi alim qayğı ilə və fikrə dalaraq dedi : Deməli harada yaşamaqdan asılı olmayaraq istəyəndə öyrənmək olur .
Səməd Niknam 2006-07-02
|
||
|
BEL
1984-cü il idi. Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı, Bakının 40 kilometrliyində, Xəzərin sahilində yerləşən Zaqulba istirahət evində yaşayırdıq. Zaqulba qapalı bir yer idi. Bizim oradan çıxmağa icazəmiz yox idi. Deyilənə görə, Sovet Hökumətinin banisi Lenin bir şənbə günü şalban daşıyib. Ondan sonra hər il həmən şənbə günü Sovet kommunistləri iməclik günü keçirir, ağac əkir, yer şumlayır, bel belləyir və bu kimi işlər görürlər. 84-cü il aprelin 22-si bizdə iməcliyə getdik. Hər kəs əlindən gələn bir işin qulpundan yapışdı. Kimisi ağac əkdi, kimisi yer şumladı, bel-bellədi. Bir neçə saat davam edən iməcilik bitdi və biz yaşadığımız evlərə qayıtdıq.
Mən, Həmidlə yer belləmişdik. Mən beli çiynimə qoymuşdum. Həmid isə əlində sallaya - sallaya gəlirdi. Birdən arxadan bizi kimsə çağırdı. Dönüb geri baxdıqda gördük Zaqulbanın məsulu Seyidağa müəllimdir. Dedim: Salam Seyidağa müəllim, nə buyururdun ? Dedi: Səninlə deyiləm. Bu Həmidlə işim var. Həmid tez irəli yürüdü və buyurun Seyidağa müəllim, dedi. Seyidağa müəllim üz-gözünü turşudaraq Həmidə dedi: Burda beli belə götürməzlər. Bura sənin üçün İran-zad deyil. Burası Sovet Hökumətidir. Burda beli bax belə götürərlər . Seyidağa müəllim beli Həmiddən alıb çiyninə qoyaraq, Sovet Hökumətində beli necə götürmək lazım olduğunu Həmidə və dolayısı ilə mənə göstərdi. Həmid mənə, mən Həmidə baxdım. İkimiz də dinməz-söyləməz Seyidağa müəllimə baxdıq. Seyidağa müəllim beli Həmidə qaytardı. Həmid dodaq altdan gülümsəyərək beli çiyninə qoydu. Biz Seyidağa müəllimdən ayrılıb yolumuza davam etdik. Biz bilirdik ki, Seyidağa müəllim arxadan bizi sezəcək və beli necə götürməyimizə fikir verəcək. Ona görə də göz altı bir-birimizə baxıb gülümsəsək də bir söz demədik. Bir azdan Həmid dedi : Bunlar bizə lap göz verib işıq vermirlər. Belə də iş olar beli belə götürmə elə götür. Beli necə götürməyin heç mətləbə dəxli var? . Dedim : Fikir vermə, qoca kişidir də vasvasılıq edir. Həmid dinmədi. Evə çatdıq ayrıldıq və hərəmiz öz qaldığımız binaya getdik. Sabahısı gün Həmid məni çağırdı. Əlində bir kitab var idi. Əlindəki kitabın bir səhifəsini açıb hazır saxlamışdı. Heç nə demədən məni həyətdə oturmuş Seyidağa müəllimin yanına apardı. Kitabın əlindəki səhifəsini açıb Seyidağa müəllimə göstərərək dedi : Seyidağa müəllim bu kitab Sovet Hökumətində çap olub. Görürsüz bu şəkildə adam beli dünən mən götürdüyüm kimi götürüb. Siz də deyirsiz ki, burda beli belə götürməzlər. Məni gülmək tutsa da özümü bir təhər saxladım. Çıxılmaz duruma düşən Seyidağa müəllim hirsləndi və cəhənnəm ol burdan fırıldaqçının biri fırıldaqçı, hələ mənə şəkil gətirir -deyərək Həmidin üstünə qışqırdı. Həmid mübahisə etmək fikrində olsa da, mən onu dartıb oradan uzaqlaşdırdım. Həmid dedi : Bütün gecəni yatmamışam. Sonra gedib kitabxananı ələk-vələk edib bu şəkli tapmışam. İstəyirdim buna göstərim ki, axı beli necə götürməyin nə əhəmiyyəti var. Bir neçə gündən sonra Həmid yoxa çıxdı. Bu günlərdə Almaniyada yaşayan dostum Maziyar ilə danışırdım. Dedi Həmidi gördüm. O vaxt onu İrana qaytarıblar. Sonra Almaniyaya gəlib. Hamınıza salamı var.
Səməd Niknam 2006-07-02
|
|
|
|
|
Materiallardan istifadə zamanı qaynağa istinad
vacibdir استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است |