Aşıq Ələsgər

 

GƏRAYLILAR

XOŞ GƏLDİN

Qədəm qoyub asta-asta,
Sən bu diyara, xoş gəldin!
Süzdürüb ala gözləri.
Qaşları qara, xoş gəldin!

Oğrun durub, qıya baxdın,
Müjganın sinəmə çaxdın,
Cismimi yandırıb yaxdın,
Alışdım nara, xoş gəldin!

Qaynayıb, peymanım dolub,
Saralıb gül rəngim solub,
Həsrətin çəkməkdən olub,
Sinəm sədpara, xoş gəldin!

Dostun vəfasını gördüm,
Seçib, sevib, könül verdim,
Təzələndi köhnə dərdim,
Dərdimə çara, xoş gəldin!

Sinəmdi eşqin dəftəri,
Sənsən dilimin əzbəri,
Yazıq Aşıq Ələsgəri,
Çəkməyə dara, xoş gəldin!

 

 

QOŞMALAR

EYLƏMİŞƏM

Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm,
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Səndən ayrı şad olmuram, gülmürəm,
Canımdan bezmişəm, ölə bilmirəm,
Nə müddətdi qulluğuna gəlmirəm;
Bağışla təqsirim, səf eyləmişəm.

Həsrət qoyma gözü gözə, amandı!
Yandı bağrım, döndü közə, amandı!
Keçən sözü çəkmə üzə, amandı!
Hədyan danışmışam, laf eyləmişəm,

İnsafdımı, gülə həmdəm xar ola?
Tülək tərlan ovlağında sar ola?
Ələsgər istəyir bir bazar ola,
Seçmişəm gövhəri, saf eyləmişəm.

 

 

TƏCNİSLƏR

 

AY SİNƏ, SİNƏ

İbtida "əlif"dən dərsimi aldım,
Oxudum yetişdim ay "sin"ə, "sin"ə.
Nəkreyin sualın yadıma saldım,
Nə deyim gedəndə ay sinə, sinə?

Ovsunçular əllərinə mar alı,
Zənbur fəmə şaqayıqdan mar alı,
Kamil ovçu yəqin görüb maralı,
Gedir bərəsinə ay sinə-sinə.

Ələsgərəm, sənə ərzim budu, ağa,
Yuyar qəssal, qəddim bükər budu, ağa.
Məcnun könlüm-məskən salıb bu dağa,
Müştaqdı Leylinin ay sinəsinə.

 

 

 

 

DİVANİLƏR


 

YÜKÜM

Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm,
Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm.

Nütfəsindən əyri olan tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz qıymatın,
Əhli-urfan məclisində gövhər misaldı yüküm.

Gəl ey biçarə Ələsgər, sığın şahi-Heydara,
Onun damənindən tutan yəqin ki, yanmaz nara.
Pirim özü nüsrət verdi, bu gün çıxdım bazara,
Sərrafısan, aç baxgınan, gör nə cəlaldı yüküm.

 

 

 

MÜXƏMMƏSLƏR

 

BAXIN

Ariflər, fəhm eləyin, süzüb gedən yara baxın!
Eyləyib müjganları sinəmi səd para, baxın!
Aşığa rəhm eləmir, zalım sitəmkara baxın!
Çəkirəm həsrətini, mən yazıq bimara baxın!
Axır məni çölə salıb, eləyib avara, baxın!

Yaraşır əndamına yaşılı, alı gözəlin;
Ayaqda sağrı başmaq, başında şalı gözəlin;
Tə`rifi, səs-sorağı tutub mahalı gözəlin;
Hər yana şö`lə salır günəş camalı gözəlin;
Açılıb yaxa bəndi, ağ sinəsi qara, baxın!

Alıbdı qana-qana yaradandı pay bu sənəm;
Behiştin pərisinə deyə bilməm tay bu sənəm;
Xubluqda, gözəllikdə bədirlənmiş ay bu sənəm;
Gah məndən üz döndərib, eylər ömrüm zay bu sənəm;
Tərlandan nə ayrılıb, uyur yasar sara, baxın!

Geyinib çıxır yenə, qəsd edir cana, sallanır;
Baş əymir o, sərdara, sultana, xana sallanır;
Bürümür gül camalın, mərdi-mərdana sallanır,
Yusifi damə salan Züleyxayana sallanır;
Görəni eşqə salan gözləri xumara baxın!

Bu gözəl ağ gərdənə həmayılın taxdı, keçdi;
Binəva, yazıq canımı eşq oduna yaxdı keçdi;
Daldadan mənə sarı oğrun-oğrun baxdı keçdi;
Naqafıl müjganların bu bağrıma çaxdı, keçdi;
Dostuna endirməyən zalım vəfadara baxın!

Danışır, gəlir xoşa bu dilbərin şəkər sözü;
Yaraşıqdı, boy-buxunda budu gözəllərin gözü
Gün kimi şö`lə verir, camalı, göyçək üzü,
Basıbdı sinəm üstə bimürüvvət yanar gözü,
Yandırır bu sinəmi, ol atəşə, nara baxın!

Tökülür halqa-halqa Gözəlin dəstə telləri;
Eyləyib Ələsgəri, billah ki, xəstə telləri;
Qıymır, bimürvət gözəl, vəfalı dosta telləri;
Qıvrılar qıvrım-qıvrım, gərdənin üstə telləri;
Az qalır adam çala, o zülfü şahmara baxın!