Vətən, Topraq, El-oba haqqında Bayatılar

 

Kəm baxtı sönən qərib

Qürbətdə ölən qərib

Bəxtəvər günə düşdü

Vətənə dönən qərib.

 

Əziziyəm dilən gəz,

Bağda gülə dilən gəz,

Qürbətdə xan olunca

Vətənində dilən gəz.

 

Yol vermə yada, Təbriz,

El gedər bada Təbriz,

Sənin həsrətindəyəm

Can sənə fəda Təbriz.

 

Bu elin adi nədir?

Dostu nə, yadı nədi?

Qürbət eldə bilmədim,

Ağzımın dadı nədı?

 

Payız qışdan əzəldi,

Yarpaq tökən xəzəldi,

Vətən viran da olsa,

O, cənnətdən gözəldi.

 

Gəmi gəldi, yan gəldi,

Içində bir can gəldi.

Vətən həsrəti çəkdim,

Gözlərimə qan gəldi.

 

Bu yoldan ötən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qürbət ölkə,

Ölməyə vətən yaxşı.

 

Bu yerlər tala yeri,

Bürc yeri, qala yeri,

Qiyamət o gün qopar,

El köçə qala yeri.

 

Yazı yaza bilmirəm,

Qara poza bilmirəm.

Vətən orda mən burda,

Ayrı dözə bilmirəm.

 

Su gəlsə sel bilərdim,

Meh, əssə, yel bilərdim,

Dağda bir oba salsan,

Mən səni el bilərdim.

 

Araqçını yan qoydum,

Içində biyan qoydum,

Yurduma kəc baxanın,

Yrəyinə qan qoydum.

 

Çuxamın ağı bizdən,

Belinin bağı bizdən,

Düşmən gəlib yurd salsa,

Alar xoş çağı bizdən.

 

Burada yolum oldu tən,

Varmı bu yoldan ötən,

Bu dünyada şirin şey,

Bir anadı, bir vətən.

 

Ağlayarlar, gülərlər,

Göz yaşını silərlər,

Keçən yurdun qədrini,

Düşən yurdda bilərlər.

 

Çən, duman düzə neylər?

Zülfün tök üzə neylər?

Ov bizim, ovlaq bizim,

Yad ovçu bizə neylər?

 

Dağ başında qara bax,

üstün alan sara bax,

Aləm cənnətə dönsə,

Mənə xoşdür qarabağ.

 

Durna sanınnan keçər,

Ötər, sanınnan keçər,

Iğid vətən yolunda

Ölər canından keçər.

 

>>> durna