Əziz Kərim

Ceyran

Ibrahimgilin evləri sıldırım qayaların başında idi. Qışda oraya at ya eşşəkdən savay heç nəylə qalxa bilməzdin. Ilin beş ayında onların kəndındənaşağı düşən tapılmazdı. Hamı öz işiylə məşğul olardı. Kimi xalı, corab toxuyur, kimi yun darayar, kimi sap əyirər, xülasə onlar isti soba yanında boş-bekar oturmaz, işlə məşğul olardılar.

Ibrahim evin ən kiçiyi idi. Yə’ni nənə və babbadan, ata və anadan sonra Ibrahim gəlirdi. Ibrahim özü də görərdi ki, evin bütün işi babasının əlilə başa gəlir.

Iki gün idi ki, qar ara vermişdi. Hara baxırdın qar dünyası görünürdü. Ibrahim heç kəsin xəbəri olmadan bayıra çıxıb donmuş qarın üstüylə bağa sarı getməyə başladı. Gördü ki, bir ceyran ağacların budaglarını gəmirir. Ibrahim sakit-sakit ceyrana yaxınlaşmağa başladı.

Ceyran heç nəyə fikir vermədən budaqları gəmirirdi. Ibrahimi görüb hoppana-hoppana qaçmağa başladı. O, bir də hoppanıb qabağa atılanda görünməz oldu. Ibrahim xeyli gözlədi. Ceyran çıxmadı. Lap yaxına gedib baxdı. Gördü üç-dörd metr dərinlikdə ceyran çabalayır. Sonra Ibrahimin yadına düşdü: "Axı bura kərpiç quyusudur. Buranı qazıb kərpiç kəsib ev tikmişdilər". Ibrahim həyəcanla evə qaçdı.

– Ceyran! Ceyran!

Hamı ona sarı baxdı. Ibrahim əlilə kərpiç quyunu göstərdi. Babası bir istədi ki, Ibrahimin üstünə qışqırsın ki, niyə tək bayıra çıxmısan, uşağı həyəcanlı görüb fikirndən daşındı.

- Nə ceyran, bala? –dedi.

- Orda! Orda!

- Harda?

- Kərpiç quyusunda.

Babası hər şeyi anladı. O, uzunboğaz çəkmələrini geyib, əlinə uzun bir kəndir alıb bayıra çıxdı. Ibrahimin ayaq izlərini tutub düz kərpiç quyusunun yanına gəldı. Gördü bir ana ceyran quyuya düşüb. Yazıq o qədər çapalayıb ki, qar üstünü örtüb. Əlindəki kəndirin bir ucunu ağaca bağlayıb kəndirdən tutaraq quyuya endi. Kəndırın obiri ucunu ceyranın belinə bağlayıb kəndirdən tuta-tuta bayıra çıxdı. Sonra da var gücü ilə ceyranı bayıra dartdı. Kəndiri azca saxlamaq lazım gəlirdi ki, baba onu dartıb ağaca sarı aparsın. Baba gözlərini o yan-buyana gəzdirdikdə Ibrahimi öz yanında gördü.

– Oğul, tut bu kəndiri, bax, bərk tut. Yoxsa, ceyran sürüşüb yenə quya düşər.

– Bərk tutmuşam baba, - dedi.

– Mən obiri ucunu dartıb ağaca bağlayım. Baba kəndiri açıb yenidən ağaca doladı. Sonra kəndiri dartıb ceyranı çıxartdı. Az qala ceyran donmuşdu. Baba onu tövləyə gətirib, üstünü sildi. Ceyranı palaza bürüdü. Xeyli keçəndən sonra o, başını qaldırdı. Ibrahim ona quru ot verdi. Ceyran əvvəl yemədi. Ibrahim bayıra keçıb qapını bağladı, qapının arasından ceyrana baxdı: Gördü ceyran yavaş-yavaş ot yeməyə başlayır. Bütün qışı Ibrahim ceyrana beləcə qulluq etdi. Yayda heyvanları bayıra buraxanda babası Ibrahimə dedi:

– Ceyran çöl heyvandır, bala, buraxaq getsin. Ibrahimdə razı oldu. Onlar ceyranı buraxdılar.

Ancaq vəfalı ceyran heç yerə getməyıb Ibrahimgilin həyətində qaldı.