Sona Sulduzlu

Çay qırağında

 

Imminin zamanında, xalq nə qədər təməddündən uzaq yaşasaydı da, içlərində insanlar tapılardı ki, camaatdan başqa cürə (sərbəst) yaşasınlar. Belə insanların olması Immini sevindirərdi. Bu insanlardan ikisi Qulam ilə Məryəm idi. Qulam əkinçilikdən başqa ovçuluğa da məşqul idi. O, sinninə görə şəsli-şəhamətli bir qoca idi. Xalqın dediyinə görə o iki rəkət namazdan başqa hər zadı bilərmiş. Misal üçün bir adam damın üstündən keçəndə, bilərmiş o qadındır ya kişi, qızdır ya gəlin. O, bilirdi xalq onun dalıycan nələr deyir, ancaq o, kimsəyə məhəl qoymayıb, öz yolunu gedərdi.

Günlərin bir günündə, Azan verən, Qulama namaz qılmıyanın cəzası nə olduğunu demişdi. Qulam gülə-gülə onun cavabında demişdi:

"Mən Allahımla öz dilimdə danışaram, istəsən deyim eşit! Mən ərəb dilini başa düşmərəm. Bəyə qarıxdım yalvarmaq yerinə söyüş verdim. Sizdən nə gizlin, siz mənim ağzımın pərtovluğunu bilirsinizki! "

Qulam çox mırtçıl kişi idi, onun yaşamı mutlu, rəftarı arvad-uşağıynan sadə-sevimli idi. Xalqın dediyinə (böhtanlarına) görə, o, pisi-yaxşını bilməziymiş, onun ağzına nə gəlsəymiş deyərmiş. Arvadıyla bağda-bostanda mırt vurarmış. Qulamın bu işləri Məryəmi də xalqın gözündən salmışdı. Məryəm 50 yaşında, ərindən beş-altı yaş cavan olsada ərindən yaşlıya oxşayardı. O, da bəxti (əri) tək deyib-gülən və həməşə gözü sürməli, başı xınalı bir qadın idi. Onların beş oğlu iki qızı var imiş. Cəmaat onları görəndə, deyəsən cinə dəmir görsədirsən. Yer qalmazdır ki xalq onların qeybətini eləməsin. Ancaq Qulamın ov ovlamağı və ondan qonşulara pay verməsi onların ağzını bağlamışdı, yoxsa çoxdan evləri oda çəkilmişdi.

Bu kənddə hamı bir-birinin yeməkdən tutub, yatmağ adətlərinəcən bilərdi. Olmazdı bir iş görəsən, gələn gün onun xəbəri kənddə yayılmasın. Buna görə də Immi dərdinin çoxunu ürəyində saxlardı. Immi istərdi biri ilə dərdi-dil eləyib, ürəyinin sözün desin. Ancaq xalqı yaxşı tanıdığına görə dərdini ürəyində saxlardı. O, inəkləri sağanda, ya da gecələr yatanda, o sözləri ki üyərini sıxardı, onlara fikir elərdi. Xalqına yanardı, uşaqlarına ağlardı, bəzən də keyfi çəkəndə onlara bayatı qoşardı.

("Dağlar başı susəni, könlüm istəyir səni, sənin könlün nar istər, mənin də könlüm səni.")

Xalqın enerjisi qeybətə-böhtana gedərdi. Bu kənddə lazım deyildi, birisi sözbaz olsun, və yada xalqın işlərindən xəbərdar olsun, yalnız bu kənddə yaşamaq yetərdi. Immi kəndin maması olduğuna görə başqa kənddilərdən daha çox xalqın adətini bilərdi. O, Məryəmin deyib-gülməyini çox sevərdi. Bu ər-arvadın zarafatı ona xoş gələrdi. Istərdi, öz ər-arvadlığı da bunlar kimi olsun, ancaq neyləsin, onda nə o cür üz, nə də o cür deyib-gülən bir ər varmış.

Başqa kənddilər uşaqları göz açmadan yataqlarını, otaqlarını ayırardılar, qadın körpələrlə evdə (ev-damında), kişi də böyük oğluynan otaqda yatardı, Məryəmlə Qulam otaqlarını ayırmamışdılar, və bu kətdilərin qəzəbinə səbəb olmuşdu.

Yay günü idi. Çay bahara görə aram axırdı. Kənddən çaya dörd-beş dəqiqqə yol idi. Çay dağlardan başlanıb, təpənin dalıynan axıb, kəndin qırağından keçərdi. Çayın qırağını qocaman ağaşlar (sövüdağacı, iydəağacı) almışdı. Illər boyu qadınların par-palaz yumaqları, çayın qırağını gözəl-düz yerə çevirmişdi. Qız-gəlinlərin təfrihlərindən biri də çayda paltar yumaq idi. Uşaqların yayı bu çayın qırağında keçərdi. Kimisi çimərdi, kimisi balıq tutuardı, kimisi çamırnan oynardı, kimisi malını bu çayda çimdirərdi. Çoxlu ər-arvadların sevişmələri elə bu çayın kənarından başlamışdı. Çay kəndin qırağında da olsa, kəndin ürəyi sayılardı. Havalar bir az istilənmişdi, qadınlar çirk-pasaq paltarları, teşd-qazanı götürüb çaya gedərdilər. Onlar ocaq qurub, su qızdırardılar. Paltarları yuyub sərərdilər. Sonrada uşaqlarını tutub, sabınlardılar. Qarılar çayın qırağında saçlarını yuvardılar. Qız-gəlinlər paltarlı suya girib, özlərini sərinlədərdilər. Immi də bu gəlinlərdən biri idi. O, su görsəydi dayana bilməzdi, o yan bu yana baxıb, gələn olmasaydı, paltarlı atılıb yuvunardı. O, Əlilə evlənəndən sonra ərinə xoşa gəlmiyən adətlərini tərk etmişdi, ancaq suyla oynamaqdan əl çəkə bilmirdi.

Bir gün Immi genə bir neçə başqa qadınla çayda paltar yuvurdu, Məryəm bacı dalında ağır yükü ilə bostandan gəlirdi. Məryəm qadınlarla salamlaşıb neçə kəlmə danışdı. Qadınlar bir-birinə qaş-göz ata-ata onun cavabını verdilər. O, qadınların mənzurunu düşünüb, bekef lal-kar yolunu çəkib kəndə sarı getdi.

Immi qadınların hərəkətindən acıyıb, onlara qəzəblə dedi.

"Ay qızlar! Bu nə iş idi? Yüngüllükdən əl çəkin!"

Qadınlar bir-birinə baxıb gülüşdülər, biri dedi:

"Yaxşı-yaxşı sən işini gör! Səndən ki deyildik!"

Immi səsini ucaldıb dedi:

"Yaxşılığı yox idi. Deyin görək, nədən o cür elədiniz?"

Birisi dedi:

" Demək lazımdırmı? Hamı bilir, sən özün də bilirsən!"

Immi: "Ay balam, nəyi hamı bilir? Mən ki, bir söz bilmirəm! Deyin mən də bilim". Hərə bir söz dedi. Sonra Immi üzünü yaşlı bir qadına tutub, dedi: " Sara xala, sənin yaşın bizdən daha çoxdur, sən neçə köynək bizdən artıq yırtıbsan, pisi-yaxşını bizlərdən yaxşı başa düşərsən. Sən bunlara bir söz de!"

"Qızım Immi, Məryəm, arvad-kişini, pisi-yaxşını, həlal-həramı bilmir. O, açıx yaşır. Ondan danışsan kəffarə verməlisən."

Immi soruşdu:

" De görüm, onun hansı işləri kəffarə gətirir? Bizlər ondan az günah edirik?!"

Sara xala yaxasını açıb, döşünə tüpürüb, əstəxfurullah! Immiyə dedi:

"Dilini dişlə! Günaha batarsan!"

Immi üzdən getməyib dedi:

" Sara xala, demədin Məryəmin açıqlığı nədədir?!"

"Mən nə bilim ay Immi, xalq deyir, mən də sənin kimi eşidirəm."

Immi əlini işdən çəkib üzünü başqa bir qadına tutub dedi: "Əkrəm, elə bil sən çox bilirsən, de görüm Məryəmin abırsızlığı nədədir?"

Əkrəm əlini işdən çəkib, ayağa qalxdı, boyunu dikətdi, ağzını doldurub gülə-gülə dedi:

" Qızım, mən öz gözümlə görmüşəm, xərməndə ərilə elə həllənirdi, mırt vururdu, deyəsən xarabası yox imiş! Ona bu işlər yaraşmaz, o, indi mənbər dalında otura gərək, bizlər də ondan dərs alaq, nə ki kaftar vaxtında sürmələnib, adaxlı bazlıq eliyə. Xalqdan da utanmasa, öz buğu-burma oğlanlarından utansın! Kəndin uşaqları bacadan pusmuşdu, kaftarlar oğlanlarının yanında bir döşəkdə yatırlar". Indi qadınlar gülüşdülər, kimisi dedi:

"Deyirəm, kişi qorxur qarı onu yuxuya verib, başqasının yanına getsin, ona görə Qulam arvadı özü ilə yatırdır"! Qadınların hamısı gülüşdülər.

Immi içində bu nadan qadınları qınayıb, ürəyində dedi: "Elə bu sizin kimi qadınlardı, bizi bu gündə saxlatdırır, Məryəm arvad cavan olsa idi yazığı boşatdırardınız". Immi acığını paltarlara tökərək, üzünü qadınlara tutub dedi:

"Xalq it-pişik tək keçinəndə, gündə bir qadının dişi qarnına gedəndə, kiminin vecinə deyil. Ancaq birinin bir az xoş keçinəcəyi olanda, görənmirik! Nə olardı bizlər də onlar tək yaşıya bileydik! Bir də ay qızlar! Qadının nəyi sizi ziyana salır? Onların beş-on gün ömürləri qalıb, qoyun onu da sözsüz başa çatdırsınlar, biz ki, dünyadan bir şey öyrənmədik, ola bilsin bizim balalarımız bir az onlardan, insaniyyətçilik öyrənsinlər!"

Immi nağıllarda Əsli-Kərəmin, şirin-Fərhadın ha belə Leyli-Məcnunun pak eşqindən çox eşitmişdi, nəisə, yaşamda ər-arvadların yalnız it-pişik kimi boğuşmalarına şahit olmuşdu. Bu idi ki, o, bu ər-arvadın yaşam adətini ürəkdən bəyənirdi. Kimisi də onlara gözün üstə qaşın var deyəndə ona acıq gələrdi. O, bu ailədə bir eyib görmürdü. Ata-ananın ovladlarıynan da xoşa gəlim rəftarları var idi. Imminin ürəyi tutulanda Məryəm bacının evinə gedərdi, yarım saat Məryəmlə oturmaq ürəyini açardı. Immiyə belə gəlirdi, xalq paxıllıqdan Məryəmin dalıcan söz qoşurdu, yoxsa kimə nə var onlar ər-arvad çiyin-çiyinə ya on addım dalı-qabaq yol getsinlər! Immiyə belə gəlirdi ki, Allah bu ailəni bu kəndə salıb mutlu-mutsuz insanların fərqini göstərsin, çünkü sevib-sevilməyi hamı bacara bilməz. Onu uşaqlıqda ana-atadan öyrənmək gərək.