
ƏFSANƏLƏR:
Hüt-hüt
quşu
Yusif ilə Nəsib adlı iki qardaşın Fatma adlı bir bacısı var idi. Fatmanın başına
anadan doğma daraq vurulmuşdu. Qardaşlarının hərəsinin bir atı var idi. Günlərin
bir günü onlar atlarını itirir. Fatmaya belə deyirlər:
-Can bacı, biz atları axtarmağa gedirik, biz gələnə sən südlü aş hazırla, gəlib
yeyərik.
Yusiflə Nəsib atları axtarmağa gedirlər. Fatma südlü aş bişirir. Gecə düşür.
Bacı nə qədər gözləyirsə, qardaşlar gəlib çıxmırlar. Fatma çox ağlayır, axırda
meşəyə düşüb qardaşlarını axtarmağa başlayır. Qız çox axtarır, qardaşlarını tapa
bilmir. Arzu edir ki, bir quş olsun, uçub göyə qalxsın, qardaşlarını tez tapsın.
Qız o saat bir quş olur. O quşa hüt-hüt quşu deyirlər. Fatma göyə qalxıb
qardaşlarını axtarır, həmişə deyir:
-Hop-hop, gəl tap, Yusif-Nəsib, südlü aş...
Fatma quş olandan sonra onun atasının var-yoxu torpağa dönüb yox olur. İndi
quşdan soruşanda:
-Hüt-hüt, atanın var-yoxu necə oldu?
O, dimdiyini torpağa döyüb deyir:
-Atamın var-yoxu bu torpaq oldu.
Yapalaq quşu
Keçmiş zamanlarda bir qardaşla bir bacı varmış. Ögey anaları uşaqları çox
incidirmiş. Günlərin bir günü ögey ana onlara deyir: -Öküzü aparın meşədə otarın.
Əgər itirib eləsəniz, ilkinizin də başını dibək daşının altına qoyub əzəcəyəm.
Uşaqlar öküzü meşəyə otarmağa aparırlar. Axşam qayıtmaq istəyəndə öküzü
itirirlər. Bacı meşədə qalır. Oğlan ağlaya-ağlaya evə gedib əhvalatı ögey
anasına söyləyir. Ögey ana onu çoxlu döyüb deyir:
-Gedin öküzü tapın gətirin! Əgər tapıb gətirməsəniz, ikinizin də gözünü
çıxardacam.
Oğlan geri qayıdıb əhvalatı bacısına danışır. Onlar öküzü çox axtarır, amma
tapmırlar. Qorxularından geri də qayıda bilmir, göyə üz tutub yalvarırlar ki,
quş olsunlar. Onlar hər ikisi yapalaq quşu olur. Biri “tapdın”, o biri də “yox”,-deyə
öküzü indi də axtarırlar...
Turac
Keçmişdə Turac adlı qız zalım bir xanımın evində qulluqçu imiş. Xanım onu çox
incidirmiş. Turaca qarın dolusu çörək, geyiməyə paltar vermirmiş. Günlərin bir
günü xanım onu çağırıb deyir:
-A qız, bu saat su isidib başımı, ayaqlarımı yuyursan.
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub.
Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?!
Turac deyir:
-Xanım, bu saat gəlirəm.
Turac nə qədər axtarır, yenə də darağı tapmır.
Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac bir quş olur, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bacadan çıxır.
Birdən yadına düşür ki, daraq taxçadakı buxçadadır. Təzədən uçub pəncərənin
qabağına qonub, deyir:
-Xanım, taxçada, buxçada.
İndi də Turac həmişə bu sözləri oxuyur:
-Xanım, taxçada, buxçada.
Pərvanə ilə od
Pərvanə qız, od isə oğlan imiş. Pərvanə şah qızı, od isə əkinçi oğlu. Oğlan qızı
bulaq başında görüb aşiq olur. Xəbər tutan padşah bunların bir-birinə
qovuşmalaraına icazə vermir, əkinçinin oğlunu öldürmək üçün tədbir görür. Oğlanı
çətin yerlərə göndərir. Oğlan bütün sınaqlardan çıxır. Qız da atasına oğlanı
sevdiyini, ayrı yaşaya bilməyəcəyini bildirir. Amma ata heç cür yola gıəlmir.
Günlər gəlib keçir, qız ilə oğlanın səbri tükənir, sözü bir yerə qoyub qoşulub
qaçırlar.
Padşah əmr edir, onların hər iksini tuturlar. Qızı öz oğluna almaq istəyən vəzir
bir əfsun oxuyub, oğlanı od eləyir.
Qız göz yaşı tökür, üzünü göylərə tutub yalvarır, dönüb pərvanə olur, odun
başına hərlənir, özünü oda atıb yanır, yenə dirilir. Hamı bu işə mat qalır. Şah
tutduğu işdən peşiman olur. Amma sonrakı peşimançılıq fayda verməz...
(son) "Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi",
toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev,
İsrafil Abbasov"