Sona Sulduzlu

"Nə qız oldu nə gəlin, Yandı odlara buda"

Payızın axırları idi. Səhərlər gün çıxmadan hava yaman soyuq olurdu. Bu gün yer qırov bağlamışdı. Immi tezdən qalxıb gündəlik işlərini görməyə başlamışdı. O, tövlədə mallara baxıb, inəkləri sağdı. Immi inəklərinə ad qoymuşdu. O, inəkləri sağanda onlara danışardı. Bu gün də o, onlara qışın yaxınlaşmasından danışırdı. Onlara uşaqların ayaqqabılarından, qış paltarlarından deyirdi. O, Sarıbaş adlı inəyə deyirdi: "Sarıbaş, sevin danalara ayaqqabı lazım deyil, yoxsa sən də mənim kimi qəmə qalacaqdın… "

Immi əlində inəksağan dolçası tövlədən çıxdı. "Ay havar!" deyə bir bağırma səsi eşitdi. Dayandı. Qulaq asdı. Səs Tərlan bacının səsinə oxşayırdı. Immi dolçanı mətbəxə buraxıb küçəyə çıxdı. O, düz eşitmişdi. Bağıran Tərlan bacı idi. " Aha! Deyəsən Mir Novruz öldü." Düşünərək o, Tərlanın həyətinə girdi.

Mir Novruz cansız bir qoca idi. O, cavanlıqda əkin əksə də, indi neçə ildən bəri seyidmalı ilə yaşayırdı. Immi həyətə gircək çaşdı. Mir Novruz Tərlanla birlikdə ağlaşırdı. Immi birindən soruşdu. Ay balam, nə olub? Xalq nədən ağlaşır? Bir qadın cavab verdi: -Pərvanə ölmüş. Imminin gözləri yekəldi. Immi Kim deyir, deyə soruşdu. Qadın gözləri ilə mətbəxi göstərdi. Immi mətbəxə girdi. Pərvanə ağaç kimi qurumuş, gözləri kəlləsinə çıxmışdı. Ağzının qırağından qan axıb, quruyub qalmışdı, rəngi qap-qara olmuşdu. Imminin gözləri qaraldı. Dünya başına fırlandı. Ayaqları sustaldı. O, astanadan içəriyə-eşiyə çıxa bilmədi. Istədi çığırsın, ancaq səsi çıxmadı. Durduğu yerdə quruyub qaldı. Bu an Kübra xala yetişib, onu eşiyə çəkdi.

Kübra xala Tərlan bacını meyitdən ayırıb, həyətə çıxartmışdı. O, tez bir yorğança tapıb Pərvanənin üstünə örtdü. Asdanadan baxanları həyətə çıxardıb, evqapısını kiplədi. üzünü qadınlara tutub bağırdı:

-Keçin otağa bir baş çəkin! Yerləri yığın! Indi bu yazıq ər-arvad soyuqdan ölərlər.

Immi saçını yolaraq:" Ya Hüseyn!" çəkirdi. Kübra xala ona bir dümsük yetirib, dedi:

-Qız, Mir Novruza bax utan! Keç o otağın yerlərini yığ!

Immi sözə baxıb otağa sarı getdi. Otaq qaranlıq idi. Ordan, gecədən qalmış, bir pis qoxu da gəlirdi. Immi az qalmışdı qussun. Tez pəncərəni açıb, başını eşiyə uzatdı. Payızın soyuq, təmiz havasını içinə çəkdi. Pərdələri qırağa çəkdi. Otaq bir az işıqlandı. Yorğan-döşəyi bir bucağa yığdı. Sonra Kübra xalanı səsləyib, "Mir Novruz əmini gətirin!" dedi.

Nəisə, kənd bir parça aşuraya çevrildi. Işə gedən kim? Məktəbə gedən kim? Hamı Mir Novruzun evinə toplaşdılar. Ölünü bu mahalda adət olduğu kimi yerdən götürdülər. Ancaq qız cavan olduğuna görə bu yas daha çox kədərli oldu. Xalqda sorğu çox idi, söz gəlişi, Pərvanə təzə gəlin olaraq, əri yanında olmadan burada nə gəzirdi? Onun əri harada idi? O, özümü özünü öldürmüşdü, yoxsa onu birisi öldürmüşdü? Ölü yuyan qızı yuyanda qızın bədənində çoxlu təzə, köhnə yara yeri görüb, Tərlan ilə danışmışdı, Tərlan da başına döyüb ağlamışdı. Pıçapıç qadınların içində düşmüşdü. Birisi: -Deyəsən qız, qız çıxmayıb," deyirdi. Kimisi: "Görəsən onu qovubmuşlarmı?" deyirdi. Qeybətlər çox olsa da, ailə seyid olduğu üçün xalq çox açıq bu hadisəyə sataşa bilmirdi. Oğlan adamlarından gözə dəyən olmamışdı. Bu xalqı daha çox şəkkə salmışdı.

üçüncü gün idi. Immi halva çalanda, ölən qızın, qardaşı arvadını xəlvətə salıb, xalqın içindəki pıçapıçın düzünü soruşdu. Dilbər, fağır bir gəlin idi. O, Immini çox sevərdi. O, Imminin söz-bazlıqdan ötrü bu sözləri soruşmadığını bilirdi, demək qıza ürək yandırmağından imiş. Genə Dilbər işini möhkəm tutub, ona and içirdi, bu sözləri kimsəyə deməsin. Immi tək oğlunun canına and içib, söz verdi.

Dilbər sözə başladı:

-Immi bacı! Baldızım yaramadı, o, yazıq on yeddi yaşında tələf oldu. Immi soruşdu: "Dilbər, Pərvanə nədən özünü öldürdü?" Gəlin cavab verdi:

-Pərvanə ərinin evindən qaçmışdı, atası onu geri qaytarmaq istəyirdi. Qız istəmirdi oraya dönsün. Qoy sənə sözü başdan açım! Pərvanəyə elçi gələn gün, mən onu apardım Zeynəb xala gildə oğlanı görsün. Elçilər bizdə danışırdılar. Oğlanın anası, dedi, oğlu Zeynəb xala gildədir. O, utandığından buraya gəlmədi. Mən Yavaşcana qıza dedim, gəl gedək oğlana baxaq. Zeynəb xala bizi evinə apardı. Bunu yalnız mən, Pərvanə, Qayınana və Zeynəb xala bilirdik. Oğlan, nəcib, gözəl, utancaq bir oğlan idi. Biz dörd-beş dəqiqə orada qaldıq, o, yalnız iki dəfə başını qaldırıb, qızın üzünə baxdı. Oğlanın alnından tər axırdı. Mən yolda baldızımdan soruşdum:

-Hə Pərvana nə deyirsən?

Qızın rəngi pörtmüş:

-Ay gəlinbacı, ömrümdə belə bir abırlı oğlan görməmişdim. Bu oğlan qızdan həyalı idi, dedi.

Immi bacı, başını ağrıtmayım, bu namussuzlar kiçik oğlanı görsədib, böyük, keçəl, çirkin oğlana kəbin kəsdilər.

Immi Dilbərin sözünü kəsib, dedi:

-Axı necə? Məgər bu olan işdir?

Dilbər:

-Görürsən ki olmadı, dedi. Oğlan evi bizi qandırdılar, əsgəri Kazım adına görsətdilər. Onlar istəmədilər toy tutalar, adamımız ölüb yaslıyıq dedilər. Bunlardakı seyid tayfası, kəbin kəsdirib bir yüngülcə xına tutub, gəlini apardılar. Bizdən yalnız bir yengə orada qaldı. Yengə qayınanamın xalası idi. Gecə qız ilə oğlanı gərdəyə salanda qız başqa bir kişini öz gərdəyində görüb qışqırır. Yengə içəriyə girir. Qızın rəngi atmış titirəyə-titirəyə deyir.

-Bu kimdir? Mən bu kişini tanımıram! Bu mənim ərim deyil. Yengənin ağzı açıq qalır, o, deyir bəs qızın başına hava gəlib. Qızım, bu sənin ərin Kazımdır! Qız, üz-gözünü cırıb, deyir yox ki yox! Oğlan evi qıza yalançı deyib, deyirlər biz səni əvvəl bir gündən Kazıma almışıq. üç gün qız qoymur Kazım ona yaxın düşsün. Axırda Yengə məcbur olur işini yerinə yetirmədən, qayınanamla danışmağa kəndə qayıtsın. Bu külbaşlar abırlarından qorxub, qızı qurban edirlər. Yeddi gündən sonra qayınanam bir qızıl üzük ilə qızın görüşünə gedir. O, bizi aparmadı ki onlar yaslıdırlar. Qız anasının ayaqlarına döşənir, and verir, yalvarır, ancaq deyəsən ananın ürəyi daşdan imiş, ana deyir:

-Qızım, indi sən evimizə qayıtsan, bir tikə murdar ət kimi sayılarsan. Abırımızı düşün, qal evində. Bu gün sabah boylu olarsan, başın qarışar, bu sözləri unudarsan. ərin ilə xoşbəxt yaşarsan.

Qız anasına:

-Ay anacan nə danışırsan, necə yanı xoşbəxt olum! Mən Kazımı ərim bilmirəm, Kazım mənə əl vuranda, elə bil ətimi kəsirlər, mənim ərim əsgərdir. Mən əsgəri görüb sevmişəm. Indi necə onun qardaşıyla yatım-durum? Ay ana, kar qulaqlarını aç eşit! Mən burada qalan deyiləm! Demişdi. Bu sözlər qayınanama xoş gəlməmişdi, o, qızını, qarğıyıb yamanlamışdı. O, qızına:

-Bir qızisə, öz keyfindən ötrü ailənin cəddinə, abırına toxunsun, onun ölməsi qalmasından yaxşıdır, demişdi. O, acığından, daha o adda onun qızı yoxdur deyir. Ana qızı abırının dərdindən buraxıb gəlir. Ancaq qız orada, ana burada dərd içində yanır. Bu dörd-beş həftədə qız yalqız qalır. Evdən eşiyə çıxa bilmir. Evdə ancaq ağlayıb-sızlayır. Onun ağlayıb-sızlamasını bir yaxın qonşu qadın eşidir. Qıza ürəyi yanır. Qonşu ərinə yalvarır, qızı ordan qurtarsın. Kişi Kazımdan qorxur. Ancaq qıza yazığı gəlir. Bir də, bu ki arvadı beynini qazırmış. Çoxlu qorxudan-hövüşnədən sonra kişi belə qərara gəlir, qızın kəndən eşiyə çıxması öz boynuna, qalanını o, arabası ilə aparsın.

Qızın o kənddə təkcə yoldaşı o, qadın idi. Nə bilim, allah o qadının tufağını dağıtsın. Onlar dəllallıq eləməsə idilər, indi Pərvanə diri idi!

Sonra Dilbər qəzəbli-qəzəbli:

-O, Kaftarı cırmalıdır, dedi.

Immi:

-Hansı kaftarı? deyə soruşdu.

-Zeynəbi! Bütün kələkləri o qurmuşdu. Görürsən qorxusundan buraya ayaq basa bilmir. ərimdən qorxmasaydım, xarabasını oda çəkmişdim, and olsun balamın canına!

Immi qəzəbləndi, içindən bir od alışdı, içini yandırdı, beyni qaynadı. Dilbər deyənləri eşitməz oldu. O, halvanı çalıb evinə getmək istədi. Ancaq evinə sarı yox, başqa tərəfə getdi. Immi bu üç günü çox ağlamışdı. O, indi Leyla kimi bir nakam aşiqə ağlayırdı. Qapını çalmadan içəriyə girdi. Zeynəb xala pis durumda bir zad arıtdayırdı.

Immi:

-Zeynəb xala, niyyətinə çatdınmı!? Gecələr yaxşı yata bilirsənmi!? Böylə imansızlara tfu olsun deyib, yerə tüpürdü!

Zeynəbə üç gün üç il kimi keçmişdi. Qarı qorxudan eşiyə çıxa bilməmişdi. O, qisası qızın evindən gözləyirdi, ona görə o, Imminin hərəkətindən bir az tumdu, çaşdı. Sonra o, Imminin halını görüb özünə gəldi. Bala Immi, oğlum ölsün, əgər mən bileydim belə olacaq. Mən bilmədim qızda o üz olacaq, getsin oğlanı görsün. Mən dedim, bu seyid qızıdır. Gedər yaşar, oğlan keçəl olsa da çox qeyrətli oğlandır, qızı xoşbəxt eliyər. Mən nə bilim bu qız belə… dedi.

Immi:

-Arvad sən utanmadın özgədən ötrü öz imanını yandırdın? deyə bağırdı. Nə qədər pul aldın, haramın olsun! Özünü satsaydın daha şərəfli olardı, dedi. Immi ürəyini boşaldıb evdən çıxdı. O gecə Immi yata bilmirdi, Pərvanə gözünün önündə canlanırdı. Kazımı, əsgəri zehnindən keçirdirdi. O, istəyirdi o iki qardaşı ona göstərsinlər, onların üzünə tüpürsün. Immi çox çabaladı, ancaq onu yuxu tutmadı, axırda allahın yaxasından yapışdı:

-Ay allah, özün bilən yaxşıdır, ancaq nədən öz qüdrətini göstərmədin? Qızın ürəyinə öz ayəndə Kazımın eşqini salmadın? Iki insanı kəbin məhrəm edir, deyirlər, bəs nədən bir cavan qızın baxışının gücü Sənin ayəndən zorlu oldu! Ey Pərvərdigar, özün bilən yaxşıdır, ancaq yadında qalsın, Sən də, yazıqların ayaqlarının altını qazırsan! Demə bəndələrim başa düşmür, Pərvanə sıçan davası yeyib özünü bu zillətdən qurtardı. Demə bəndələrimə ağ günlük verirəm… dedi.

Sizə deyim, oğlan adamlarından. Pərvanə yox olan gün, onlar kəndi, yaxın meşələri, dərin-dayaz dərələri ovuc-ovuc axtarırlar, ancaq qızdan bir xəbər-əsər tapammırlar. Gələn günün səhəri tezdən Kazımın atası ata minib qızın kəndinə gəlir. əvvəl Zeynəbin evində düşür, bu an qızın ölüm xəbəri bütün kəndə yayılmışdı. Zeynəb qocaya bu dəhşətli xəbəri verir. Qoca isə əvvəl bir gündən bu işə qarşı idi, kor-peşman evlərinə qayıdır. Onlar qorxudan Mir Novruzgilə yaxın düşə bilmirlər. O ki qaldı Immiyə, o, hər işdən bir nəticə alardı, Pərvanənin macərasından da bunu anladı. Bir qız ilə bir oğlanı kəbin məhrəm edə bilməz, onları məhrəm edən yalnız onların arasında bir məhəbbətli baxışa bağlıdır. Immi özü ilə əhd bağladı, o, qızlarını ürəkləri tutduğu adamlara versin, əri əli mane törətsə, qızlara qaçmağı öyrətsin, deyə…