Sona Sulduzlu

Immi Xanım nə etsin?

 

Soyuq, qaranlıq bir gecə idi. Həsən, arvadı Fatma ilə sözləşib könülsüz getdi. Həsənin otuz yaşı olardı. O, on il bundan öncə Fatma ilə, on yeddi yaş gözəl bir nəcib qız ilə evlənmişdi. Indi, on ildən sonra, onların beş qız uşaqları vardı. Altıncı uşaq da bu gecə dünyaya gəlmək istəyirdi. Fatma doğmaqdan heç bir ləzzət aparmırdı. Onun arzusu təkcə bir oğul sahibi olmaq idi. Bunu da tanrı ona çox görürdü. Həsən ağzından çıxan acı sözü Fatmaya deyib evdən çıxdı.

Fatma iki gecə-gündüzdən bəri sancı çəkirdi. Bir az bundan qabaq su-kisəsi açılmışdı. O, öz təcrübəsindən bilirdi ki, vaxt çox qalmayıb və hər an uşaq dünyaya gələ bilərdi.

Gündüz kənd nə qədər də gözəl, səfalı olsaydı da, gecələr qurxuluydu. Kəndin yüzə yaxın evlisi var idi. Xalq yoxsulluqla yaşasaydılarda, hər ailənin bir sürü uşağı var idi. Kənd əhalisi başqa qonşu kəndlər tək əkinçiliklə rüzgar keçirdirdilər. Kəndin iki tərəfini bağ-bağat, bir tərəfini təpəlik və o biri tərəfində göz işlədikcə bom-boş açıqlıq tutmuşdu. Təpənin dalında bir qəbristanlıq və aşağısında da güclü, bir çay axırdı.

Kəndlilər uzun qış gecələri qonaqlıqlarda, adam öldürüb, ev yığanlardan başqa, təpənin dalında olan qəbristanlıqdan və ya çaydan gələn xortandan-cindən, danışardılar.

Həsən əlində olan fanusu hey o yana-bu yana tutub gözlərini qaranlığa zilləyirdi. Gecənin bu vaxtında hər kəs olsaydı qorxardı. Soyuqdan-qorxudan Həsənin heykəli payız yarpağı kimi əsirdi. O, yerdən göydən tutub onların yaradanına da yaman deyirdi.

Kənddən bir işıq gəlmirdi. Göy nə qədər ulduzlu olsa da Həsən ayağının altını zor ilə görürdü. Düzdür ki qərbililər o illərdə demək 1960-ci illərdə yerdən aya insan göndərirdilər, ancaq hələ bu kəndə təməddündən heç bir xəbər yox idi. Kənddə elektrik, su lüləsi yol açmamışdı. Xalq işığı nəft çırağından alıb, suyu da çaydan, bulağdan, bə’zən su quyusundan alırdılar.

Mamanın evi kəndin qırağında idi, burada məktəb, məscid, kətxuda, ərbabin da evi var idi. Mama, Immi adlı 35 yaşında iri və gözəl bir qadın idi. Onun özünün dörd qızı bir oğlu var idi. Qadınların bir neçəsi doğan zaman Immini öz başları üstünə çağırmazdılar. Onlar deyərdilər ki, Imminin əli xoş deyil. Onun öz doğduğu qızdır. Onlar başqa bir qadını, Səkinə adında beş oğlu, iki qızı olan mamanı, öz doğmaqlarına çağırardılar. Səkinə xanım kəntxudanın anası idi. O, çox kök, tənbəl özündən razı bir arvad idi. Uşaq tutan zaman gərək bir neçə ayrı qadınlar da ona yardımcı olaydılar o işini görə bilsin dəyə istərdi. Bu iki mamanın şəxsiyyətləri yerdən göyə bir-birindən fərqli idi. Kəndin 70% də çoxu Immini mamalığa tutardılar. Bir mama ki, doğrudan da insan imi§. O hər işdə əvvəldən dərindən düşünərdi.Məsəl üçün o bir yoxsul evə çağırılsaydı, özü ilə bir buxça, içində bir sabın, bir neçə köhnə əski, bir az şəkər, bir qırtım kərə götürərdi, mabada bu şeylər zahı evində olmasın,və o, işini istədiyi kimi görə biməsin. Bu şeylər zahı evində varsa onda o buxcasını açmamış geri qaytarardı.

Həsən, əli fanuslu Immigilin qapısını döydü. Evdən qəzəbli bir kişi səsi cavab verdi: "kimsən? Gecənin bu vaxtı nə istəyirsən?"

" Mənəm, Həsən Abbas oğlu"

"Həsən gecənin bu vaxtı nə istəyirsən? Niyə qoymursan xalq yatsın?"

"Əli qardaş başına dolanım, sizin evi bizim evdən çağırırlar."

" Allah sizin evə də bizim evə də lənət eləsin." Əli kişi hirslə qapını açdı. Əlinin qapını açmağıla örtməsi bir oldu. Eşiyin soyuq havası Əlinin yuxusunu başından qaçırtdı.

"Dur Immini oyadım gəlsin, dedi.

Əli yenə acı dilini işə salıb arvadına.

"Ay qız dur müştərin var dedi. Ancaq Əli ağzını açmamış Immi paltarlarını geyinib, buxçasını hazırlayıb qoltuğuna vurub evdən çıxmaq istədi. Əli bir siqaret alışdırıb yorğanı çiyninə salıb yerinin içində oturaraq, küp qarısı kimi deyinməyə başladı.

"Ay kişi səni allahın qurtar belə danışmağı, Həsən eşidər, pis işdir axı." Dedi Immi .Həsən isə:

Mənim baxtıma sən bax. Mənim arvadımın nəyi azdır onun mamalığa getməyə ehtiyacı olsun? Gündə bir kişiylə yola düşür, gündə bir arvadın pox-püsürü ilə oynayır!"deyə bağırdı.

Bu sözlərin Immiyə heç yeniliyi yox idi. O, hər dəfə mamalığa gedərdi, əri onu söyüşlə yuyub arıdardı. Gün olmuşdu ki, əri onu evdən qovub,

"Ya bu ev ya da mamalıq"demişdi.

Əli hətta Immiyə, mındar deyib onu yemək bişirməkdən qovmuşdu. Yemək bişirmək on-dörd yaşında olan qızının boynuna düşmüşdü. Ancaq on-dörd yaşında uşaq nəcür xəmir yayıb çörək yapaydı?! Qaragünlük Immini neçə yerdən tutmuşdu. Onun doğduğu uşaqların dördü qız yalnız biri oğlan idi. Onun əri qara qabaq, vasvası bir adam imiş.

Immi hər işdə bir parça od idi. Imminin ürəyi o qədər yumuşaq və rəhimli idi ki o heç kimsəni qapıdan əliboş yola salmazdı. Onun bacaracağı yalnız mamalıq deyildi, o bir çox xəstəliklərə dava- dərman elərdi. O, iki kişidən daha güclü idi. Əkin əkməkdən tutub dam suvamağacan özü edərdi. Immi başardıqlarını bibisindən öyrənmi§di. O, bibisini çox sevdiyinə görə onun yanında çox qalmı§dı. Bibisinin qızı olmadığı üçün Immi ona hər işdə yardım edərdi. Bibisi də bu məhəbbətlərin əvəzinə öz bildiyini Immiyə öyrətmişdi.

Immi evdən çıxmamış ərinə bir neçə tapşırıq verdi.

"Əli ağa mən səhərəcən gəlib çıxmasam, sən Mələyi oyat, işləri görsün, "dedi.

Əli kişi qəzəbli ona baxıb

"Gedişin olsun gəlişin olmasın!"dedi.

Immi yorğun gözləriylə ərinə baxıb, cavabsız evdən çıxdı.

"Salam Həsən qardaş, de görüm vəziyyət necədir?"

"Ay Immi bacı, görürsənmi mənim başıma nə od yağır? Axı mən altı uşağı neyləyirəm? Mən nə cür onların qarnını doyuracağam?"

Immi, Həsənin cavabından razı olmayıb Həsənin sözünü kəsib dedi:

"Soruşduğum Fatmanın sancısı idi, nə zamandan başlayıb?"Həsən isə

"Mən nə bilim ay bacı mən ki mama deyiləm. Vicdanıma and olsun axşam az qalmışdı Fatmanı öldürüb özümü günaha batıram, ancaq allahdan qorxdum,"dedi.

Immi sözü dəyişdirmək istəyirdi, ancaq Həsənin ürəyi dolu idi.

"Immi bacı and olsun səni-məni yaradana bu dəfə’ də qız olsa uşağı yanar təndirə atacağam!"dedi. Immi isə:

"Ay qardaş bu nə sözdür deyirsən? Nə olmuş!? Məyər məni öldürüblər, səndə Fatmanı öldürəsən; məyər mənim ərim mənim qızlarımı yandırıbmı, sən də uşaqlarını yandırasan?

Həsənin qəsdi Imminin ürəyini sındırmaq deyildi, ancaq onun sözləri Imminin ürəyini incitmişdi. Evdə ərindən söyüşlər eşitmişdi, indi də Həsənin Fatmaya yaman verməyindən ürəyi ağrıyırdı. Acıqdan Imminin gözlərindən yaşlar su kimi axırdı. Yaşamı gözünün önündən keçirdi. Qızları bircə-bircə düşüncəsindən keçirdi. Immi özü də oğlan həsrətində yanırdı, ancaq bu işin niyəsini düşünəmmirdi. O, nədən oğul istəməsini bilmirdi. Oğul istədiyini də dar gündə onun dalında dursun, bir də qonşuların lağından qurtulsun. Immi sıx-sıx, ağlaya-ağlaya düşünürdü: Görəsən bu neçəminci dəfə’ dir ki onun getdiyi evlər də oğul arzulayırdılar, ancaq uşaq qız olurdu, Immi isə qolu-qanadı qırılmış evinə qayıdardı. Immi bu gecəni də belə bir gecə sayırdı. Fatmanın qarnının görünçündən Immi onun qız doğacağını sanırdı.

Belə də oldu. Imminin tutduğu uşaq qız oldu. Immi uşağın göbəyini kəsib başqa lazım işləri yerinə yetirdi. Zahıya yetişib geyimini geydirdi. Immi zahını yerində yatırmaq istədi, ancaq Fatma qıvraq Imminin əlindən qurtulub, bir şor-bəlləsinə bənzəyən uşağı yerindən qapıb ərinə sarı getdi. Fatma isə:

"Qızdır! Ala! Bu sən bu uşaq, nə istəyirsən elə, qız olsa təndirə atacağam deyə and içmişdinmi!?"

Immi özünü itirmədən, atıldı ər-arvadın arasına.

"Nə iş görürsünüz kafirlər? Yaşamımda çox sözlər eşidib, çox işlərə şahid olmuşam yetər, ancaq mə´sum uşağın öldürülməsini görməmişəm. Qızdır! Nə olmuş! Bilirsinizmi nəqədər insanlar neçə-neçə ata-analar belə bir sağlam uşağın həsrətini çəkməkdədirlər!?"

Fatma:

"Yox Immi bacı Həsən namusuna and içib uşaq qız olsa onu öldürsün. Yoxsa namussuzdur. Mən bir ömr bir namussuz ilə yaşamaq istəmirəm." Fatma bu sözlər ilə zəhrini Həsənə tökdü.

Immi zahıdan uşağı almağa çalışırdı. Ancaq Fatma elə bir cür güc göstərirdi, diyəsən o bir saat bundan qabaq ölümlə yaxa-yaxaya yapışan insan deyildi.

"Allah-əkbər! Rəd ol burdan arvad, mənim cinimi qaldırma, əlimi qana batıraram ha! Get köpəyin qızı!", Həsən fatmata qışqırdı.

Ancaq Fatma daha cana gəlmişdi, o haçana kimi töhmətə, zillətə boyun əyə bilərdi? Onun dözümü daha başa çatmışdı. Beş yetimin qüssəsi olmasay idi, o özünü də təndirə atıb, canını qurtarardı. Ancaq onda beş günahsız, kimsəsiz uşağa yazıq olardı.

Immi uşağı Fatmadan qapıb öz bağrına basdı. Fatma iki yolun arasında qalan kimi bilmirdi neyləsin. Yumruğunu düyünləyib nə gücü varsa öz başına endirdi, sonra da hönkürə-hönkürə ağladı.

Immi Fatmanı yatağına keçirdib, onu ovundurdu.

Fatma qızlarının adları üstündə də hər dəfə’ qan udmuşdu. Qaynanası deyən adları, Qızbəs ya da Qızqayıt adları Fatma bəyənmirdi. O, istəyirdi ən azından onun qızlarının gözəl adları olsun. Fatmanın sevdiyi, qoyduğu adlar qızlarına bunlar idi. Sona, Qumru, Tərlan, Xəzəl və Gülü.

Fatma Imminin ona yaxın gəlməsini hiss edib, gözlərini yumdu. O, bu dəfə’ də qız doğduğu üçün Immidən utanırdı. Immi zahıya yaxınlaşıb öz xeyir-duasını verdikdən sonra bir dəmir şiş onun yastığının altına qoydu. Bu zahını al-anasından qoruyacağımış. Rəsm belə idi, zahı tək qoyulmazdı. Tək də qoyulsa onun yanına bir dəmir silah qoyulmalıdır. On da al-anası ya da başqa cin-min ona yaxın düşə bilməzmiş.

Immi lazım olan işlərin hamısını görmüşdü. Indi evinə dönə bilərdi. O, əli boş ürəyi dolu idi. Bir nədən (bahana) axtarırdı ürəyini boşatsın. O, bunu yaxşı bilirdi ki bir azdan sonra xəbər kənddə yayılıb və xalq deyəcək:

" Imminin əli düşmədi, yazıq Fatmanın yenə də qızı oldu." SON

Immi havanın işıqlanmasın gözlürdü. O, istəmirdi nadan Həsənə ağız açsın ki, məni evimə yetir. O kədərli olanda özünü iş ilə məşğul elərdi. O bu işdən bir cür dinclik alardı.

Immi bilirdi ki, uşağın qız olması onun əlinin yüngüllüyünə ağırlığına qalmayıb. Bu iş yalnız Fatma ilə Həsənə bağlıdır. Amma o bunu bilərək özünü qınayırdı. Imminin bu zahı evinə qədəm basmasından 3-4 saat keçmişdi. Bu 3-4 saatda onun yalnız bir qəm-qüssəsi var idi, oda bu ki necə bu ana-balaya nəcat versin. Indi zahıda balasıda sağ-səlamət idilər. Immi bundan razi idi. O bunu bilənmirdi niyə qızın oğlandan dəyəri azdır. Azı min də’fə bu fikir onun beynindən keçmişdi, amma o hələdə bir yerə çata bilməmişdi. O bunu yaxşı bilirdi ki, bir uşağın yaratmasında bir kişi və bir arvadın rolu vardir. Onun ürəyi istəyirdi oca səs ilə Həsənə qışqırıb desin: Heyvan Həsən, buğda əkən buğda biçər, arpa əkən arpa biçər.

Səhər yaxınlaşıb, ulduzlar get-bəget tökülüb batdılar. Hava açıldlı, Immi zahı ilə körpəsinə baxıb getmək istədi. Fatma oyaq idi; O özünü yuxuya vursada, yanaqlarının yaşından görünürdü ki, istəyir tək olsun, bəlkə dolu ürəyini boşalda bilsin. Immi bunu anlayıb içi yandı.

Immi yol üstündə çay başına getdi. Onun halı qarışırdı, ürəyi qalxlırdı: Yuxusuzluq, yorğunluq və həmdə istirab onu işdən salmışdı. Immi çayın qırağında oturub əli ilə nazık buzu sındırıb, soyuq suyu üzünə , annına vuran çağı ruhu dirildi. Sərin su elə bil dərin bir yuxudan onu ayıtdı. O indi möhkəm qədəmlər ilə evinə sarı getdi.

Təndir evi qaranlıq idi, amma Immin işığa ehtiyacı yox idi. O hər şeyin yerin bilirdi. O ocağı yandırıb, ocağa çoxlu odun qoydu və bir qazan su asdı. Immi tövləyə gedib, inəkləri sağdı. Sonra mitbağa dönüb, qazanı ocaqdan alıb çay kitrisini onun yerinə asdı. Evin bir quşəsində bir yer hamam yerinə işlənirdi. Immi qazanı bu yerə çəkib, bir dolçada soyuq su gətirdi. O paltarlarını soyunub, iki qara uzun saçlarını başının dövrəsinə doladı ki islanmasın. Sonra, isti su ilə soyuq suyu qatıb tələsik yuğundu. Immi suyun oyana-buyana daşlanmasındanda qorxmurdu. O özü bilə-bilə dövrbəri isladdi ta əri bilsin o uşaq tutandan sonra yuvunub, təmiz olubdur. Immi təmiz paltar geyib, çirk paltarların əlində ovkalayıb sərdi.

Immi çayı dəmnəyib uşaqları oyadmağ üçün otağa girdi. Əri yatmışdı. Yavaşcana dərsə getməli uşağları oyadıb, Güləri yuxulu qucağına alıb, mutbağa götürdü. Immi bilirdi əyər Gülər otaqda qalsa, duran zaman ağlayıb, Əlini oyadar, Əlinin dərdi deşilib, Imminin halın tutar.

Ocağın istisi mutbağı isilətmişdi. Immi Güləri bir güşəyə salıb dərsə gedən qızlarına qayınaltı ( subhanə) verib yola saldı. Özüdə yekə bir bardaq çay boşaldıb, isti-isti içdi. Sonra o Itə bir az çörək atıb toyuq-cücəni nindən buraxıb, onların qabaxlarına bir az dən səpdi. Sonra o mitbağa dönüb Gülərin bələyin dəyişib onu əmişdirdi.

Immi Güləri hazirlayıb qucağına alıb zahı evinə geri qayıtdı. O zahının evinə yetişəndə saat on dövrəsiydi. Fatmanın qızları uşağın dövrəsin belə almışdılar diyəsən onlar ömürlərində uşaq görməmişdilər. Zahının yorğun gözləri gülürdü. Immi Güləri Fatmanın qızına tapşırıb, qolların çırmaladı. Ən əvvəl bir bal çayı Fatmaya verib sonra quymağı asdı. Fatmaya yaxınlaşıb soruşdu

"Eşiyə çıxmaq istəyirsən?"

Fatma təşəkkür eyləyib dedi:

"Bir az var gəlmişəm, amma uşağın altın dəyişməmişəm."

Immi uşağın altın deyişəndə onu diqqətlə nəzərdən keçirtdi ki məbada uşaq naqıs olsun. Uşaq top kimi bir uşaq idi; sağ-salım rəngi, bir az başqa taza olan uşaqlardan ağ, amma gözəl sevməli idi. Fatma gülə-gülə dedi:

"Immi bacı qızımın adın nə qoyursan? Mən sənə minnətdaram, bir şeyim yox sənə verəm, amma ürəyim istir sən qızıma ad qoyasan! Nə deyirsən?"

"Allah ata-anasına çox görməsin, amma yaxşıdır özüz bir ad qoyasız, taza hələ tələsmə, ad qoymağa on gün qalır, o vaxtacan hətmən gözəl bir ad taparsınız."

"Yox Immi bacı elə indi bu saat bir ad verməlisən."

Immi anladı ki Fatma özünü qaynanasının əlindən xilas etmək üçün istiyir, o uşağa ad qoysun. Immi bir az fikirdən sonra dedi:

"Ulduz adına nə deyirsən?"

Çox gözəldir kirvası. Qızımın adın qoy Ulduz olsun."

Immi quymağı hamıya bölüşdürüb özüdə bir boşqab içdi. Uşağı göyə qovzayıb qulağına səslədi, adın olsun Ulduz. Immi ad qoymaq mərasımində bacarırdı. Uşağa ad duvaya qoyub, dövrəyə düzülən uşaqlara bir dənə-bir dənə verib dedi ( al uşağı ver uşağı el ucatsın bu uşağı ). …Analıq məhəbbəti Fatmanın ürəyin yumuşatmışdı. O gülümsəyə-gülümsəyə qızlarına baxırdı. O bilirdi ki, bugün bu qızlar naqədərdə şansısız olsalarda, gələcəkdə hərəsi bir yixili evin dirəyi olacaqlar.

Günlər keçdi aylar dolandı. Bir gün Immi, Gülər dalında bağdan gəlirdi, Fatmanın həyətinin yanından keçəndə bir səs eşidib, durdu. Qulağını səsə tutub, qulaq asdı.

"Dədəm sənə qurban, Ulduz! Nənəm sənə qurban Ulduz"

Immi divarin üstündən boylanıb həyətə baxdı, gözü göydüyünə inananmadı. Həsən ulduzu belinə mindirib oynurdu.

"Həsən qardaş bu haman qızdır ki, təndirə salırdın?"

Həsən tez uşağı yerə qoyub ayağa qalxır.

"Salam Immi bacı, buyur içəri; çayımız hazırdır. "

"Demədin bu uşaq hansı uşaqdır?" Immi soruşdu.

Həsənin cavabı olmadığına zarafata salıb dedi:

"Arvad xaylaqı şeytan tayfasındandır, bir baxışla ruhuvu alır. Əgər qız uşağını altı ayı əvvəl öldürdün, yaxavı qurtarıbsan, yoxsa altı aylıqdan sonra imkansızdır, bu səggiz aylıq uşaq bir baxışı ilə canımı, və bir gülüşü ilə də ruhumu alır. Görəsən bu bir cadudur, yoxsa tilismə salmaqdır."

Immi bilirdi ki, Həsəndə bunu bilir. Bu iş nə cadudur, nə tilism, bəlkə yalnız ata-balanın arasında olan məhəbbətdir, vəssəlam. Immi onun cavabında dedi:

"Tilism-cadu mən bilmirəm, yalnız bunu bilirəm atalar qədimdən deyiblər, ( oğlandı oxdu, bir kündə poxdu, qızdı nazdı, milyona azdı." Arvad bəladır, allah heç evi bəlasız qoymasın məsəlin diyə Immi öz yolunu tutub getdi.