
Sona sulduzlu
Imminin toya getməsi
Dörd-beş il
olardı, Immi Əliyə ərə getmişdi. Immi sağlam, gözəl, sevimli bir qadın idi. Onun
iki qızı vardı. Əli evlənəndə Imminin önünə bir çox şərt qoymuşdu. Toylarda
oynamamaq da bu şərtlərdən biriydi.
Immi toyda oynamağı
çox sevərdi. Bu mahalda toylar həvtələr sürərdi. Gənclər saatlarca dincəlmədən
yallı gedərdilər.
Əliylə
evləndikdən bəri Immi, toylarda oynamaqdan uzaq qalmışdı. Bə’zən toy evində işliyə-işliyə
qoca qadınlarla bir az oynamışdı. Bu gün toy Imminin yaxın qonşusunda, öz bacılığının
toyu idi. Imminin könlü istəyirdi, bacılığının toyunda oynasın. Ancaq Əlidən
qorxurdu. Əli demişdi "görəm oynayırsan öldürərəm". Kübra bacı gəlinin
anası, Imminin gözlərində həsrəti görüb, ona demişdi."Ay qızım, Immi, nədən
dayanıbsan? Get geyin oyna! Əli söz desə mən cavabını verərəm." Immi
allahdan istəyirdi biri belə bir söz desin, onun suçunu boynuna alsın. Ancaq hələ
tez idi. Hava gərək yaxşı qaranlıqlaşa. Immi qızları yatırtdı. Gəlinin
xannənəsinə yalvardı uşaqlarına baxmaq üçün bir saat onun evində qalsın.
Əlidən daha xəbər olmazdı. O, beş-on başqa kişiylə araq içib, qumar oynayırdı.
Immi yaxşı paltarlarını geydi, getdi. Qorxudan, həyəcandan Imminin ürəyi
titiriyirdi. Qorxaraq oyuna girdi. Çox çəkmədi qorxunu unuddu. Immi oynamırdı, deyəsən
qanad açmışdı, uçurdu. Immi oynamaqdan elə ləzzət aparırdı, nə vaxtdan xəbəri
varıydı, nə də kimlərlə əl-ələ oynadığından.
Gecədən bir-iki
saat geçəndən sonra o, evinə qayıtmışdı. Əlidən bir xəbər yox idi. Immi
paltarlarını soyunub ev paltarlarını geydi, yatdı. Gəlinin xannənəsi də nağaradan,
zurnadan cana gəlmişdi. O, burda yerini xoş görüb, qalıb, yatmışdı. Immi
yatmışdı. O, yuxuda yekə bir dənizin qırağında oynayırdı, qanatlanıb uçurdu.
Birdən-birə qanadları qırıldı, dənizə düşdü. Diksindi, yuxudan oyandı.
Qaranlıqda bir nəfər
onu amansız düyürdü. Immi özünə gəldi. Döyənin Əli olduğunu anladı. Əlinin
təpikləri altında Imminin anadan əmdiyi süt burnundan gəldi. Qışqır bağıra qoca
da uşaqlar da oyandı. Qoca qarı çırağın işığını ucaltdı. Əli div kimi
Imminin üstünə düşmüşdü. Nə gücü varsa yumruqlarını Imminin üzünə başına
endirirdi. Qoca qarı istədi yaxın gəlsin, Əli bir yumruqda ona yetirdi. Qoca qarı
mazalaq kimi yerdə bitdi. Qoca, özünə gələndə qaçdı eşikdə
"ay-havar!" saldı. "Gəlin Əli Immini öldürür" deyə bağırdı.
Çox çəkmədi ev
doldu, bir neçə arvad-kişi Əlinin əl-qolunu tutub, evdən çıxartdılar. Imminin gözəl,
yumru üzü, gözəl gözləri, çatma qaşları daim gülümsəyən dodağları
şişmişdi, görüşmürdü. üzü bir parça şırım-şəhrə al qan içində idi. Ağzının,
burnunun, başının qanı bir-birinə qarışmışdı. Qadınlar Immini huşa gətirmək
üçün ona tüstü, su verdilər. Onun yaralarını yuyub bağladılar. Kübra xanım
Əliyə qarqış eyləyirdi. O, ağlıyaraq özünü qınayırdı. "Məni bağışla,
mən səni yolundan eylədim" deyirdi. Kübra ilə qaynanası, Imminin yanında
qaldılar. Səhər açıldı. Kübra evinə getdi. Immi nin ağrısı birə-min artmışdı.
Qarını, yuxu tutmuşdu. Iyirmi yaşında Immi çox çətinliklə yerindən qalxdı. O,
Əlinin yaxtanına yaxınlaşdı. Yaxdanın altından açarı çıxartdı. Yaxdanı açdı.
Bir düyünçənin içindən bir şey götürdü. Qara bir zadı dörd yerə böldü,
yumrulayıb, bir piyalə suyla atdı, diyəsən həb atır. Sonra yatağına girdi. Immi
yaşamında ata-anasından bir neçə şapalaq yemişdi, ancaq belə bir kötəyi
kimsədən yeməmişdi. Axı Immi eplainlə bir insan deyildi ona, bir sözü iki dəfə’
deyəsən. Immiyə çox ağır gəlirdi, kəndlilər onun yatağını ayaqlayıb, onu öz
həyat yoldaşının əlindən qurtarsınlar. Bir də bu ki Əli özü gecələr
səhərəcən içmə içib qumar oynayanda kimsə ona bir söz demirdi. Ancaq Immi bir
saat başqa qadınlar kimi oynamağa, canını qoymalıydı. Bu fikir Immini yaralarından
daha çox göynədirdi. Immi gözlərini evə dolandırdı. Körpələri yatmışdı. O,
öz özünə düşündü. "Mən öləndən sonra bunlara kim yiyə çıxacaq?"
Qorxu canını aldı. Qocanı oyatdı, o, bacılığının dilincə qocaya xannənə
deyərdi. Hər kim Immini bu halda görsəydi, deməzdi tiryək onu öldürüb, deyərdi
yüzə-yüz Əlinin təpikləri onun canını alıbdır. "Xannənə qalx, qurbanın
olum! Qaç oğlunu bura gətir! Tez ol! Ölürəm!" Bir azdan sonra Kübrayla əri
Imminin yastığının dibini kəsib, Imminin son sözlərinə şahid oldular. Immi
danışırdı. Gözlərinin hərəsi bir yana axırdı. Immi deyirdi, "Yaz Cavad
qardaş, yaz! Mən Immi Məhəmməd-Əlinin qızı, işləmişdim, yorulmuşdum. Belim
yaman ağrıyırdı,plain istədim bir az tiryək atam yorqunluğum çıxa. Bilmədim o
qədər tiryək çoxdur. Indi ölürəm. Mənim ölümümdə kimsənin suçu yoxdur.
Əlini evləndirin, uşaqlarım arada qalmasınlar!" Immi mürəkkəb istədi. Bu
arada, bilmirəm kim Əlini gətirmişdi. Immi barmağını kağızın altına basdı.
Əli, gecədən bəri arvadının üzünü görməmişdi. Immini tanımaq olmurdu.
üzü-gözü şişmişdi. Gözləri güc ilə görünürdü. Onun gözəl Immisindən bir
meyit, bir də bir kağız qalmışdı. Immi son nəfəslərini çəkirdi. Xalq ağlaşırdı.
Divarın o yanında toy dağılıb, divarın bu yanı ölü yerinə çevrilmişdi. Əli it
kimi peşman olmuşdu, ancaq atalar demişkən peşmanlıq bərə bitirməz. Immi koma
içində son yuxusunu görürdü. Immi yuxuda görürdü ölü yerinə gedibdi. Xalq ağlaşır
o da onlarla birlikdə ağlayır. Immi ondan-bundan soruşurdu."Ay balam ölən
kimdir?" Kimisi: Bir cavan gəlindir" dedi. Ölünü apardılar, təpənin dalında
olan qəbirstanlıqda quyladılar. Hamı dağıldı, evinə getdi. Immi də istədi evinə
qayıda, ancaq onu qoymadılar. Kimsə: Ölən sən imişsən! Səplainn qayıda bilməzsən",
dedi. Imminin az qaldı bağrı çatlasın. "Yox belə bir zad ola bilməz. Mən daha
cavanam. Mənim iki yiyəsiz körpəm qalar. Mən istəmirəm indidən öləm", deyə
bağırdı. Immi çalışırdı qalxıb qaçsın, ancaq bir neçə kişi onu qəbirə
soxurdu. Immi nə gücü varsa zor verib ayağa qalxdı. Gözünü açdı, gördü öz
evində yerinin içindədir. Başının üstünü çoxlu adam tutub, hamı oxşayıb
ağlaşırdı. Immi, bibisinin: Allaha şükür! Daha ölməz, xətər sovuşdu"
dediyini eşitdi. Əli ağlayırdı: Niyə Imminin qədirini bilmədim? Bu yazığın
ölümünə mən bayıs oldum. Ancaq bu dilsiz vəsiyyət yazdırıb, mənim suçumdan
keçibdi" deyə düşünürdü. Əli, Muxtara yaman deyirdi. Muxtar gəlib "Əlağa
arvadın əhsən yaxşı oynayır. Namərdin qızı quş kimi uçur" deməsəydi, bu
sözlər Əlinin qeyrətinə dəyməsəydi, belə olmazıydı. Muxtarın, bu sözləri
Əlinin ağlını başından çıxartmışdı. O, arağını yerə çırpıb, kartları
cırmışdı. Yoldaşları qabağını kəsə bilməmişdilər. Qisas almağa evə gəlib
yaşam yoldaşını ala qanına boyamışdı!
Indi isə, Imminin
ayaqlarının altında oturub, allaha dəxil düşmüşdü. "Allah səni and verirəm
öz allahlığına, Immini mənə çox görmə! Onu mənə qaytar! And içirəm ömrüm
var bir insana, bir heyvana əl qaldırmıyam.
Belə də oldu. Immi
sağaldı. Ya allah, ya kəndin qoca qarıları, Immini diriltdilər. Imminin bibisinin
məlhəmləri, ölünü Əzrayilin əlindən qortarardı. Bu məlhəmlər ay çəkmədən
Imminin də yaralarını toxdatdılar.
Ancaq Əli, o oldu
bu oldu kimsəyə əl qaldırmadı.