Nazlamalar

Balama qurban dayçalar,

Bu balam haçan əl çalar?

 

Balama qurban inəklər,

Bu balam haçan iməklər?

 

Balama qurban xalası,

Balam qızıl parası.

 

Qapımızda var çinar,

Yarpağı dinar-dinar,

Mənim balam körpədir,

Saxlasın pərvərdigar.

 

Qoxusu güldən gəlir,

Güldən, bülbüldən gəlir.

Balam gül beşikdə,

Yuxusu birdən gəlir.

 

Qızıl üzüyün yanı,

Laylay, gözün qurbanı,

Yuxuya get, yoruldum,

Beşiyimin soltanı.

 

Obalar obanız olsun,

Bir belə balanız olsun.

Hamıda beş-beş olsun,

Qoy bizdə on beş olsun.

 

Başına mən dolanım,

Mən dönüm, mən dolanım.

Səni allah saxlasın,

Sayəndə mən dolanım.

 

Balamsan, bir dənəsən,

Sədəfdən, dürdənəsən,

Mən ölsəm sənə qurban,

Sən ölmə, bir dənəsən.

 

Qərənfiləm, qalxaram,

Açılmağa qorxaram.

Gecə cınqırın çıxsa

Yerimdən dik Qalxaram.

 

Dərya dolu lilindən,

Balam oynar gülinən,

Aləmə can bağışlar,

Məni saxlar dilindən.