Bakıda Latın əlifbasında çap olunan kitabların birisidə Əmir Pəhləvanın "Əkilən Başlardı, Torpaq Əkilmir"dir. Kitabı tanıtdırmaq üçün biz bu kitabdan bir qıssa hikayə seçib oxucularımıza təqdim edirik.

Əmir Pəhləvan

Vaxt varıydı

 

O gecə yuxum ərşə çəkildi, sübhədək oyaq qaldım. Xalamın ağlamağı yağış kimi məni isladirdi. Gah əlimi başıma çəkirdim, Gahda pencəyimin çiyinlərini dartışdırırdım. Diksinmiş adamlara bənzər gecənin qaranlıqlarında haqqını tələb eləməyə hüququ çatmayan mə´nəvi və maddi bir yoxsulluğun və gücsüzlüyün sakini olmuşdum.

Xalam lal-kar idi. Kənd sovetliyinin binasında süpürgəçi işləyirdi. Bir dəfə sovetin sədri külqabı ilə onun qulağının dibindən necə vurmuşdusa, yazıq bir əli ilə qulağını tutub, o biri əli ilə otağı və həyəti axıracan süpürüb sahmana salmışdı.

Xalamın bu halına o vaxt uşaq yumruğumu düyünləyib bərk əsəbiləşmişdim deyəndə bir az yumuşaq çıxır, doğrusu, yamanca sarsıldaşmışdım. Sədrə gücüm çatmasa da, onu haçansa "daş-kəsəyə basmağı özümə söz vermişdim. Nənəm və başqa qohum əqrəbalarım sovet rəhbərlərindən yamanca ehtiyat edirdilər, daha doğrusu qorxub çəkinirdilər. Həmişə belə hallar olanda heç cınqırlarını da çıxartmırdılar. Bir də ki, belə haqsızlıq tək onların başında deyildi, axı hamının dərdi idi. Odur ki, evdə mənim narahat olmağımı və uşaq dəcəlliyimi duyub arzusunda olduğum adama xəta yetirməkdən usandırmağa çalışdılar.

Elə bil sədrin də ürəyinə dammışdı ki, ona nəsə bir xətər yetirəcəyəm. Məni harda gördüsə ya üstümə gəlib döymək istəyirdi, ya da dalımca daş-kəsək atıb qovalayırdı. Bunlara dözmək mümkün idi. Amma yaşıdlarımla bir yerdə olanda isə məni həmişə pərt edər və şəxsiyyətimi alçaldardı: " Tifil, get o "Karı" çağır gəlsin, buraları da süpürsün. O lal Xalanı deyirəm". Mənim uşaq qəlbim və daxili aləmim buna heç cür bəraət qazandırmırdı. Içimdə ki, kin qədər əlimin içi də göynəyirdi. Onlar bu sözlərə bir ağızdan hamılıqla gülüşərdilər. Qeyriləri isə mənim qanı qaçmış dodaqlarımla, kinli gözlərimə və turşumuş sifətimə baxıb özlərini də mənim yerimdə hesab edərdilər. Bizləri dərdimizin bir olması doğmalaşdırırdı. Bir dərdin əqrəbası idik. Elə ki, mən cavab vermirdim, sədr hirslənər və palçıqlı, yekə, köhnə əyaqqabılarını oturduğum yerdə üstümə tutuzdurardı, təhqir edərdi. Mənsə səsimi də çixarmazdım. Bu sükutda sillə də, söyüş də vardı. Artıq öyrəncəli olmuşdum. Sədr yeni söyüşlər söyənə qədər mən əllərim və dirsəklərimlə üst-başımım toz-torpağını təmizləyərdim. Heç yadımdan çıxmaz. Bir dəfə Mamed kirvəmin arvadı anama çit parça hədiyyə vermişdir. Yaxşı yorğan-döşəklik parça idi. Anam ondan bir az kəsib mənə qolsuz köynək tikmişdi. Mən onu geyəcəyəm günü həvəslə gözləyirdim.Havaların qızmar vaxtı, üzümlərin yetişmə vədəsi idi. Istidən torpaq cadar-cadar olmuşdu. Anam o gün o köynəyi mənə verdi ki, al, geyin...

...Həmin gün mənim sevincimin həddi-hüdudu yox idi. üst-başıma tez-tez göz gəzdirə-gəzdirə xırmana tərəf addımladım. Sədrin uşaqları elə bil məni gözləyirdilər. şaqqanaq çəkib bərkdən gülüşdülər. Başladılar mənə şəbədə qoşmağa, lağa qoymağa:

"Bu nədir, döşək üzündən də köynək? Kim tikib bunu? Anası... xa, xa, xa, xa, xa". Sən deməyəsən Əhəd, Murad, Asəd, Nazim və başqaları kənardan bizə göz qoyurmuş. Onlar yaşca bizdən böyük idilər. Altınıcı sinifdə oxuyurdular. Onlar hamının gözü qabağında məni də özləri ilə götürüb "Böyük" bağın yanında futbol oynamağa apardılar. Elə təzəcə altı-altı bölüşmüşdük ki, sədr ağzı köpüklənə-köpüklənə bizə tərəf gəldi. Hamını qovaladı. Məni dovşan boğazından tutan kimi qamarlayıb ayağını qurşağımın üstünə basdı. Hirslə: -Ə, xirmandan samirgili sən qovalanmısan?! -dedi. Onların xətrinə sən dəymisən?...

Mən susub durmuşdum- Sədr ayağını mənim sinəmin üstünə qoydu. Sonra başladı məni döyməyə. Burnumdan qan gəldi. O gedəndən sonra ayağa durdum, çayın kənarında üz-gözümə ikiəlli bulanlıq su atıb lal dinməz evə qayıtdım.

Tut ağaclarının içi ilə asta-asta irəliləyirdim. Əynimdəki köynəyin düymələri qırılmış və cibi cirilmişdi. Köynəyi çıxardıb ağacın birinin dibində tulladım. Ömrümdə bircə kərə ağlamamağa özümə söz verdim. Amma bacara bilmədim. Bu dəfə də nədənsə sakitcə-sakitcə agladım...

Evə qayıdanda anam məndən köynəyi soruşdu:

- Ay oğul, bu nədir, köynəyin hanı?

- Mən bir də təzə köynək geyməyəcəyəm. O köynəyi də çaylaqda çiməndə su apardı. -deyib bikef halda zirzəmindəki keçənin üstünə uzandım. Anam qarğımağa başladı. Mən isə artıq yuxuya getmişdim.

O yuxuda çox şeylər gördüm. Gördüm ki, kolxozumuz yerlə yeksan olub. Sədrimiz də kolxoz binasının uçuqları altında çabalaya-çabalaya adamlardan kömək istəyir. Yumruğumu düyünləyib o sədrə sillə vurduğum gün də elə o yuxunun səhəri oldu.