Təşrif Buyur, Gedək Bağa...
Elçin
Efəndi
Neçə gündür ki, Aşıq Ələsgərin
həmişəki kimi, iddiasız, sadə, təmiz bir misrası, elə bil ki,
kitabların səhifəsindən yox, qədim (və doğma!) Göyçə mahalında qoca
Ələsgərin sazı sinəsinə sıxıb söylədiyi gəraylıdan-həmin o məqamdan
qopub gəlmiş bir misra elə hey fıkrimdə dolaşır: “Təşrif buyur,
gedək bağa...”.
Bu iddiasız bir misra bu dəm mənim
üçün Sözün və Sazın sirri-sehri (və heç vaxt açılmayacaq, əbədi bir
sirri-sehr!) ilə dolu idi, çünki o bağ təkcə təbiətin xudmani, gözəl
bir guşəsi deyildi, o bağ Ələsgər dünyası idi.
Təşrif buyur, gedək bağa,
At zülfunü sola, sağa.
Ələsgər sənə sadağa,
Üzün məndən niyə döndü?
Aşıq Ələsgər 105 il ömür sürdü.
1821-ci ildə Azərbaycan Sözünün,
Sazının beşiklərindən biri olan qədim oğuz yurdunda, gözəl Göyçə
mahalında (“Adım Ələsgərdi, əslim Göyçəli...”) anadan olub 1926-cı
ildə elə orada da haqq dünyasına köçdü və bu iki tarix arasında
həmin Sözün və Sazın yaratdığı Ələsgər dünyasında o qədər
hiss-həyəcan var, bu hiss-həyəcan o qədər qəribə, adamı mat qoyan və
adamın ürəyinin içinə dolan gücə, incəliyə, işığa malikdir, o qədər
saya-hesaba gəlməyən rənglərdən ibarətdir ki, həmin Ələsgər
dünyasının hətta o uzun ömrün çərçivələrinə sığması da haqqdan gələn
verginin nəticəsidir.
Ələsgər Sözü və Sazı ilə
Qarabağdan tutmuş Naxçıvanacan, Gəncədən tutmuş Tiflisəcən el-obanı
dolaşdı, Türkiyə mahallarını gəzdi, məclislər apardı, toylar keçirdi
və o Sözlə Sazın dediklərini xalqın özünüifadəsinə çevirdi, əvvəlki
dövrlərin korifeyləri Yunus İmrə, Qaracaoğlan, Qurbani, Abbas
Tufarqanlı, Xəstə Qasım... kimi aşıq sənətini ən yüksək
bədii-estetik me'yarlarla bir daha təsdiq etdi.
Bütün böyük sənətkarlar kimi, Aşıq
Ələsgərin yaradıcılığı da milli hadisədir, milli mədəniyyətin
faktıdır. Ancaq böyük sənətkarlarm yaradıcılığı bunu da sübut edib
ki, bəşəriyə aparan yol öz başlanğıcını millidən götürür və bu
mə'nada Ələsgərin yaradıcılığı da klassik bir nümunədir: o nə qədər
millidirsə, bir o qədər də bəşəridir .
Hələ XIX əsrin ortalarında, cavan
yaşlarında ikən Aşıq Ələsgər məşhur rus şairi Yakov Palonski ilə
görüşür və bu görüşdən (aşıq yaradıcılığından!) tə'sirlənən Palonski
xüsusi bir məqalə yazır.
Yakov Palonski hara, Aşıq Ələsgər
hara? Tamam müxtəlif mühit, müxtəlif psixologiya, müxtəlif təfəkkür
tərzi, müxtəlif dünyagörüşü...
Məsələ həmin milli ilə bəşərinin
birliyində, vəhdətindədir.
Buna görə də o görüşdən 100 il
keçdikdən sonra, başqa bir məşhur rus şairi-Konstantin Simonov da
yəqin eləcə tə'sirləndiyi üçün, Aşıq Ələsgərin altı qoşmasını və
Aşıq Şair Vəli ilə deyişməsini rus dilinə gozəl tərcümə etmişdir.
Allah vergisi, əlbəttə, millidir,
amma o veriləndən sonra nə coğrafı, nə də milli sərhədlər tanıyır.
Aşıq sənəti Azərbaycan folklorunun
əsasını təşkil edir və misal üçün, İsland saqalarından, yaxud
rusların “İqor polkunun dastanı”ndan fərqli olaraq, Azərbaycan
dastanlarını və ümumiyyətlə, bütün türk dastanlarını yalnız Söz yox,
Sözlə bir yerdə həm də Saz yaratmışdır, qədim “Kitabi-Dədə
Qorqud”dan tutmuş “Əsli və Kərəm”əcən, “Koroğlu”dan tutmuş Aşıq
Ələsgərin özü haqqında yaranmış “Aşıq Ələsgərin Naxçıvan səfəri”,
yaxud “Aşıq Ələsgərin Qarabağ səfəri” kimi, Azərbaycan dastanlarının
mayası aşıq sənəti ilə yoğrulmuşdur.
Aşıq sənəti, əslində bir fərdin
yaratdığı teatrdır.
Aşıq-şairdir. Aşıq-yazıçıdır
(dastanlar yaradır). Aşıq-dramaturqdur (deyişmələr; dramatik
dialoqlar). Aşıq-bəstəkardır (“Dilqəmi”dən tutmuş “Ruhani”yəcən,
“Kərəmi”dən tutmuş “Keşişoğlu”nacan yüzlərlə havacatı kim yaradıb?
Namə'lum aşıq!). Aşıq-müğənnidir. Aşıq-rəqqasdır. Aşıq-bugünkü ifadə
ilə desək, bədii qiraət ustasıdır. Aşıq-instrumental ifaçıdır. Bütün
bunların hamısı da bir nəfər, bir fərddir.
Uzun-uzun əsrlər boyu aşıq sənəti,
misal üçün, yaponların “Kabuki”, ya “No” teatrları, yaxud ispanların
romanserosu kimi, milli bədii təfəkkürün (indiki halda Azərbaycan
milli bədii təfəkkürünün) taktına çevrilib.
Avropada fransız truveri və
trubadurluğu, yaxud alman minnezingerliyi xalqı necə ifadə
etmişdirsə, aşıq sənəti də Azərbaycanda həmin işi görmüşdür, ancaq
fərq ondan ibarətdir ki, truverlik və trubadurluq da, minnezingerlik
də ayrı-ayrı əvvəli və sonu mə'lum dövrlərin, mərhələlərin
hadisəsidirsə, aşıq sənəti əvvəli Orxon-Yeniseydən xəbər verən, sonu
isə olmayan bir sənətdir, daim qaynayır, daimi dinamikaya malikdir,
bütün dövrlərin müasir yaradıcılığıdır.
Və min il bundan əvvəl olduğu
kimi, bu gün də belədir.
Və Aşıq Ələsgər həmin
yaradıcılığın klassikidir.
Aşıq Ələsgər-filosofdur, estetdir,
humanistdir, bədbindir, nikbindir...
Və s. və i.a.
Bəli, bütün bunlar belədir, amma
mənim üçün Aşıq Ələsgər ilk növbədə Aşiqdir (“Ələsgərəm, gözəllərdi
əzbərim...”, yaxud “Canım gözəllərin yol qurbanıdır...”) və Ələsgər
poeziyasının yarattdığı (və eyni zamanda həmin poeziyanı yaradan!) o
Aşiq, olsun ki, ya zövqünə görə, ya yaşına, ya da gözlərinin rənginə
görə Məcnundan fərqlidir, Romeodan seçilir, Kərəmin eyni deyil, amma
o da Leylinin, Cüllettanın, Əslinin sevgi dünyasında ən doğmalardan,
ən məhrəmlərdən biridir, həmin sevgi dünyasının sakinidir.
Bu sözləri yazıram və
fikirləşirəm: mən nə üçün bunları yazıram?
Onsuz da Aşıq Ələsgərin Sözü və
Sazı nə lazımdırsa, hamısını özü deyir.
19 may 1999