Güntay

İbni Rüşd

 

İbni Rüşd “Əlşareh” adı ilə məşhur olmuşdur. Bu ləqəbi ona Dante öz ünlü əsəri “Ilahi komediya” poemasında vermişdir. İbni Rüşdün bu adı qazanmasına səbəb olan hadisə, zahirən onun Aristotel fəlsəfəsini şərhçilərin qarışdırdığı Əflatunçu və digər ünsürlərdən ayırd etməsi olmuşdur.

                  İbni Rüşdə görə, insan ağlını təcəssüm edən ən ali surət Aristoteldir. Ernest Renan, “İbni Rüşd özünü sadəcə şərhçi kimi tanidır. Lakin onun təvazökarlığına inanmaq doğru deyil. Insan ağlı hər zaman öz istiqlalına çatmağı, vardığı istiqlalını qorumaq istəmişdir. İbni Rüşd bu əqli istiqlalı əldə etmiş istisna filosoflardan birisidir”,- deyir.1

                  Din-fəlsəfə və ya şəriət-hikmət arasında uzlaşma yaratmaq insan şüurunun başlıca istəklərindən biri olmuşdur. Insan daima əqli veriləri ilə iman veriləri arasında əlaqə qurmağa çalışmışdır.

                  Mötəzilə hər kəsdən öncə din və fəlsəfə arasında münasibət qurmağa cəhd etmişdir. Onlar düşünürdülər ki, əql və vəhy (açınım) hər ikisi Tanrı vergisi və biri digərinin tamamlayıcısıdır. Əql və vəhy arasında bir-birini inkar edəcək bir şey yoxdur. Vəhy məquldur, çünkü mütləq olan Tanrı tərəfindəndir və məqul olduğu üçün də ağılla heç bir ziddiyəti yoxdur. Hər ehtimala görə ağıl və vəhy arasında bir ziddiyyət ortaya çıxarsa, təvil (açıqlama) zəruriyəti ortaya çıxar. “VIII əsrin ortalarından etibarən IX əsrin ortalarına qədər Əbbasi xilafətinin rəsmi dövlət dini (ideolojisi) olan Mötəzilə, bu dünyagörüşündən yola çıxaraq, Yunan fəlsəfəsini ərəb dilinə tərcümə etməyə başlamışdır. Mötəzilənin dövlət düzənindən uzaqlaşdırıldığı andan etibarən bütün bu tərcümələr yasaqlanmış və İslama qarşı ağıl səfsətəsi olaraq duyurulmuşdur.”2 “Motəzilə, əql mövzusuna o qədər əhəmiyət verirdi ki, hədisləri mütləq şəkildə qəbul edən bir çox fəqihlərin tərsinə olaraq, ağıl və hədis ziddiyəti ortaya çıxdığında, ağılı tərcih edirdilər”3.

              Zəki Vəlidi Tuğan Nişaburda araşdırma yapdığı zaman Əbu Reyhan Biruni*dən bu şəkildə bir təsbitə rastlanar: “Şərq mədəniyəti deyilən qavram Uzaq Doğuya (Hind-Çin) məxsus olan bir hadisədir. İslam şərqindəki mədəniyət VIII-IX əsrlərdə Yunan zəkasının ərəbcəyə tərcüməsindən başqa bir şey deyildir.”

Əslində Farabi, İbni Bacə, İbni Tüfeyl, İbni Sina kimi böyük bilgələrin ortaya çıxışları Mötəzilənin təfəkkürdə açdığı cığırın nəticəsi idi. Mötəzilənin ortamdan dışlanışı və təqlid kültürünün siyasi, elmi mühitə yerləşməsi ilə düşüncə planındaki bu gəlişmələr də durduruldu.

                  Əlkəndi bu doğrultuda bir çalışmalar içərisinə girmisə də, müvəffəq ola bilməmişdi. Bu müvəffəqiyəti və şüur, fəlsəfə planındaki uğuru İbni Rüşd əldə edəcəkdi. Fəqihlərin  Yunan fəlsəfəsinə və hər türlü rasionalizmə (əqli mülahizəyə) qarşı aşılmaz divar hördükləri bir zamanda İbni Rüşd fəlsəfi yanaşmanı savunurdu.

                  Fəqihlər, Qəzzalinin “Tühafət-ul Fəlasifə” kitabındaki fəlsəfə əlehdarı dəyərləri təyid, təbliğ və təlqin edirdilər. Qəzzali bu kitabda çox sərt bir şəkildə filosoflara qarşı çıxır və onları xülyəvi adamlar kimi tanımlayır. İbni Rüşd fəlsəfəni müdafiə edərək, onun filosofları anlaya bilmədiyini, ya da anlamaq istəmədiyini irəli sürür və deyir ki, Qəzzali məsələyə sadəcə bir yöndən baxır, digər göruşləri görə bilmir. İbni Rüşd, Qəzzalini dargörüşlülükdə müttəhim edərək deyir: “O, dargörüşlü olmasından əlavə, filosoflara qarşı içində bir həsəd və kin duyğusu gəzdirmişdir. Bu üzdən də fəlsəfəyə qarşı şarlatanlıq mövqeyindən yanaşmışdır.”4

                  İbni Rüşd fəlsəfə düşmənləri tərəfindən təzyiqə məruz qalmışdı. Bu üzdən onlara qarşı çıxmaq üçün, fəlsəfə düşmənlərinin təməl bilgi qaynağı olan Qəzzalinin mürtəcə olduğunu isbatladı və ən böyük zərbəni Qəzzali düşüncə sisteminə vurdu. İbni Rüşd sübut etdi ki, din fəlsəfənin düşməni deyildir. Əksinə, din öz əsaslarını möhkəmləndirmək üçün fəlsəfəni yardıma çağırır. Filosofa görə, Quranın zahiri və batini vardır. Onun batini sirlərini yalnız fəlsəfə ilə anlamaq mümkündür. Fəlsəfənin anladığı bu batini sirlər təvillə və şərhlə anlatıla bilir. İbni Rüşdə görə, filosofun dəyərləndirməsi təhlil və təlilə (dəlil tapmağa) dayanmaqdadır. Fəlsəfənin əsas qayəsi budur ki, insan oğlu, ulu bir yaradanın var oluşuna işarə edən mövcudata və məxluqata diqqət etməlidir. Nəzər və etibar yalnız əqli qiyas və ölçü ilə müyəssərdir. Etibar, məlum gerçəklər əsasında məçhulatı kəşf və isbat etməkdən başqa bir şey deyildir. Bu isə müqayisə ilə gerçəkləşə bilər. Bu səbəbdən əqli müqayisə ilə mövcudata diqqət etmək vacibdir ki, bu da fəlsəfi baxışın vacibliyini gərəkdirir. Əqli müqayisələrlə bizdən öncə, hətta peyğəmbərlərin zamanında belə uğraşmayıblarsa, bizim də bu elmlə məşğul olmamağımıza dəlalət etməz. Biz əqli müqayisələrlə ugraşmaq zorundayıq. Bilgilərimizi dərinləşdirmək üçün, hətta dindən çıxmışların da fəlsəfələrini öyrənməkdə fayda var. Dindən çıxmanın səbəbləri araşdırılmalıdır ki, əcəba onların qeyri-haqq yoluna düşmələrinin səbəbi fitrətlərindəki qüsur dolayısıyladır, yoxsa bir bələdçi və rəhbərin olmaması üzündəndir? Məsələn, boğazında tikə qalan adamın ölməsi, ac adamın da yemək yeməməsinə dəlalət etməz. Çunki tikənin boğazda qalması ilə ölmək bir təsadüfkən, aclıqdan ölmək bir zərurətdir. İbni Rüşd isbat edir ki, din əqli görüşləri tələb edir və əqli nəzər və göruşlər isə, yalniz fəlsəfə ilə əldə edilir. İbni Rüşdə görə, fəlsəfə sadəcə bir fərdin zehni ürünü deyildir. Fəlsəfə əsrlərin, nəsillərin fikri təkamülündən yogrulmuşdur. Islam fəlsəfələri əsasən əql və vəhyi mərifətə və həqiqətə çatmanın iki məsdəri kimi anlamaqdadır.

                  İbni Rüşdə görə, fikri özəllik baxımıbdan insanlar üç qismə ayrılırlar:

1.    Əqli müqayisənin və açıqlamanın əhli olmayan sadə insanlar, avamlar.

2.    Əqli müqayisə və açıqlamanı mübahisə yolu ilə mümkün sayanlar; bunlar tam düşuncə əhli deyillər, həm də mübahisəçidirlər.

3.    Əqli müqayisəni öz nəfslərində yəqinə və həqiqətə varmaq üçün rəhbər tutanlar. Bunlar məntiq və kamal əhlidirlər.

İbni Rüşdə görə, Qəzzali cövhərə varmadığı üçün təqlidə qapandı. Bu üzdən də Qəzzaliyə xitabən deyir ki, elm əhli olmayan adamlara şəriətin zahirini təqdim etmək artıqlaması ilə yətərlidir. Bu tip adamlara əqli qiyas yolu ilə batini sirləri açıqlamaq xətadır, çünkü onların fitrətləri qaranlığa gömülmüşdür.

Icma, (islam alimlərinin həmfikirliyi) islamda yeganə ünsürdür ki, əqli qiyas və açıqlamaya qarşıdır. İcma, İslamda açıqlama (təvil) məsələsini ortadan qaldıra biləcək biricik vasitədir. İbni Rüşd qətiyyətlə icmaya qarşı çıxır. Icma, peyğəmbərin bir hədisinə istinadən fiqh elmində formalaşmışdır. O hədis də bu məzmundadır ki, müsəlman cəmiyyətinin hamısı eyni zamanda yanlışlığa sürüklənə bilməz. Burada müsəlman cəmiyyəti deyildiyində fəqihlər və müctəhidlər nəzərdə tutulur. Oysa filosofa görə, eyni zamanda bütün bu fəqihlər ordusunun xəta etmə imkanı mövcuddur. Əlbəttə ki, İbni Rüşd bu görüşlərindən dolayı islami ingizasion (inkvizisiya) tərəfindən incidilmiş, canını zorla qurtarmışdır.

İbni Rüşd əxlaq və siyasət mövzusuna da toxunmuşdur. Filosof, Əflatunun “Cumhuriyət”, Farabinin “Mədinə-i Fazilə” kitabları ilə və Ibni Sina ilə Ibni Bacənin siyasətlə bağlı düşuncələri ilə dərindən tanış idi. İbni Rüşdün diqqətini cəlb edən, özəlliklə Əflatunla Ibni Bacənin teoriləri idi. İbni Rüşdə görə, insan ictimai heyvandır. Bu üzdən də yalnız yardımlaşma və dayanışma ilə səadətə çata bilər. Filosof öz əsərində insanı səadətə aparan nəzəri və əməli fəzilətlərdən söhbət açmaqdadır.

Mütəfəkkirə görə, din əməli fəzilətlə, fəlsəfə isə nəzəri fəzilətlə insanı tanış edir. Filosof, Əflatunun və Farabinin siyasi göruşlərinin yanlısı (tərəfdarı) olaraq, ömrünün bir qismini fəlsəfəyə həsr etmiş insanların cəmiyyəti idarə etmələri gərəkir kimi bir inanc daşıyırdı.

İbni Rüşd, qadın haqlarını savunan istisna  bilgə olmuşdur. Filosofun qadınlarla ilgili düşuncəsi XIX və XX əsrlərdə qadın hüquqlarını savunan modern dünya görüşlərinə çox bənzəməkdədir. İbni Rüşd, qadının insani xilqətini, yaranış fitrətini fəlsəfi baxımdan təhlil edir. Fiziksəl imkan nəzərə alındıqda zahirən kişi qadından daha güclü olaraq görünür. Bu baxımdan kişilərin qadınlara nisbətən ustünlüyü vardırsa, bir xeyli sahələrdə, özəlliklə sənət və musiqi baxımından kişilər qadınların fitri istedadları səviyyəsinə qətiyyən çata bilməzlər. Islam ölkələri o zaman inkişaf edəcəkdir ki, qadının istedad qanadlarını bağlayan bağlar qırılacaqdır. Qadın özgürlüyü islami ölkələrin tərəqqisinə imkan yaradacaqdır. Qadın ət yığınından ibarət ləzzət mənbəyi deyildir. İslam dünyasında yayğın olan qadın anlayışı insanlığın təkamülünə əngəl olmaqdadır.

“Bizim dargöruşlülüyümüz qadınların zəngin mənəvi, estetik dünyalarını dərk etməyə imkan vermir. Sanki qadın iki iş üçün yaranmışdır: biri uşaq doğurmaq, digəri isə uşaq böyutmək. Qadınları qul səviyyəsinə gətirməmiz bizi bir çox gözəlliklərdən və zəriflikdən məhrum etmişdir. Bu vəziyət eyni zamanda qadınların əqli imkanlarının təxrib olunmasına yol açmışdır. Bu üzdən də İslam dünyasında yüksək fəzilətli və zəkalı qadınlara rastlanmırıq. Qadınların həyatı bitkilərin həyatı kimi sona varır. Ancaq qadın bitki deyil, insandır. Ağlı, zəkası, hissiyatı və yaradıcılıq qabiliyəti olan insandır. Qadınlara insan kimi yanaşmamaq, onları kişilərin yükü və qulu halına gətirmişdir. Bu da cəmiyətin bədbəxtliyinə və “Mədinə-i Fazilə”nin məhvinə gətirib çıxarır. Çünkü cəmiyyətin 2/3 hissäsi qadınlardan ibarətdir. Ancaq onlar öz zəruri və ilkin ehtiyaclarını təmin etməkdən məhrumdurlar. Qadınlar heyvanlar kimi erkəklər tərəfindən bəslənirlər. Bununla da qadınlar nə fikir nə də maddi sahələrdə heç bir şey ortaya qoymadan, yalniz yeyib-içən bioloji canlılar və heyvanlar sürüsü halına gətirilmişlər. Qadınlar bu əsarətdən qurtarmalıdırlar.”2

2000-Bakı

27.01.2006-Finlandiya-Tampere


 

1 Həna Əlfaxuri-Xəlil Əlcer “Islam Dünyasında fəlsəfənin tarixi” (Tarixe fəlsəfe dər cəhane eslami) s.    654, Sazemane enteşarat və amuzeşe enqelabe eslami, III nəşr 1367

2  Sadeq Zibakəlam “Sünnət və modernizm”

3 Murtəza Mütəhhəri “Aşenai ba olume eslami” (İslam elmləri ilə tanışlıq) S. 159

* Əbu Reyhan köçəri türklərdən olduğu üçün ona Biruni, yəni şəhər dışından gələn adam deyirdilər.

4 Həna Əlfaxuri-Xelil Əlcer “Islam Dünyasında fəlsəfənin tarixi” (Tarixe fəlsəfe dər cəhane eslami)  Sazemane enteşarat və amuzeşe enqelabe eslami, III nəşr 1367

2 Həna Elfaxuri—Xelil Elceri “Islam dünyasında felsefənin tarixi”(Tarixe fəlsəfe dər cəhane eslami)  s.704

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

www.durna.info | eldeniz@yahoo.com