| |
Güntay Gəncalp
İsmayıl Şəms
Azərbaycanın dəyərli
şəxsiyətləri haqqında bir yazı yazarkən, google-da onların
rəsmlərini araram. Adətən də tapdığım rəsmi məqaləmin başında
yerləşdirərəm. İsmayıl Şəmsin ölüm xəbərini eşidərkən gözlərim
doldu. Otaqda addımlayıb içimdəki
kədəri özümə məxsus şəkildə yaşamaq istədim. Sonra da
İsmayıl Şəms haqqında bir yazı yazmaq istədim. Google-da onun
rəsmini tapa bilmədim. Dəhşətə bax, bir millətin ana dilində
Təbrizdə qəzet çıxarıb onun varlığı yolunda gəncliyini, bütün
ömrünü fəda edən insanın bir tək rəsmi belə internet dünyasında
yoxdur. Bu üzdən də bu yazımı İsmayıl Şəmsin rəsmi olmadan
yazacağam. İsmayıl Şəmsin məchul qalmasında, internet dünyasında
bir tək rəsminin olmamasında sanıram mənim də suçum var. Biz
suçlu millətik. Qurtluş isə bu suçluluğu fərdi və milli yazqıdan
qaldırmaqla mümkün olacaq.
***
Azərbaycan Yazarlar
Birliyinin toplantı salonunda bir mərasim var idi. Orada mən də
atəşin söhbət etmişdim. Proqram bitdikdən sonra yaşlı və arıq
bir kişi mənə yaxınlaşıb əlini çiynimə qoyub “Mən də gəncliyimdə
sənin kimi idim. Sağ ol səni, mənə gəncliyimi xatırlatdın. Mən
də gəncliyimdə özümü qurtuluşçu sayırdım. Böyük və sarsılmaz
iradə ilə mübarizə aparırdım.”- dedi. İsmayıl Şəms idi bu ulu
insan. İsmayıl Şəmsi öncədən tanıyırdım. Onun haqqında “21 Azər”
dərgisində oxumuşdum. İsmayıl Şəmsin əllərini böyük bir
səmimiyətlə sıxdım. Bu insan mənim tariximin canlı bir örnəyi
idi. Daha sonra da bir kərə görə bildim İsmayıl Şəmsi.
Danışarkən səsi titrəyirdi. Titrək səsin içində gəncliyindəki
mübarizə enerjisi ilə Sovetlər Birliyində gördyü əziyətlər
bir-birinə qarışmışdı. 21 Azər hərəkətinin məfkurələrindən biri
olan İsmayıl Şəms Sovet məkanında yoxsulluq və Sovetlərin
soysuzlaşdırma siyasəti nəticəsində çox şeyini itirmişdi.
Azərbaycanın milli məfkurələrindən biri olan bu insan bəzən
gündəlik yeməyə möhtac buraxılmışdı. Ayrıca ən yaxın dostları
kommunistlər tərəfindən sibirlərə sürgün edilmiş, milli rəhbəri
olan Pişəvərinin başını bir erməni arabaya çarpa-çarpa
öldürmüşdü. Yurdu dağılmış, idealı əlindən alınmış bir insan.
Bütün bu olaylara şahid olan İsmayıl Şəmsin qurtuluş arzuları
ürəyində dəfn olmuşdur. Özü də unutqanlıq dumanlığında
itib-batmışdır.
O zaman İsmayıl Şəmsin “mən
də sənin kimi idim”- deməsi məni qorxutmuşdu. Öz-özümə
düşünmüşdüm ki, mənim də yaşlılığım, gələcəyim İsmayıl Şəms
kimimi olacaq? Belə kimsəsiz, yalnız, unudulmuş! Düşünürdüm ki,
nədən bizim tariximizdə fərdi aqibətlərini milli aqibətə
bağlamış insanların yazqısı bu şəkildə olmalıdır? Nədən, nədən,
nədən? Tariximizdə və düşünüş tərzimizdə bir əksiklik var, belə
olmamalıdır. İsmayıl Şəmsin yeri, tarixi-mənəvi statusu bu
şəkildə olmamalı idi. Bu tarixi uçurmaq lazım. Uçurub yenidən
dürüst memarisinə başlamaq lazım.
İsmayıl Şəmsin həyatı
tarixi bir romanın, böyük həcmli bir romanın mövzusudur. O
uçurumlu, o qorxunc, o umutsuz
həyat yollarını keçən İsmayıl Şəmsin yaşam öyküsü süquta
uğrayan, əzilən bir millətin acı tarixinin, yazqısının
örnəklərindən biri və ən ibrətamizidir.
25.01.2008
|
|