Azərbaycanın məhbəs gözəli

 

4 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ CƏZA ÇƏKƏN MƏHBUS, MİLLİYYƏTCƏ ÖZBƏK OLAN ZAMİRƏ MİRZƏYEVA AZƏRBAYCANDA İLK DƏFƏ MƏHBUS QADINLAR ARASINDA KEÇİRİLƏN GÖZƏLLİK MÜSABİQƏSİNİN QALİBİ OLUB
    Məhbəs və gözəllik müsabiqəsi. Başqalarını fahişəliyə cəlb etməkdə günahlandırılan qadın və həmin qadının bu gözəllik yarışmasında qalibiyyəti. Təzadlıdır, amma ilk baxışda. Görüşdən əvvəl mənə elə gəlirdi ki, o, bu qalibiyyətini nümayişkəranə şəkildə büruzə verəcək. Onunla məhbuslar üçün yaradılmış gözəllik salonunda görüşdük. Əynində idman paltarı vardı. Üstdən isə əyninə dustaq xalatı keçirmişdi. Adi qaydada yığılmış saçlar və boyasız sifət. Söhbətimizin qəhrəmanı olacağını biləndə bu xəbəri çox sakit qarşıladı. Sorağını eşidib gəldiyimiz bu gözəl elə bil öz görkəmindən utanırdı. Bu, açıq-açığına beləydi. Düzdür, sonradan o, saçlarına, üz-gözünə əl gəzdirdi. Ancaq türmədəki qadınlar içərisində gözəl adını qazanmaq heç onun eyninə də deyildi. Yəqin ona görə ki, qalibiyyətin sevincini yalnız bir neçə gün yaşayan bu qadın artıq çoxdan əvvəlki məhbus həyatına qayıdıb. Özlüyündə bir daha əmin olub ki, azadlıq kimi bir boşluğu bu cür qələbələr doldura bilməz...
   Mən isə onu dinlədikcə, bir daha əmin oldum ki, əksər qadınların uçuruma yuvarlandığı yol kişilərin xəyanətindən başlayır...
   - Gözəllik müsabiqəsində neçə iştirakçı vardı?
   - Əvvəl 18 nəfərdik. Sonra Elmira Şükürova iştirak etmək istəmədi və çıxdı.
   - Niyə?
   - Məşqlər zamanı kişilər də gəlib otururdular. Məsələn, münsiflər heyətinin üzvlərindən, baş idarədən. Ona görə də qızlar çaşırdılar, mahnı oxumağa, şer deməyə utanırdılar.
   - Sizə müsabiqəyə qatılmağı müəssisənin rəhbərliyi təklif etmişdi, yoxsa könüllü iştirak edirdiniz?
   - Kim istəsəydi, qatıla bilərdi. Birinci yeri tutacağımı heç ağlıma da gətirmirdim. Azərbaycan dilində şer deyəndən, özbək mahnısı oxuyandan sonra balım artdı. 94 bal topladım və birinci yeri tutdum.
   - Bəlkə Azərbaycana gəlişinizdən danışaq. Həyat yoldaşınızla necə tanış olmuşdunuz?
   - Onunla yaşadığım Anderjan şəhərində tanış olmuşdum. Həmin vaxt başqasına deyikliydim. Oğlanın adı Akif Kazımov idi. O, alverlə məşğul olurdu. Akif mənə hərdən söz atırdı, mənsə onda Azərbaycan dilini başa düşmürdüm. O da özbək dilini bilmirdi. Tanış olandan sonra öz aramızda rus dilində danışırdıq. Akif məni Bakıya qaçırdı. Anamgil evlənməyimizə etiraz etmədilər. Onlar qabaqcadan bilirdilər ki, ortada belə bir söhbət var, amma qoşulub qaçacağımı bilmirdilər. Bakıdan zəng etdik, valideynlərim gəldi. Burda toy elədilər. Cəmi bir il yaşadım. Sözümüz düz gəlmədi və ayrıldıq. Akif Tovuz rayonundan idi. Evlənəndən sonra metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığındakı evimizdə yaşayırdıq. Həyat yoldaşımdan ayrılandan sonra çətinliklərim oldu. Çıxıb getdim Özbəkistana.
   - Ailəniz sadəcə, sözünüzün düz gəlməməsi üzündən dağıldı?
   - O, gecələr evə gəlmirdi, mən də oturub gözləyirdim. Döyürdü məni. Ərə gələndə 16 yaşın içindəydim. Bu cür vəziyyətə dözə bilmirdim. Mən ailənin sonbeşiyi olmuşam. 4 qardaşım, bir bacım var. Evimizdə heç vaxt görməmişəm ki, nə atam, nə anam, nə də bacı-qardaşlarım məni təhqir etsinlər, əl qaldırsınlar. Qayınanam mənə kömək etmək istədi. Oğlunu başa salmağa çalışdı. Sonra Akif başqa bir qız qaçırdı və onunla yaşamağa başladı. 1992-ci ildə onunla rəsmi şəkildə boşandıq. Bunu o istədi. Evlənməyimizdən 5-6 ay keçməmiş məhkəməyə pul verib boşandı. Ondan ayrıldığıma peşman deyiləm. Həyatda heç nəyim olmasa da, bir oğlum var. İndi onun 13 yaşı var. Fransada - bacımın yanında yaşayır və orada kollecdə oxuyur. Ayrılandan sonra bir müddət qayınanamın yanında qaldım. Sonra dedim ki, dözə bilmirəm. Qayınanam çox istədi Akifi geri qaytarsın, amma xeyri olmadı. Çıxıb getdim Özbəkistana və bir il orada qaldım. Yaman dərd çəkirdim. Anamgil məni danlayırdılar ki, əgər getməsəydin, heç belə olmazdı. Sonbeşiyəm, ürəkləri ağrıyır mənə. Sonradan yoldaşımı heç görmədim. Yalnız uzaqdan uzağa. Bir ildən sonra qayıtdım Azərbaycana. Bakıda birotaqlı evim vardı. Bayaq dediyim ev. Həmin mənzili o vaxt anamgil toyuma hədiyyə etmişdilər. Bir də görürdüm ki, qapı döyülür, Akif qaçırdığı qızla mənim evimə gəlirdi, narahatçılıq olurdu. Anama zəng etdim və evi satdım. 8 min dollara almışdıq, 8 min 500 dollara satdım. Təzədən çıxıb getdim Özbəkistana və sonra yenidən qayıtdım. Təzəcə ərdən çıxmış qız necə olar? Bakını tanımırdım, Azərbaycan dilində danışa bilmirdim. Özümə söz vermişdim ki, əgər Azərbaycanda yaşayıramsa, bu dili öyrənməliyəm. Ailədə isə həyat yoldaşımla rus dilində danışırdıq. Səkkiz ayın içərisində başladım Azərbaycan dilində danışmağa. Danışanda hərdən mənə deyirlər ki, naxçıvanlısan. Naxçıvanlılarla çox işlədiyim üçün onların ləhcəsini götürmüşəm.
   - Harda işləyirdin?
   - Mən hər yerdə işləmişəm - şadlıq evlərində, restoranlarda... Ofisiant işləyib birtəhər dolanmışam. Oğlum Fransada bacımın yanındadır. Allah qoysa, məktəbi bitirəndən sonra öz yanıma gətirəcəm.
   - Bəs türməyə necə düşmüsən?
   - 2003-cü il aprelin 11-də tutulmuşam. Qurama bir işiydi. Həmin vaxt "Qaya" restoranında ofisiant işləyirdim. Restoranın yanında bar da var. Yəni "Qaya" restoran-bar idi. Restorana gəlib-gedənləri adətən tanıyırdım. İki qız mənə yaxınlaşıb 15 "şirvan" pul verib dedilər ki, bir azdan gəlib götürəcəyik. Üzlərindən 15-16 yaşlı qızlara oxşamırdılar. Onlar məni ofisiant kimi tanıyırdılar. Qızlara dedim ki, əgər işdə olmasam, pulu kassirə verəcəyəm, gəlib ondan alarsınız. Yolun qırağında bir "Mersedes" dayanmışdı. Müdirimə dedim ki, Akif müəllim, maşında qıraqda oturan adam deyəsən müştəridir, amma nədənsə restorana girmir. Qızlar pulu əlimə verər-verməz "Mersedes"dəkilər düşüb məni tutdular və əllərimi burub Nizami rayon 25-ci polis bölməsinə apardılar. Əslində işlədiyim restoran heç 25-ci polis bölməsinə baxmır, 24-cü polis bölməsinin ərazisinə düşür. Məni bir gün bölmədə saxladılar. Tələb etdim ki, Özbəkistan səfirliyi ilə əlaqə saxlamaq istəyirəm. İnanmadılar, dedilər ki, yalan danışırsan, heç sənin özbəkliyin bilinmir.
   - Səni niyə tutmuşdular?
   - Guya pul verən həmin iki qızı yoldan çıxarmışam. Barda çalışan ofisiant mənim barəmdə 25-ci polis bölməsinə ərizə yazıbmış. Onu müdiri öyrədib. Bölmədə dedilər ki, 3 min dollar gətir işini yox edək. Qızlar heç üzümə dayanmadılar. Dedilər ki, Vüqar - barın müdiri onları buna vadar edib. Həmin Vüqar mənə barda işləməyi təklif etmişdi. Razı olmamışdım. Çünki bar axşamdan səhərə qədər işləyir. Mən orda çalışa bilməzdim. Odur ki, təklifi rədd etdim. Restoranın işləri yaxşı gedirdi. O da istəyirdik ki, bara keçim. Qızlar isə məni yalnız ofisiant kimi tanıdıqlarını bildirdilər.
   - Sən restoran üçün elə böyük fiqur idin ki, aradan götürsünlər?
   - Bayaq dediyim ofisiant oğlan - polisə ərizə yazan mənə bir neçə dəfə söz atmışdı, tanış olmaq istədiyini söyləmişdi. Mən bir tikə çörək üçün səhər saat 9-dan gecə saat 12-ə qədər 10 min manat pula işləmişəm. Oğlan dedi ki, razı deyilsən, onda baxarıq axırı necə olacaq. Gəldim düşdüm türməyə. 3 il 3 ay iş veriblər mənə. Apelyasiya Məhkəməsinə şikayət etdim. Nizami rayon prokuroru Vüqarın məsələsinin araşdırılması üçün protest verdi. Vüqarı 243-cü maddə ilə - fahişəliyə cəlb etməyə görə tutdular. Qızlar onun üzünə dayandılar. Mənə isə 171-ci və 243-cü maddə ilə iş verilib. Bilmirəm pul verib çıxıb, yoxsa... Amma onu bilirəm ki, indi Vüqar çöldədir. Ona 4 il 6 ay iş vermişdilər. Mən 8 ay Bayıl təcridxanasında yatdım. Keçən il noyabrın 28-də bura köçürülmüşəm. İndi adım komissiyadadır. Cəzamın yarısını çəkmişəm və bu gün-sabah çıxıb gedəcəyəm evə.
   - Qayıdaq gözəllik müsabiqəsinə. Yarışma hansı mərhələlərdən ibarət idi?
   - Birinci mərhələdə musiqi altında səhnə yerişi və paltarlarımız nümayiş olundu. İkinci mərhələdə şer dedik, sonra mahnı oxuduq, tapmacalara cavab verdik. İntellektual suallar verildi, ən axırda da rəqs etdik.
   - Paltarın hansı üslubdaydı? Bu sahədə seçim özünə məxsus idi?
   - Bəli, geyimi özüm seçmişdim. Şəxsi paltarımıydı. Şalvar-kofta geyinmişdim. Koftam və ayaqqabım qara, şalvarımsa süd rəngindəydi. Şalvarımın balaqları trapes formasındaydı.
   - Saç düzümünü də özün etmişdin?
   - Saçlarımı lap ürəksiz yığmışdım, necə gəldi. Saçlarıma sadəcə, yarışa qatıldığım üçün əl gəzdirmişdim. Birinci yeri tutacağıma inanmırdım. Makiyajımı da özüm etmişdim. Çox çəkməmişdim. Yarış zamanı kosmetikaya da fikir verirdilər.
   - Hansı rəngi xoşlayırsan?
   - Qara, bir də cins rəngini sevirəm.
   - Bu rənglər sənə yaraşır, yoxsa sənin üçün xüsusi məna kəsb edir?
   - Mən dolça bürcündənəm. Bürcümdə uğurlu rəng kimi qara göstərilib. Həm də dediyim hər iki rəng mənə yaraşır - qara da, cins rəngi də. Hərdən ağ paltar da geyinirəm.
   - Bürclərə inanırsan?
   - İnanıram. Bu haqda kitablar da oxumuşam. Məsələn, dolça bürcündən olanlara qızıl taxmaq olmaz. Özüm də bunu həyatımda sınamışam. Qızıl əşya taxanda ya itirmişəm, ya da kiməsə bağışlamışam, amma ürəklə hədiyyə eləmişəm. Dolça bürcündən olanlara gümüş düşür.
   - Yarış vaxtı gümüşdən istifadə etmişdin?
   - Bir dənə də olsun bəzək əşyası taxmamışdım - nə sırğa, nə üzük, nə də medalyon. Dolça bürcünün adamları sakit olurlar. Əgər onlara dəyməsən, onlar da sənə dəyməyəcəklər. Bu bürcdən olanlar həm də deyib-güləndirlər.
   - Müsabiqə üçün hansı şeri əzbərləmişdin?
   - Səməd Vurğunun "Azərbaycan" şerini. Həmin şerin bir bəndini üç həftəyə əzbərlədim. Mənə bir az çətin idi.
   El bilir ki, sən mənimsən,
   Yurdum, yuvam, məskənimsən.
   Anam doğma vətənimsən,
   Ayrılarmı könül candan,
   Azərbaycan, Azərbaycan!
   Şerdən əvvəl bir-iki söz dedim. Dedim ki, milliyyətcə özbək qızıyam, icazə verin sizlərə, Azərbaycana olan məhəbbətimi bu şerlə bildirim. Ondan sonra balım bir az artdı. Azərbaycan dilində ədəbiyyat oxumadığım üçün ədəbi dil mənə çətin gəlir. Orta məktəbi özbək dilində bitirmişəm. Azərbaycan dilində oxuya da bilirəm, yaza da. Danışıq zamanı problemim olmur, amma ədəbiyyat oxumadığım üçün suallar mənə çətin gəlirdi.
   - Müsabiqədə Azərbaycan, yoxsa özbək mahnısı oxudun?
   - Özbək mahnısı. Bu mahnını həmişə özbək müğənnisi Nəsibə Abdullayeva oxuyurdu:
   Gözləri gül gülümdür, bəri gəl,
   Avazi-bülbülümdür, bəri gəl.
   Saçları sünbülümdür, bəri gəl,
   Canımın cananası, bəri gəl.
   Amma müsabiqədə bu mahnını özbək dilində oxudum. Sonra rəqs etdim. Hansı musiqiyə oynadığımı heç özüm də bilmirdim. Azərbaycan, eləcə də xarici musiqiləri oynamağı bacarıram. Burda ad günlərində o qədər oynayırıq ki... Elə ad günlərində oynamaq mənim üçün yarışın bu mərhələsinə məşq idi.
   - Tapmacanın cavabını necə, tapa bildin?
   - Bunun üçün bilet çəkdik. Cavabını verə bilsəm də, tapmacanın özü indi yadımda deyil. Sual isə ondan ibarət idi ki, filan kinoda filan rolu kim oynayıb? Azərbaycan kinolarına baxmışam, amma suala cavab verə bilmədim. Odur ki, sualı dəyişdilər. Cavabı elə münsiflər heyətinin öz üzvləri verdilər. Mənim cavabım düzgün olmasa da, hardasa doğru cavaba uyğun gəlirdi. Ona görə də münsiflər heyəti cavabımı qəbul etdi.
   - Bu cür yarışlarda qadınlar çimərlik paltarında da səhnəyə çıxıb gözəlliklərini nümayiş etdirirlər. Gözəlliyin bu yolla nümayişinə sən necə baxırsan?
   - Necə deyim sizə? Bura türmədir, bağlı yerdir. Biz özümüz də istəmərik ki, türmədə açıq-maçıq geyinək, özümüzü göstərək. Bizə dedilər ki, kimin nəyi var onu da geyinsin. Nəyimiz vardı onu da geyindik. Mənə elə gəlir ki, qəşəng geyinmişdik. Münsiflər heyəti də baxdı və xoşlarına gəldi. Çöldə olsaydıq o başqa məsələ.
   - Boyunun ölçüsü nə qədərdir?
   - 163 sm.
   - Bəs çəkin?
   - 67 kilo. Müsabiqədə belə şeylərə fikir vermirdilər.
   - Müəssisədə konkret bir işdə çalışırsan?
   - Mən 6-cı briqadada oluram. İş olanda hamımız gedib işləyirik. Amma konkret bir işim yoxdur.
   - Gözəl adını alandan sonra məhbus qadınların sənə qarşı münasibəti dəyişməyib?
   - Mənə qarşı münasibət çox yaxşı oldu. Müsabiqə başa çatandan sonra başıma tac qoydular.
   - Bəs mükafat kimi nə hədiyyələr verdilər?
   - Ətir verdilər, qabı Zoluşkanının ayaqqabısının formasındadır, bir əl dəsmalı, qələm, sabun, diş fırçası və diş məcunu, bir dənə də daraq. Ətir nəyə desən dəyər, çünki burda qıtdır. Müsabiqə qurtarandan sonra axşamüstü şirniyyat süfrəsi açdım. Qızlarla oturub çay içdik, oynadıq.
   - Qadınlar sənə qısqanclıqla yanaşmırlar ki?
   - Türmədə hər tip qadın var. Paxıl qadınlar burda az deyil. Mən birinci yerə çıxanda sevinənlər də vardı, qıraqdan qibtə ilə baxanlar da. Mənim qalib gəlməyim hamı üçün sevinc ola bilməzdi.
   - Sənin üçün gözəllik nədir?
   - İndi durub deyim ki, mən gözələm - yox. Gözəllik gərək insanın daxildə olsun. Mən gözəl olduğum üçün birinci yeri tutduğumu desəm doğru olmazdı. Səhnəyə çıxanda özümü əməlli-başlı itirmişdim, zalda oturanlar mənim üçün yox idilər. Sonradan qızlardan soruşuram ki, mən necə yeridim, şer necə dedim, mahnını necə oxudum.
   - Sənin üçün zahiri, yoxsa daxili gözəllik üstündür?
   - Zahiri gözəllik də olmalıdır. Amma daxili gözəllik daha vacibdir. Başlıcası insanın ürəyi təmiz olmalıdır.
   - Gözəl seçilməyiniz sizə təsəlli verdi? Yəni məhbus həyatınıza yüngüllük gətirdi?
   - Yox. Belə tədbirlərdə sadəcə, başımız qarışır və günlər elə bil tez keçir.
   - Vaxtını burda necə öldürürsən?
   - Gedib kitabxanada qəzet, kitab oxuyuram. Televizora baxıram. Bəzən iş olur, çağırırlar, gedib görürük. Günləri beləcə yola salıram.
   - Valideynlərinin sənin həbsindən xəbəri var?
   - Yox. Valideynlərim bilmir. Özüm xəbər vermədim.
   - Oğlunu tutulandan sonra Fransaya göndərdin?
   - Onu bacımın yanına göndərəndə 11 aylıq idi. 3-4 ildən sonra Bakıya gətirdim və 4 ay mənimlə qaldı. Sonra anamla bir yerdə getdilər. Doğrusu, oğlumu hələlik gətirmək fikrim yoxdur. Uşaq orda yaxşı oxuyur. İngilis, italyan, fransız dillərində danışmağı bacarır. Ona görə də təhsilindən ayırmaq istəmirəm.
   - Mart ayında yenidən gözəllik müsabiqəsi keçiriləcək. Bu yarışda iştirak etmək fikrin var?
   - İştirak etmək istəmirəm. Mən artıq birinci yeri tutmuşam, ikinci dəfə niyə ora çıxım ki?
   - Birinciliyi əldə saxlamaq istəmirsən?
   - İstəyərdim. Söhbət ondadır ki, bu yarışda iştirak etmək üçün kimi çağıracaqlar, kimi seçəcəklər. Eyni zamanda, təzə gələnlər də var.
   - Müsabiqənin qalibi haqda heç fikirləşmisən? Axı o da gözəl adını qazanacaq?
   - Mən paxıl qız deyiləm. Bu haqda da fikirləşməmişəm.
   - Həmin qızı qısqanmayacaqsan?
   - Mənim elə xasiyyətim yoxdur. Udub udub da, orda nə var ki?
   - Türmədə gözəl olmaq yaxşıdır, yoxsa azadlıqda çirkin?
   - Əlbəttə, azadlıqda çirkin olmaq.
   

 

 

Yazı haqqında nəzər veriniz!

 

يازي حاققيندا نظر وئرينيز!