Mehr ayının biri mədrəsələrin açılışı münasibəti ilə

 

 

Ana dilində ilk dərsliyimiz

 

“ Vətən  Dili  “

 

Mirzə Həsən Rüşdiyyə 1847-ci ildə Təbrizdə anadan olub. Özünün dediyi kimi, o Türk dilində məktəb açmaq məqsədilə və təlimin yeni metodlar qanununu və məktəb açmaq qaydalarını öyrənmək üçün İrandan mühacirət edib, milli məktəb və maarifin inkişaf etdirilməsi yollarını mütaliə etmək əzmi ilə Quzey Azərbaycana gəlmişdir ”.

 Rüşdiyyə İrəvan şəhərində Mirzə Kazım Əsgərzadənin idarə etdiyi məktəbdə pedaqoji elmi sahəsində gərgin mütaliəyə başlamış, pedaqoji elminin möhkəm qanunları ilə nəzəri cəhətdən silahlanmışdır. O əldə etdiyi nəzəri bilikləri həyata tətbiq etməyi bacarmaq üçün şəxsən təcrübə dövrü keçirmək məqsədi ilə 1883-cü ildə İrəvan şəhərində bir məktəb açmışdır. Rüşdiyyənin maarif sahəsindəki fəaliyyəti Zaqafqaziya maarif idarəsinin diqqətini çəkmişdir. Dövlət idarələrinə savadlı və yerli kadrlar hazırlamaq istəyən Çar hökuməti Rüşdiyyəyə ənam vermiş və ona maddi yardım göstərmişdir.

Rüşdiyyə İrəvanda açdığı məktəbi 1888-ci ildə tərk edərək Təbrizə gəlir.

Təbrizdə “ Mədreseye Rüşdiyyə “ adlı ana dilində ilk məktəbi açır. Mollalar Rüşdiyyənin açdığı məktəbi dağıdır. O məktəbi yenidən açmağa dəfələrlə cəhd etsə də mümkün ölmür, o yalnız 1893-ü ildə buna nail olur və Təbrizin Şeşgilan məhəlləsində

 “ Rüşdiyyeye Müzəffəriyyə “ adlı bir məktəb açır.

 

1893-cü ildə Təbrizdə yeni üsulla açılmış və savad verməkdə çağdaş metoddan istifadə olunan “ Rüşdiyyeye Müzəffəriyyə “ Güney Azərbaycanda və bütün İranda ilk müasir ibtidai məktəb idi. Bu münasibətlə farsdilli “ Çehrenoma “ qəzeti 1906-cı il oktyabr ayının 10-da,  28 (51 ) nömrəli sayında Rüşdiyyənin şəkilin çap etmiş və şəkilin altında yazmışdır : “ İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir “.

 

Rüşdiyyənin açdığı yeni üsullu məktəbin ən böyük əhəmiyyəti bundan ibarət idi ki, burada savad təlimi ana dilində aparılırdı. Güney Azərbaycanın məktəb tarixində “ Rüşdiyyeye Müzəffəriyyə “ Səfəvilər dövründən sonra ana dilində olan ilk Türk dilli məktəb idi.

 

1895-ci ildə Rüşdiyyə məktəbinin 200-dən çox şagirdi olmuşdur və bunların yarıdan çoxu yoxsulların uşaqları olub, pulsuz təhsil almışlar.

Rüşdiyyənin açdığı məktəb xalqı cəhalətdə saxlamaq istəyən qüvvələrin, özəlliklə mollaların etirazına nədən olmuşdur. Rüşdiyyənin məktəbi 9 dəfə Mollalar tərəfindən yandırılmışdır. Mollaların Rüşdiyyə məktəbini yandırması bu məktəbin türk dilli olmasına görə deyildi. Mollalar bütövlükdə çağdaş üsulla idarə olunan məktəbə qarşı çıxırdılar.

 

Rüşdiyyə Türk və Fars dillərində 20-dən çox dərslik kitabları yazmışdır. O 1894-cü ildə ana dilində ilk dərslik kitabını Təbrizdə çap etdirmişdir. Bu kitab “ Vətən Dili “ adlanırdı. “ Vətən Dili “ Türk dili üzrə səs üsulu əsasında tərtib edilərək Güney Azərbaycanda çap edilmiş ilk əlifba dərsliyidir. Rüşdiyyədən öncə  “ Vətən Dili “ adlı dərslik kitabı şamaxılı A . O . Çernyavski ( 1840-1897 ) tərəfindən yazılmış və Tiflisdə çap edilmişdir. Rüşdiyyə 80-ci illərdə İrəvanda olarkən həmən dövr bir neçə dəfə çap edilmiş Çerniyavskinin “ Vətən Dili “ dərsliyi ilə tanış olmuş və öz dərsliyini yazarkən ondan faydalanmışdır. M . Tərbiyyət  “Daneşməndane Azərbaycan “ kitabında yazır ki, “ Rüşdiyyə Vətən Dili dərsliyində Mirzə Fətəli Axundovun əlifba haqqındakı fikirlərindən də faydalanmışdır.

Rüşdiyyənin yeni məktəb haqqında mübarizəsi, təkcə Azərbaycanla məhdudlaşmır o , 1897-ci ildə Tehranda “ Maarif Cəmiyyəti” yaradır və 1898-ci ildə  ilk dəfə olaraq Tehranda  yeni üsulda “ Rüşdiyyə “ adlı məktəb açır.

İran mətbuatında Rüşdiyyə haqqında çox az yazmışlar. Bəzən, təhriflərə yol verərək onun guya Beyrutda təcrübə əldə etməsi iddia olunur. Rüşdiyyə haqda geniş məlumata 1944-45-ci illərdə çap edilmiş Azərbaycan mətbuatında rast gəlmək olar. 1324-cü il mehr ayının 2-si və 16-sı Seyid Cəfər Pişəvəri Rüşdiyyə haqda iki yazı yazmışdır. Pişəvəri “ Azərbaycanın böyük xalq və maarif xadimi” başlıqlı məqaləsində yazır : “ Yüz ilə yaxın ömrünü maarif yolunda, azadlıq yolunda, nadanlıq və cəhalət əleyhinə mübarizə işinə sərf etmiş olan qocaman müəllim, mərhum Hacı Mirzə Həsən Rüşdiyyə Azərbaycan millətinin fəxr edəcəyi ən parlaq və tarixi simalardan biridir. Rüşdiyyə Azərbaycan xalqının ən böyük xalq və maarif xadimidir. O yaxşı bilirdi ki, hər xalqın tərəqqisi onun mədəni-maarif səviyyəsinin tərəqqisi üçün şərait və vəsaitin olmasından asılıdır. Məhz buna görə də o, bu şəraiti yaratmaq və lazımı vəsaiti əldə etmək uğrunda var qüvvəsizlə çalışmışdır”.

 

Pişəvəri həmin ilin mehr ayının 16-sı Azərbaycan qəzetində “ Vətən Dili “ Azərbaycan dilində birinci dərs kitabına dair “ yazısında yazır “ Vətən Dili “ ana dili deməkdir. Böyük maarifpərvər bu kitabı yazarkən həqiqi bir rəvanşünas kimi uşaqların yaş səviyyəsini, qəlbini və əhval-ruhiyyəsini nəzərə alaraq, onun idrak qabiliyyətinə müvafiq sürətdə hekayə və misallar tərtib etmişdir”.

 

Bütün ömrünü ana dilində məktəb açmaq, dərs demək uğrunda qoyan, ilk dərslik kitabımızı yazan böyük pedaqoq Mirzə Həsən Rüşdiyyə 1944-cü il 97 yaşında Qum şəhərində vəfat etmişdir. Mehr ayının biri mədrəsələrin açılışı münasibətilə onun qəbrini ziyarət edərək xatirəsini əziz tutaq və ana dilində təhsil uğrunda mübarizəmizlə yolunu davam etdirək.

 

Burda ana dilində dərs demiş və təhsil proqramları hazırlamış ilk müəllimlərimiz olan Rüşdiyyənin qardaşı Axund Mirzəli, Mirzə Kazım Əsgərzadə, Seyid Riza Əmirzadə kimi müəllimlərin adını da yad etmək istərdim.

 

Səməd Niknam

2006-09-17                                        

 

 

 

                 

 
 
     

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است
www.durna.info | durna@durna.se