Dünyanı kor saymayaq

 

 

 

Qacarlardan sonra İranın adı, siyasi-ictimai quruluşu, toplumun varlığına məna verən üst qurumu farslaşdırma məqsədi ilə dağıdılıb, eybəcərləşdirilib və sahmana salınmaz bir duruma salınıb.

Bu gün İran cəmiyyəti tərifə sığmaz bir durumdadır. Farsların əsassız sözləri bu cəmiyyətin böhranını dərinləşdirir. Özünü tərifləməyən toplum yaşamaz. İran cəmiyyəti özünü tərifləməlidir və bu tərifdə hər millətin öz yeri olmalıdır. İrandan fərqli olaraq Azərbaycan toplumu özünü tərifləmiş və təsbit edilmiş inanc əsasında milli təşkilatlarının qurulmasına davam edəcək və milli dövlətini quracaqdır.

 

Farslardan başqa İranda yaşayan bütün millətlər milli dəyərləri uğrunda mübarizə aparır. Şovinist siyasət yürüdən farslar hələ bu işin əhəmiyyətinin fərqində deyil. Onlar özünə gələndə bəklə də gec olacaq.

Azərbaycan Milli Azadlıq Hərəkatı, yalnız mədəni istəkləri üzərində köklənib qalmayacaq. Siyasi, iqtisadi problemlərin həlli və ictimai amalımızın gerçəkləşməsi hərəkatın hədəfə aldığı amaclar sırasındadır.

İran rejimi totalitar rejimdir. Ona görə də, Yalnız Azərbaycan millətinin deyil, İranda yaşayan millətlərin heç birinin milli, mədəni və iqtisadi mənfəətini təmin etməyə qadir deyildir.

Bu baxımdan, Azərbaycan milli hərəkatının konsepsiyası İranda yaşayan başqa xalqların da istəkləri ilə uzlaşır. Mübarizəmizin özəlliyini diqqətdə saxlamaqla müştərək amallar üzərində əməkdaşlıq etməliyik. Bəzi fars dəstələrinin şovinizm qripinə tutulması bizi bütün mütərəqqi hərəkatların əsas prinsipdən yayındıra bilməz. Əsas prinsipimiz demokratik dəyərlər üzərində milli təşkilatlar qurmaq və bütün insanların və xalqların milli mədəni haqqına hörmətlə yanaşmaqdır.            

 

Bəşər mədəniyyəti milli mədəniyyətlər toplusudur. Biz milli mədəniyyətimiz uğrunda mübarizə apararkən həm də bəşər mədəniyyəti uğrunda mübarizə aparmış oluruq. Hərəkatımızı ümumbəşəri dəyərlərdən boşaltmaqla onu təkləmək və cılızlaşdırmaq istəyirlər.

Fars təbliğatçıları illər boyu əsəbləri dara çəkilmiş və təhqir olunmuş üç, dörd nəfər azərbaycanlının dediyi sözləri təkrarlayaq Azərbaycan millətinin milli hərəkatına başqa ad qoymaq istəyirlər. Bunlardan soruşmaq lazımdır, 80 ildir biz təhqir olunuruq, siz susurdunuz. Nədən bir milləti təhqir edənlərə etiraz etmirdiniz?

Azərbaycan Milli Hərəkatınin mahiyyətini üç-dörd soydaşımızın aşırı şüar verməsi aydınlaşdırmır. Hərəkatın mahiyyəti onun rəsmi sənədlərində yazılır. Bu rəsmi sənədlər qətnamələr, rəsmi bildirişlər, Azərbaycanın siyasi və ictimai təşkilatları tərəfindən hamılıqla qəbul olunmuş milli prinsiplərdir. Prinsiplərə fərqli mövqedən yanaşanlar olsa da, onlar vaz keçilməzdir. Misal üçün, ana dilində təhsil və öz müqəddəratına sahib olmaq, başqa  millətlərlə dostluq və ədavətsiz yaşamaq hamımızın istəyidir.

 

Şovinizm qripinə yoluxmuş fars təbliğatçıları ardıcıl yazılan və yayılan qətnamələrdəki haqlı istəklərimizi görmür, daha doğrusu görmək istəmir, əvəzində heç bir rəsmi mahiyyət daşımayan ara-sıra səslənən ifadələri qəzetlərinin başlığına çıxarırlar. Onların şişirtməsinə baxmayaraq, öz işimizi görərkən, onların da yazısından faydalana bilərik. Biz hərəkatın gündəliyini və mahiyyətini başqalarının rəyi əsasında formalaşdırmasaq da, qərəzsiz, hətta qərəzli tənqidlərə qarşı da diqqətli olmalıyıq. Milli Hərəkat başqa hərəkatlardan bir çox yönlərinə görə fərqli olduğu kimi, çox incə xüsusiyyətlərə də malikdir. Bu haqda dünya toplumu ilə də ardıcıl iş aparıb hərəkatın mahiyyətini açılamalayıq. 

Hələ bizi yaxşı tanımayan dünya ictimaiyyətinin bəzən bizə loyal münasibətini başa düşmək lazımdır. Onların marağını və diqqətini çəkmək üçün fikrimizin və hərəkatımızın hansı təməllər üzərində qurulduğunu onlara açıqlamalıyıq.

Bu sahədə İsveçdə çalışan Azərbaycan Federasionunun

gördüyü işlər təqdirə layiqdir. Çağdaş hərəkatımızın ilk günlərində İsveçin ən populyar və mötəbər qəzeti Dagensnyheter 2006-05-23 tarixində Azərbaycan Milli Hərəkatı haqda geniş məqalə ilə çıxış etdi və İsveç televiziya kanalları hərəkat haqda məlumat yaydı. Bütün bunlar Azərbaycan Federasionunun ötən illər ərzində fəaliyyətinin nəticəsidir. İsveç toplumu və siyasi-ictimai qurumları Güney Azərbaycan haqda öncədən məlumatlanmışlar. Ona görə də farsların qərəzli və yanlış təbliğatı onları aldada bilmədi. Yazıqlar olsun ki, dünyanın hər yerində belə olmadı.

 

Başqalarını qınayanlar səhv edir. Dünyada hər hansı millət və yaxud dövlət bizə nə isə borclu deyil. Hər dövlətin öz milli marağı var. Biz sivil yolla mübarizə aparmasaq  ciddi siyasi qüvvə olmasaq dünya ictimaiyyəti və demokratik cəmiyyətlər içində yer ala bilmərik. dünyaya Yazılarımız, əməlimiz, işimiz və mədəni etirazımızla inandırmalıyıq ki, dövlət qurmağa və onu idarə etməyə layiq millətik. Əks halda təkcə İran rejiminin deyil, mütərəqqi dünya birliyinində müqaviməti ilə rastlaşa bilərik.     

 

Görəcəyimiz vacib işlərdən biri də sənədləşdirmədir. Görülən işlər sənədləşməli və uyğun orqanlara göndərilməlidir. Hadisələri televiziya kanallarının göstərməsi və qəzetlərin yazması yetərli deyil. Millətimizə qarşı həyata keçirilən qanun pozuntularını, milli varlığımıza qarşı yönəldilmiş işləri, insan haqları prinsiplərinə sayğısızlıq faktlarını sənədləşdirib beynəlxalq təşkilatlara və dövlətlərin uyğun orqanlarına rəsmi qaydada vermək lazımdır.

1991-ci ildə Kəlbəcər şəhərini Ermənistan Respublikası işğal etdikdən sonra Azərbaycanın BMT-dəki nümayəndəsi Həsən Həsənov Bakıya üz tutub deyirdi ki, “ siz işğal faktını sənədləşdirib göndərin, mən Kəlbəcərin ermənilər tərəfindən işğal olunduğunu dünyaya sübut edim ”. Bakıdan ona deyirdilər : “ Nəyi sənədləşdirməliyik, gecə gündüz televiziyada göstəririk, qəzetlər yazır dünya kordur, görmür ki, işğal olunub.

Bəli, özümüz işləmək istəməyəndə dünyanı kor sayırıq.

 

Səməd Niknam

2006-05-31

     

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

www.durna.info | eldeniz@yahoo.com