Güclü olanda da geri çəkilməyi bacarmalıyıq

 

 

Azərbaycan Milli Hərəkatının ilk mərhələsi yekunlaşmalı və milli mənəvi qüvvələr qorunmalıdır. Bu hərəkatın ilk etiraz dalğası gözlənilməz dərəcədə möhtəşəm oldu. Hərəkatın yaranma səbəbini sözün əsl mənasında,  böcək karikaturasında deyil, bəlkə karikaturanı müşayiət edən planlı yazıda axtarmaq lazımdır. “ İran “ qəzetinin yazdığı planlar dinməz söyləməz 80 ildir İrana hakim Fars hökumətləri tərəfindən icra olunur. “Yazıçı “  adına layiq terminlərdən istifadə etdiyi üçün, ola bilsin onların mənası soydaşlarımızın diqqətindən yayınsın. Bu “ yazının” ideoloji bazası var. Qacarlardan sonra Azərbaycanın dilinin yasaq olması və iqtisadi, siyasi mühasirəyə alınması, üstünə qoşun yeridilməsi və qəzetin özünə məxsus tərzdə ifadəsi ilə desək “ bunları dərmanlayın “ qoy qırılsınlar. Bu tədbirlər  əməldə Fars hökumətləri tələfindən 80 ildir icra olunur.

 

Bütün bunlara bir etiraz hərəkatı ilə son qoymaq mümkün deyil. Bu mərhələdə hərəkatın sadəcə başlanması, millətin öz kimliyi uğrunda mübarizəyə girişməsi millətimizin ən böyük nailiyyəti idi. Biz bir soydaşımızın burnunun qanamasına razı olmasaq da millətin bütövlükdə milli cəngavərlər ordusu kimi haqsız hücumlara sinə gərərək dil və milli azadlıq uğrunda şəhid verməyə belə hazır olması milli azadlığımızın çox da uzaqda olmadığından xəbər verir. Azərbaycan milləti bu fədakarlıqların nəticəsini görəcək. Nəticə milli amal və milli idealın gerçəkləşməsidir.

 

 Milli mübarizə və azadlıq uğrunda döyüş üzün bir siyasi mübarizə prosesidir. Bu yol uzun olduğu üçün onu bir başa getmək olmaz. Bir nəfəsə və son nəfəsə qədər getmək hamını nəfəsdən salar. Biz o qədər getməliyik ki, getdiyimiz yolu qayıtmağa enerjimiz olsun. Düzdür, son nəfəsə qədər gedib məğlub  olmaq da olar. Bu da bir təcrübədir. Amma indi biz siyasi və təşkilati baxımdan elə bir durumda deyilik ki, bu məğlubiyyətin öhdəsindən gələk. Bizdən asılı olmayan səbəblərə  görə siyasi və təşkilati imkanlarımız məhduddur.

 

Bunun üçün əldə olanları itirməmək və daha yaxşı təşkilatlanmaq üçün öz mövqelərimizə, millətin içinə çəkilməliyik. Milli hərəkat millətin hərəkatıdır. Millət onun kənarında deyil, içində olmalıdır. Bu geri çəkilmə əqidəmizdən və istəklərimizdən imtina etmək deyildir.

Millət bu siyasi prosesdə əldə etdiyi siyasi və təşkilatı təcrübələr hesabına yeniləşməli və növbəti siyasi hərəkatımız yeni keyfiyyət qazanmalıdır. Növbəti hərəkatımız yeni siyasi keyfiyyətlər qazanmazsa biz indidən yenilmişik. Növbəti siyasi hərəkatımız yeni keyfiyyət əldə etsin deyə, biz güclü vaxtımızda da geri çəkilməyi bacarmalıyıq.

 

Azərbaycan millətinin mübarizəsi milli mübarizədir. Milli mübarizə eyni zamanda ümumbəşəri anlam daşıyan azadlıq və ictimai ədalət kimi məfhumları özündə cəmləşdirir. Bu baxımdan bizim mübarizəmiz İranda yaşayan bütün millətlərin arzusunu ifadə edir. İranda yaşayan başqa millətlər bu mübarizəyə hazır olmadıqları üçün, dövlətə onların imkanlarından bizə qarşı faydalanmağa imkan yaradır.
Bütün bunları nəzərə alaraq, hərəkatın qətnamələri yazılmalı və bu mərhələ yekunlaşmalıdır.
Bizi qarşıda daha möhtəşəm hərəkat gözləyir. Fəfsəncanilər və irqçi siyasət yürüdən hökumət onsuz da bizdən intiqam almağa çalışacaq. Bu yolda bizim ən güclü silahımız siyasi tədbirlərimiz və təşkilati uğurumuzdur. Qələbəyə min pillə var. Hazır olmasaq min pilləni birdən çıxmaq olmaz.

 

Hərəkatımızın təşkilatlanması və siyasi mübarizəmizin yeni keyfiyyət əldə etməsi son dərəcə əhəmiyyətli və vacib işdir.  

 

 “ Hər halda milliyyət məsələsi ortaya çıxıb. Necə deyərlər onun toxumu əkilib. Tutaq ki, bu dəfə də Tehran müvəffəqiyyət əldə edib, bu mövzunu ortadan götürdü, yenə onun kökü kəsilməyəcək. Əkilən bu toxum bitəcək, yenə göyərəcək və daha qüvvətlə Tehranın qarşısında duracaq və ucalacaqdır ”.  (Ayətullah Mirzə Əbdüllah Şəbüstəri, Böhrane Azərbaycan  1324-ci il bəhmən ayının11 ).

 

Səməd Niknam

2006-05-28

          

                 


         

Tarixi günlərin tarixi

 

 

Çağdaş Milli Azadlıq Hərəkatımızın nəzəri baxımdan çatışmayan yönlərindən biri Milli Mübarizə tariximizin yazılmamasıdır. Azərbaycan millətinin 1385-ci il ordibeheşt və xordad ayında tarixi hərəkatı bu millətin tarixindən xəbərsizləri heyrətləndirdi. 20-ci əsr Milli Azadlıq Hərəkatımızın tarixi yazılmadığı üçün hərəkatın nəzəri əsaslarını hazırlamaqda çətinlik çəkirik. Bu çatışmamazlıq bizə bu gün səhv addımlar atmağa haqq qazandırmır.          

 

Məşrutə hərəkatı haqda Kəsrəvi  baş verən hadisələri qeyd etmişdir. Kəsrəvinin gördüyü iş  tariximizə böyük xidmətdir. Lakin, ondan sonra sosioloqlar baş verən hadisələri təhlil və hərəkatın yaranma səbəblərini elmi analiz etməli və politoloqlar yazılanlara siyasi münasibət  bildirməlidirlər. Təkcə Məşrutə hərəkatı deyil, sonrakı hərəkatlarımız da öyrənilməmişdir. O cümlədən, Azərbaycan Milli Dövlətinin tarixi hələ də yazılmamışdır.  Güney  Azərbaycan tarixində bu boşluq həmişə özünü göstərir. Bu işlərlə yanaşı, çağdaş hərəkatımızın tarixini yazmaq məsuliyyəti bizim üzərimizdədir.

.          

 

Azərbaycan milləti 21-ci əsrin başlangıcında  Milli Kimlik və Ana Dilinin azadlığı uğrunda mübarizədə tariximizin ən şanlı səhifələrini yaratdı. Bu tarixi vərəqlərə köçürüb gələcək nəsillərə saxlamaq bizim borcumuzdur. İranın fars dilli mətbuatı qərəzli və planlı şəkildə bu hərəkatı öz səhifələrində ya işıqlandırmadı, ya da onu tərsə yozdu. Onlar bu hərəkətləri ilə yalnız bu günü düşünmürlər. Onlar uzaqgörənlik edir. Bu hərəkatı ona görə işıqlandırmırlar ki, tarixə düşməsin. Tarixdə ondan iz qalmasın. İran hökumətinin hərəkat günləri Türk dilli qəzetləri yasaqlaması təsadüfü deyildir. Fars hökumətinin türkdilli mətbuatı yasaqlamaqla tarixi qaynaqlarımızı kor edir. Farsların bizə və İranda yaşayan başqa millətlərə hökumət etməsi bugünkü işlərinin nəticəsi deyil. Onların bu uğuru on illərlə öncə planlaşdırdıqları işlərin bəhrəsidir. Bu gün də, gələcəklərini fikirləşirlər. Mətbuatlarında yazacaqları yazılarla bizə tarix yazmaq  istəmirlər. Axı niyə də yazmalıdırlar. Onlar yaxşı bilir ki, bugünkü qəzet yazıları sabah tarixə çevriləcək.

 

Millət öz işini gördü. Onun tarixini yazmaq isə millətin aydınlarının borcudur. Gələcək hərəkatımız və həyatımız bu gün yaradılan və yazılan tarix üzərində qurulacaq.
Aydın fikirli, əli qələm tutan yurddaşlarımızın borcu millətə rəhbərlik etmək deyil. Onların borcu millətə söz demək üçün şərait yaratmaqdır. Millət söz demək imkanı əldə etsə və demək istədiyi sözü udqunmadan desə özü hər şeyi qaydasına salar.  Millətin sözcüsü azad mətbuat və  onu təmsil edən siyasi, ictimai və mədəni qurumlardır. Biz heç bir cərəyana bağlı deyilik, müstəqilik deyənlər səhv edir. Cərəyansız və təşkilatsız hərəkat olmaz. Bu gün təşkilat yarada bilməyən millət sabah dövlət qura bilməz. Düşmənlərimizin uydurduğu “ vabəstə “ sözü çox tutarlı olmuş və çoxlarını çaşdırmışdır. Əsil müstəqillik milli və müstəqil təşkilatın məhsulu olmalıdır. Millət müstəqil fikirli və müstəqil iradəli fərdlər toplusudur. Müstəqil iradə və düşüncəli fərdlər milli təşkilatlar yaradır və bu təşkilatlar milli dövləti qurur. Bizə dilimizə və ədəbiyyatımıza yad olan “vabəstəlik” damğası vuranlar millətimizi ən kəsərli silahından məhrum edirlər. Təşkilata bağlılıq pisdirsə, ən böyük təşkilat şovinist siyasət yürüdən dövlətləridir, nədən onu ləğv etmirlər ?.

Təşkilat qurub onu demokratik qaydada idarə etmə “ vabəstəlik” deyil, əsil müstəqillikdir. İnsan zatən ictimai varlıqdır. Mübarizə cəm işidir. Tək başına mübarizə olmaz.

 

Millət öz işini gördü. İndi təşkilatlarını qurmaq, tarixi yazmaq onun böyüdüb boya başa çatdırdığı övladlarının işidir. Tariximizin yazılmasında İran qəzetləri bizə yardımçı olmadı, üstəlik hadisələri tərsə yozaraq, haqq işimizə şər ataraq gələcək nəsli çaşdırmağa çalışmışlar. Yazıqlar olsun ki, özümüzün çox saylı kütləvi mətbuat orqanımız yoxdur. Görəsən gələn nəsil bu hərəkatın tarixini haradan oxuyacaq ? Təhrif olunmuş, yalanlar yazmış fars qəzetlərindənmi ?
 Millət öz işini gördü, amma biz öz işimizi görə bilmirik. Vaxt gələcək bu günlər haqda yazılmış bir yazını tapa bilməyəcəyik. Şəkilləri toplayın, yazıları arxivə verin. Bu tarixi günlər haqda jurnal, albom, məqalələr toplusu və kitab buraxmaq milli borcdur. Hələlik ümidimiz Bakıda güneyli jurnalistlərin çıxardığı GÜNEY AZƏRBAYCAN JURNALIDIR . Jurnalın Milli Azadlıq Hərəkatımızın son olayları haqda özəl buraxılışı olacaq. Onu alın, abunə olun. Yaşadığınız ölkələrin kitabxanalarına verin. Arxivlərdə  qalsın. Jurnallar günümüzün güzgüsü gələcəyin tarixidir. 

 

Səməd Niknam

2006-05-29

  

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

www.durna.info | eldeniz@yahoo.com