|
Milli hərəkatın konsepsiyası hərəkatın içindədir
Son döyüşə çağıranların fikrini əməllərində axtarsaq içindən bütün hərəkətlərin patoloji xəstəliyi olan anarxizm çıxar. Anarxistlər hər şey tez olsun, zor olsun deyərlər. Sosioloqlar bu xüsusiyyəti əsasən xırda burjuaziya sinfilinin xarakteri sayır. Məncə insanların fəlsəfi dünya görüşündə sinfi amilin rolu olsa da, siyasi və ictimai bilik, təcrübə yaşadıqları sistemin rolu daha çoxdur. İllər boyu hər kəs özündən asılı olmayaraq öz içində bir təfəkkür tərzi formalaşdırır. O, fürsət düşən kimi onu həyata keçirməyə çalışacaq. Elmi analiz və təcrübə ilə hesablaşmayanları bundan çəkindirmək çətindir. Amma, təhlil və təcrübə qabiliyyətinə malik olanların inadkarlığı məsuliyyətsizlikdir. Hər kəs və hər siyasi sistem öz əkdiyini biçəcək. Totalitar rejimlər alternativ qüvvələrin formalaşmasına imkan verməz. İran rejimi totalitar, üstə gəl teokratdır. Bu rejim dini ideologiya üzərində qurulduğundan onun yaratdığı siyasi sistem daha mürəkkəb xüsusiyyətlərə malikdir. Qeyd olunan siyasi sistemlərdə, azad siyasi fəaliyyət yasaq olduğu üçün, inkişafın qarantı və təminatçısı olan demokratik təşkilatların yaranması ciddi çətinliklərlə üzləşir və bəzən mümkün olmur. Bu rejimlər yaratdıqları qapalı sistemdə özlərinə qəbir qazırlar. Onların devrilməsi tarixi zərurətdir. Onların mütləq devriləcəyini bilsək də, konkret vaxt söyləmək olmaz. Tarixdə başverməsi mütləq olan hadisələrin nə vaxt baş verəcəyini ölçəcək elmi ölçü vahidi yoxdur. Konkret vaxt söyləyənlər sadəcə falçılıq edir. Qapalı rejimlər insanları dünyadan təcrid edir və onları öz ideologiyasına inandırmağa çalışır. Lakin, elmin və texnikanın son nailiyyətləri nəticəsində bu artıq mümkün deyil.
İran İslam Respublikası qeyd etdiyim
qapalı rejimlərdən biridir. Bu rejim ya yeniləşərək insanların söz azadlığına
sayğı göstərməli, topumun normal inkişafına şərait yaratmalı, ya da özü
yaratdığı bataqlıqda batmalıdır. İran rejiminin özünə qazdığı quyu və yaratdığı
bataqlıq rejimin qurduğu siyasi sistemdir. Bu rejim müzakirə əhli deyil, çünki
özünə qarşı alternativ tanımır. Rejimin bu işi alternativlər üçün geniş imkanlar
yaradır. Biz bu fürsətdən yaxşı faydalanmalıyıq. Bu İran rejiminin ən zəif
yeridir. Biz bunlarla əlbəyaxa döyüşə çıxa bilmərik. Buna ehtiyacımız da yoxdur.
İnsan haqlarını total şəkildə pozan İran rejimi ilə mübarizədə elmin,
texnikanın, beynəlxalq qanunların imkanları bizə ən böyük dəstəkdir. Mübarizədə məqsədimiz milli
konsepsiyamızı həyata keçirməkdir. Milli hərəkat çox incə xüsusiyyətlərə malik
olduğu üçün hamı ona ehtiyatla yanaşmağa çalışır. Ona görə də milli
hərəkatların beynəlxalq dəstək qazanması üçün çox iş görülməlidir. Nəzərə almaq
lazımdır ki, milli hərəkat başqa millətlər tərəfindən qısqanclıqla qarşılanar.
Bu dünyanın hər yerində belədir, məhz buna görə bir daha vurğulamaq istərdim ki,
Milli Hərəkatın konsepsiyası hərəkatın içindədir. Onu başqa yerdə axtarmağa
ehtiyac yoxdur. Bu özəllik məsələyə özəl yanaşmağı tələb edir. Misal üçün, biz qoçaq, şərəfli,
qeyrətli, namuslu millətik, Babəkin nəvələri, Koroğlunun dəliləriyik deyərək
dünya siyasətində yer ala bilmərik. Və yaxud , 80 ildir bizi assimilyasiya
edirlər, haqqımızı tapdalayırlar kimi ümumi ifadələr yetərsizdir. Biz
istəklərimizi detallaşdırmalı və konkret formada beynəlxalq hüquq normaları
çərçivəsində gündəmə gətirməliyik. Çağdaş hərəkatımıza bəzi beynəlxalq
qurumların ilıq münasibətinin kökü buradadır.
Beynəlxalq qurumlarla münasibətdə, onlara ünvanladığımız, qətnamə və məktublarda ancaq özümüzə aid olan milli xüsusiyyətləri qabartmağa ehtiyac yoxdur. Biz bunu bilərəkdən etməliyik. Bu bizə əskiklik gətirməz. Biz dünya ilə ayaqlaşmalıyıq. Diplomatik yanaşmada gecikməyə yol vermək olmaz. Buraxılan səhvləri düzəltmək millətə baha başa gələr.
Mitinqlər, etiraz çıxışları idarə və şüarlar kontrol olmalıdır. Əks halda əsəbləri dara çəkilmiş soydaşlarımızın bəzi ifadələri və ara-sıra səslənən şüarlar özümüzə qarşı işlədilir. Milli xüsusiyyətlərimizi əks etdirən və özümüzə aid olan bir çox sözləri təkrar etməyə ehtiyac yoxdur. Onları sadəcə icra etmək və həyata keçirmək lazımdır.
Səməd Niknam 2006-06-03
|
|
|
|
|
Materiallardan istifadə zamanı qaynağa istinad
vacibdir استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است |