Prinsiplərin pozulması həmişə faciə ilə nəticələnir.

 

 

 

Azərbaycan Milli Hərəkatının təhlilində son sözü demək hələ tezdir. Bu işin zamana ehtiyacı var. Vaxt keçdikcə, zaman çalxalandıqca yağı-yağ, ayranı-ayran edəcək. Baş verənlərin, çatışan və çatışmayan yönlərini araşdırıb nəticələr çıxaracağıq. Yazıqlar olsun ki, bəziləri tələsir. Heç bir araşdırma yapmadan, təhlil etmədən, qüvvələr nisbətinin fərqinə varmadan bir sözlə dəlilsiz ,sübutsuz milləti son döyüşə çağırır.

Hərəkatımız demokratik məzmun daşıdığı üçün onları da dinləməli və fikirlərinə sayğı ilə yanaşmalıyıq. Lakin bəzi hallarda deyilən sözlər və fikirlər sadəcə şüar xarakteri alır. 80 illik milli zülmü əsas tutaraq bu zülmə birdəfəlik son qoymağa çağıranlarımızda var. Onlar ya azad, ya da məhv olmalıyıq şüarını təkrar edirlər. Vurğulamaq istərdim ki,  biz məhv olmaq deyil, azad olmaq istəyirik. Hərəkatın bu mərhələsində ən təhlükəlisi hadisələrə aqressiv münasibət göstərməkdir. Populist şüarlarla haqlı olduğumuzu sübut etmək olmaz. Ciddi siyasi mübarizəyə girişmək üçün hər şeydən əvvəl hərəkatın hüquqi bazası işlənməli və dünya toplumu qarşısında məsuliyyət daşdığımızı işdə və əməldə sübut etməliyik.  

 

Təbliğat üçün deyilən sözlər başa düşülür, amma əgər deyilən sözlər reallıqdan uzaqdırsa, bu artıq təbliğat deyil. Hər sözdə və şüarda hədəf aydın olmalıdır. Problemlərin çoxluğu bizə istənilən addımı atmağa haqq qazandırmır. Millət nəyi istəmədiyini bilir, amma nə istədiyi, hələ onu son döyüşə səsləmir. Misal üçün , 1357-ci ildə millət şah rejimini istəmirdi, amma nə istədiyi də aydın deyildi. Heç kim  Molla Rejimi kimi rejim qurmağı ağlına  belə gətirmirdi. Amma quruldu, çünki hədəf aydın deyildi. Hədəf aydın olmasa millət hər şeyi təcrübə etməyə hazırdır. Millətin istədiyindən aydın anlayışı olmalıdır. 

 

May hərəkatı  21-ci əsr də hərəkatımızın ilk qabarması olsa da sonuncusu deyil. Bu son illərin yekunu və gələcəyin başlanğıcıdır. Biz bunu gözləyirdik. 2001-ci ildə “ Babək qalası hərəkatı “ məqaləsində yazmışdım, “ Bu hərəkat Azərbaycanda baş verəcək növbəti siyasi təlatümlərin həzin dalğasıdır. Bu hərəkatın ardınca məşrutə hərəkatı kimi böyük və möhtəşəm xalq hərəkatı gözlənilir ”.

 Azərbaycan milləti bugünkü istəkləri  üçün bütün qüvvəsini səfərbər etməyə ehtiyacı yoxdur. Qüvvələr siyasi və təşkilatı işdə səfərbər olmaq üçün qorunmalıdır.     

Ölçülüb biçilməmiş populist şüarlarla döyüşə getmək olmaz. Kütləvi hərəkat dəniz dalğası kimi gələr keçər, əgər siyasi və təşkilati iş aparılmasa  ondan  bizə yalnız buraxdığı izlər və xatirələr qalar. Bu gün görülən işlərin bəhrəsini on illərdən sonra görəcəyik. Elə olmasın ki, gələcəkdə mənfi nəticələr alınsın. Onda bu gün özbaşınalıq edərək milli mübarizəni səhv yönəldənləri axtarsaq da tapa bilməyəcəyik. Tapsaq da artıq gec olacaq.

 

1911-ci  il Məşrutə Hərəkatında yol verdiyimiz səhvlərin nəticəsini 1925-ci ildə Qacarların devrilməsində gördük.
Bu gün müvəqqəti də olsa Qarabağı itirmişik. Qarabağ itkisi Azərbaycan Respublikasına 20 min şəhid, bir milyon qaçqın və saya-hesaba gəlməz maddi və mənəvi ziyanla nəticələnib. Qarabağ 1993-cü ildə deyil, 1988-ci il meydan hərəkatında, milyonların mitinqlərində itirildi. 93-cü ildə Azərbaycan 88-ci illərdə  əkdiyini biçirdi.

Torpaqları Heydər Əliyev verdi deyə bağıranlar yalan danışır. Torpaqları, mitinqlərdə millətin milli maraqları ilə hesablaşmadan şüar verənlər verdi. Bu gün yol verdiyimiz kiçik bir səhv sabah millətə çox baha başa gələcək.

Azərbaycanın tarixində faciə ilə nəticələnən belə hallar olub. 1990 –cı  il 20 Yanvar hadisəsində 134 nəfər həlak oldu, 700 nəfər yaralandı. Respublika əhalisi ciddi sarsıntılar yaşadı, ölkə yenə rəqəmlərə sığmayan ziyanlar gördü. Bu günə qədər milləti küçəyə kim və nə üçün çıxartdı sualına cavab verən yoxdur. Cavab verən olmasa da haqlı ittiham olunanlar var. Amma ona görə cavab verən yoxdur ki, milləti küçəyə çıxaranlar özbaşınalıq edib və nəticə fəlakətli olub.

  Quzey Azərbaycanda faciələr və  torpaq itkisi ilə nəticələnən hadisələr Güneydə  təkrar olmamalıdır. Öncə vurğuladım ki, Quzey Azərbaycanda hərəkatın yenilməsi və torpaqların müvəqqəti də olsa itirilməsinə aparan yol 1988-ci il mitinqlərindən başlandı. Bu haqda yalnız bir faktı xatırladım.

!988-ci il noyabr , dekabr mitinqlərinin qızğın vaxtı idi. Mitinqi Nemət Pənahov idarə etsə də,  Azərbaycanın ziyalı adamları meydana gələndə Əbülfəz Elçibəyi axtarırdılar.

Elmlər Akademiyasının Cənubi Azərbaycan şöbəsinin işçiləri Azadlıq Meydanına gəldi. Onlar çox idi. Yadımda qalan iki nəfər Şövkət xanım Tağıyeva və Səriyyə xanım Gəncəliyeva da orda idi. Mən onları Elçibəyin yanına apardım. Şövkət xanım Tağıyeva Elçibəydən soruşdu:  “Bəy,  bu gün Azərbaycanda başlanmış bu hərəkatı necə qiymətləndirirsiniz ?

Elçibəyin cavabı belə oldu: “ Bu hərəkat haqda Nemətdən soruşun, bu hərəkatı ondan yaxşı təhlil edən yoxdur”.

Bu o demək idi ki, bizim sizə ehtiyacımız yoxdur. Alimlər, tarixçilər, siyasətçilər bu cavabdan şaşırdı və o gedən getdilər. Onlar meydandan gedənlərin nə birincisi idi, nə də sonuncusu  oldu. Alimlərin dalınca vətənin bir parçası da getdi.

Bu gün bəziləri tərəfindən güneyli bilginlərin və alimlərin ünvanına deyilən xoşa gəlməz sözlər yol verilməzdir. Hamı fikrini deyə bilər amma, ağır ifadə işlətməyə heç kimin haqqı yoxdur. Ağır ifadə işlədənlərin, təhqirə yol verənlərin  səsi kəsilməli, özləri ifşa olmalıdır.    

Quzeydə cərgə vurub müzakirə etməyi bacarmadılar. Özlərinə demokrat deyənlər müxaliflərini təhqir etdilər və  zorla sıradan çıxartdılar.

 

Güney Azərbaycanda az da olsa bu hadisələrin təkrarlanma təhlükəsi var. Bu haqda faktlar olsa da hamıya prinsipləri gözləmə şansı verilməlidir. Hamının söz haqqı olduğu kimi, çoxluğa tabe olmaq borcu da var. Şəxsi mövqelər deyilsə də , alınan qərarlar icra olmalıdır. Yalnız belə olan halda hərəkat demokratik məzmun daşıya bilər. Təşkilat daxili və təşkilatlar arası münasibətlər, hərəkatın demokratik simasını göstərir. Təşkilati prinsipləri gözləməyənlər ciddi səhvə yol verirlər. Prinsiplərin tapdalanması həmişə faciə ilə nəticələnir.
Ümid edirik ki, hərəkatın növbəti mərhələsinin gündəliyində duran, təşkilatların yaranması, məramnamə və proqramların və başqa normativ sənədlərin hazırlanması işi uğurla görüləcək.

Sənədlərin hazırlanmasında ən vacib amil demokratik prinsiplərin gözlənilməsidir. Əks halda onlar demokratik məzmun daşıya bilməz.

 

Səməd Niknam

2006-06-03                                                                     

     

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

www.durna.info | eldeniz@yahoo.com