|
21 Azer Milli Demokratik Nehzəti 61
Tariximizlə üz-üzə
Azərbaycan tarixində milli tarix ifadəsini ilk dəfə Seyid Cəfəri Pişəvir işlətmişdir. O, milli tarix sözünü işlədərkən yalnız yaşadığı dövrü deyil, bütövlükdə Azərbaycan millətinin yaşadığı bütün tarixi dövrü və mərhələləri nəzərdə tuturdu.
Pişəvəri 1946-ci yanvar ayının 28-i Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına göndərdiyi məktubda yazırdı : Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşlərində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir .
Milli tarix və milli mədəniyyət milli fikir tərzini yönəldən əsas və dəyişməz amillərdəndir. Milli mədəniyyət milli tarix və milli ədəbiyyat üzərində formalaşır. Milli mədəniyyətin tərkib hissəsi olan başqa dəyərlər sistemi, o sıradan milli əxlaq, milli düşüncə tərzi, milli şüur bu dəyişməz və köklü əqidələr üzərində formalaşır. Heç bir millət tarixindən üz döndərə bilməz. Milli tarix millətin söykəndiyi ana gövdədir. Sonrakı milli hərəkatlar məhz bu tarixi təsəvvürlər üzərində qurulur. Tarixi təsəvvürlər zamanla dəyişə bilər, amma onu demək lazımdır ki, əgər varsa dəyişə bilər. Milli tariximizin yazılmasını yasaqlamaqla bizi tarixi təsəvvürlərimizdən ayırmaq istəyirlər.
Gündəlik həyatda insanların əqidəsinə hakim olan və əməlini yönəldən keçici nəzəriyyələrdən fərqli olaraq milli tarix, ədəbiyyat və milli yaddaşa söykənən inam, etiqad artıq millətin inancına çevrildiyi üçün dəyişməzdir. Bu köklü dəyərlər sistemi ümumbəşəri xarakter daşıyan qaynaqlardan qidalanaraq, milli özəlliyini qorumaqla bəşər mədəniyyəti ilə ayaqlaşmaq zorundadır. Bəşər mədəniyyəti dedikdə buraya, hamılıqla qəbul olunmuş insan haqları və uluslararası və eyni zamanda milli siyasi dəyərlər toplusu aiddir. Heç bir millət dəyişməz milli dəyərlərinə arxalanaraq var olan bəşər toplumuna, hətta hər hansı başqa bir xalqa ziyan verə biləcək siyasət yürüdə bilməz.
Hər nədənə görə milli tarix və milli ədəbiyyatının tam yazılmadığından korluq çəkən millətlər, milli siyasət yürütməkdə ciddi çətinliklərlə üzləşirlər və bu amil siyasi asılılığa aparıb çıxardır. Siyasi asılılığın sonu birmənalı olaraq məğlubiyyətdir.
Ölkələr arası siyasi ilişkilərin artması, və dövlətlər arası iqtisadi və siyasi mübarizənin kəskinləşməsi milli siyasət yürütmək zərurətini gündəmə gətirmişdir. Milli tarix, milli ədəbiyyat və milli vətən kimi anlayışların və ifadələrin Azərbaycan Milli Hökuməti dövründə özü də bir başa hökumət başçısı tərəfindən gündəmə gətirilməsi təsadüfü deyildi. Bu sözlər Azərbaycan millətinin milli iradəsinin kökündə dayanan dəyişməz dəyərlər toplusudur. Bütün bunlar Azərbaycan Milli Hökumətinin hansı dəyərlərə arxalandığını göstərir. Milli Hökumət dövründə Azərbaycan mətbuatında bu mövzulara geniş yer verilmiş və əsaslı işlər görülmüşdür. Lakin, Milli Hökumət dövründən sonra görülən bütün işlərin izi-tozu silinmiş və Azərbaycan millətini milli mahiyyət daşıyan hər şeydən məhrum etməyə çalışmışlar.
Xalq arasında Milli Hökumət dövrünə həm də Fədailik deyirlər. Fədailik illərini görmüş adamlar ara-sıra xəlvətdə və çox ehtiyatla xatirələr danışır və baş verənləri, ölüb qalanları xatırlayırdılar. Mən məktəbli yaşlarında, 1946-cı il Azər ayı hadisələrində Mirzə Hüseyn adlı bir fədainin itkin düşdüyünü eşitmişdim. Lakin, xalqın canına hopmuş qorxu və cəza hissi onlara öz yaxın qohumlarını belə unutmağa məcbur edirdi. Heç kim fədai Mirzə Hüseynin taleyi ilə maraqlanmağa cürət etmirdi. Bir fədainin timsalında unudulan xatirə bütün Azərbaycan üzrə həyata keçirildiyindən bir millətin tarixinin unutdurulması demək idi. Bu gün milli inanc və dəyişməz dəyərlər üzərində baş verən siyasi və ictimai hərəkatda və gündəlik siyasi işdə yazılmamış milli tariximizin yerini boş görünür. Tariximizdən xəbərsizlər milli və özgür siyasət yürütməkdə çətinlik çəkirlər. Bütün bunlar milli mübarizə hərəkatımızın gündəliyinə yabançı elementlərin əlavə olunmasına şərait yaradır. Çağdaş siyasi hərəkatımızda pərakəndəliyin kökünü və nədənini tariximizdə aramaq lazımdır. Bu çatışmamazlığı aradan qaldırmaq və Azərbaycanın milli tarixini yazmaq üçün Qulam Yəhyanın təşəbbüsü ilə 1964-cü ildə 3 nəfərdən ibarət elmi işçi qrupu yaranır. Geologiya elmləri doktoru Hüseyn Ciddi, fəlsəfə elmləri doktoru Əhməd Əminzadə və tarix elmləri namizədi Tağı Musəvi bu qrupa daxil edilir. Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə Azərbaycan hökumətinin razılaşması əsasında bu qrupun işçiləri maaşlarını Azərbaycan Elmlər Akademiyasından alacaq və Azərbaycan Milli Hökumətinin tarixin yazacaqdı. 3 nəfərlik elmi işçi grupu 1965-ci ildə Pişəvərinin seçilmiş əsərlərini çap etdi. Elə bu zaman Hizbi Tudə Azərbaycan Demokrat Firqəsini ləğv etmək təşəbbüsü ilə çıxış etdi, nəticədə Firqə öz planlarını həyata keçirməkdə ciddi çətinliklərlə üzləşdi. Bundan sonra, Firqənin əsas işi hansı qiymətə olursa olsun öz varlığını qoruyub saxlamaq idi. Hizbi Tudənin Firqə üzərinə yürüşü, Milli Mökumətin tarixi üzərində işləyən işçi qrupunun da işini dayandırdı.
Beləliklə, Məmməd Rza şah hökuməti tərəfindən fədai Mirzə Hüseynin xatirəsini unutdurmaqdan başlanan yol ölkənin içində və dışında bizi qaraba-qara və daban-dabana izləmiş və öz işini görmüşdür.
Yazılı və şifahi ( qəhrəmanlıq ) tarix !
1050-ci ildən 1925-ci ilə qədər ki dövrü əhatə edən Azərbaycan sülalələrinin hakimiyyət dövrü İranda, İran tarixi adı ilə saxtalaşdırılıb və tərsə yazılıb. Bununla yanaşı, Azərbaycan milli demokratik hərəkat tarixi də yazılmamış və üstəlik milli dövlətçilik tariximizi əks etdirən tarixi əsərlər saxtalaşdırılmış və ciddi əks təbliğata məruz qalmışdır.
Milli tariximiz yazılmadığı üçün xalq, yaddaşında yaşatdığı şifahi və qəhrəmanlıq tarixinə baş vurdu, nəticədə Babək, Koroğlu və Səttar xan kimi xalq qəhrəmanları çağdaş milli mübarizəmizin simvollarına çevrildi. Qeyd etməliyəm ki, şifahi və qəhrəmanlıq tarixi xalqa ruh yüksəkliyi verərək özünə qayıdış mərhələsində böyük imkanlar açsa da, yazılı və elmi tarixi əvəz etməz. Şifahi və qəhrəmanlıq tarixi əbədi deyil, dəyişkən dəyərlər və tarixi təsəvvürlər sisteminə aiddir. Buna görə də, siyasi nəzəriyyə qəhrəmanlıq tarixi üzərində deyil, elmi və yazılı tarixin üzərində formalaşır.
Güney Azərbaycan çağdaş milli hərəkatı yazılı tarix və milli ədəbiyyat baxımından ciddi korluq çəkir. Bəziləri bu boşluğu doldurmaq üçün başqa ölkələrdən söz və sözcüklər, hətta siyasi şüar və bütöv cümlələr borc alır. Bu işdə bir çoxları Azərbaycan Respublikasında yerli-yersiz işlənən siyasi ifadələri köçürərək Güneydə təkrar etmək istəyirlər. Qeyd etmək lazımdır ki, vaxtilə Quzey Azərbaycanda işlənmiş siyasi ifadələr və şüarlar, Güney Azərbaycanın siyasi ictimai şəraitinə uğun deyil, üstəlik Quzeydə işlənən millətçilik nəzəriyyəsi 19-cu əsrin sonlarına aid olmuş və çağdaş millətçiliklə heç bir əlaqəsi yoxdur.
Quzey Azərbaycanda yazılı tarix
yetərincə işlənsə də, bəzilərinin yaddaşında mürgüləyən Modern millətçilikdən xəbərsiz olan Quzey millətçiliyi yazılı deyil, şifahi tarixə əsaslanırdı. Onlar Azərbaycan Elmlər Akademiyasında çalışan alimləri təhqir edirdilər. Yazılı tarixini inkar edənlərin hərəkat nəzəriyyəsi Quzeydə yarasız olduğu kimi Güneydə də yarasızdır. Güney Azərbaycanın milli demokratik hərəkat nəzəriyyəsi Güney Azərbaycanda milli və yazılı tarix üzərində formalaşmalıdır.
Hərəkatı idarə edən nəzəriyyə zamanın məhsulu olmalıdır
Azərbaycan Respublikası millətçilərinin 19-cu əsrin sonlarına məxsus, Bəylik və Xanlıq dövrünün fikirlərini tərənnüm edən duyğusal ifadələri, Güney Azərbaycanın modern millətçiliklə müşayiət olunan çağdaş milli və demokratik hərəkatına tətbiq etmək olmaz.
Güney Azərbaycan modern millətçiliyi
21 Azər hərəkatı dövrü formalaşmışdır. Bu millətçilik ulus, irq və bir etnosun
mənfəəti üzərində deyil, bəlkə Azərbaycanda yaşayan bütün xalqların maraqlarını
nəzərə alaraq, Azərbaycan Milləti məfhumu formalaşmış və bəşər mədəniyyətinin
tərkib hissəsi kimi çıxış etmişdir. Milli tariximiz bütün bunları özündə əks
etdirən ana qaynaqdır. millətçi yığıncaqlarından şüarlar və hazır siyasi terminlər borc edirlər. Misal üçün, Güney Azərbaycan milli və demokratik mübarizə ənənəsinə tamamilə yad olan türkün türkdən başqa dostu yoxdur , Azərbaycan türk milləti və millətçilik kimi bayağı ifadələrini hərəkata sırımaq istəyirlər. Demək lazımdır ki, bu ifadələr həm Güney həmdə Quzey Azərbaycan milli mübarizə hərəkatında formalaşmamış və hər iki Azərbaycanın siyasi və ictimai mühiti üçün yaddır. Bu şüarlar Quzey Azərbaycanda öz ağır nəticələrini artıq vermişdir. Gündəliyimizin hazırlanması üçün özümüzə qayıtmaq, tariximizə baş vurmaq və xalqın gündəlik həyatında önə çıxan istəkləri formalaşdırmaq, əsaslandırmaq və konkret zaman və məkan içində tətbiq etmək yetər. Borc alınan bütün fikirlər və şüarlar milli tariximizlə uzlaşmadığı üçün ziyanlıdır.
Bu gün xalqımız artıq dəyişməz və daimi yaşayan əbədi inanclara sadiq qaldığını bir daha sübut etmişdir. İndi növbə xalqın boya başa çatdırdığı aydın fikirli övladlarınındır. Çağdaş mübarizə hərəkatımızda hələ görülməmiş işimiz çoxdur. Tələsmədən hərəmiz bir işin qulpundan yapışsaq tez bir zamanda çox iş görə bilərik. Xalqın fikrinə və düşüncəsinə yiyə duraraq onları yazıb gündəmə gətirməliyik. Gündəlik divar qəzetlərindən tutmuş, məhəllə, bölgə və bütün Azərbaycan üzrə qəzetlər çıxartmaq lazımdır. Bu işləri görmək çətin deyil, sadəcə Hər kəs əlindən gələni etsin . Bunu etməsək milli tariximiz yazılmaz.
Hərəkat
Güney Azərbaycanın siyasi, ictimai həyatında baş verənlər, artıq bizdən hər şeyi öz adi ilə adlandırmağı və siyasi qüvvələrin mövqeyinə aydınlıq gətirməyi tələb edir. Milli mübarizə tariximizdə siyasi qüvvələr arası müzakirə və mübahisə ənənəsi zəngindir. Bəzən tənqidə çılğın münasibətdə bululanlar da olur. Buna baxmayaraq milli hərəkatımızın vacib ünsürlərindən sayılan faydalı dialoq və təpkilər davam etməli və təkamül tapmalıdır.
Güney Azərbaycanda gedən siyasi və ictimai olayları hərəkat adlandırırıq. Hərəkat gündəlik ictimai təkamül sürəcində formalaşan, olğunlaşan və təkamülə varan ictimai-siyasi prosesdir. Hərəkatın gündəliyi hər hansı siyasi qüvvə tərəfindən deyil, gündəlik mübarizə ərəfəsində formalaşır. Siyasi qüvvələrin işi ümumi xarakter daşıyan gündəliyi topalayıb rəsmiləşdirməlidir. Nəzərə almaq lazımdır ki, xalq hərəkatı nəticəsində gündəmə çıxan və siyasi qüvvələr tərəfindən formalaşan gündəlik hərəkatın hədəfinə çevrilsə də və çoxları ona hədəf kimi baxsa da bizim üçün hədəf deyil, bəlkə vəsilədir.
Hərəkatın hədəfləri xalq tərəfindən reallaşacaq, başqa sözlə desəm siyasi qüvvələr xalqın icra edici qüvvəsi kimi çıxış etməməlidir. Siyasi qüvvələrin işi geniş miqyaslı siyasi, ictimai, mədəni və ədəbi iş görməkdir. Bununla mübarizəni hərəkətə gətirən mexanizm və onda iştirak edən ictimai qüvvələr formalaşır. Azərbaycan xalq hərəkatının milli məzmun və demokratik mahiyyət daşıdığını ardıcıl xatırlatımışıq. Bu xatırlatmadan məqsədimiz odur ki, milli hərəkat bütün başqa hərəkatlardan fərqlənir. Milli hərəkatda yabançı ünsür yoxdur. Milli hərəkatın amacı milləti tarixinə, ədəbiyyatına, mədəniyyətinə bir sözlə, özünə qaytarmaqdır. Bunun üçün çılğın siyasi cərəyan yox, mədəni, ictimai və kütləvi bir axın olmaq lazımdır. Bu işi bacarmaq üçün hərəkatın ikinci özəlliyi, yəni demokratik məzmunu bizə yardımçı olacaq. Demokratiya hər xalqın öz milli dəyərləri üzərində və əsasında tarix boyu formalaşan qarşılıqlı anlaşma, danışıq, başqasını dinləmək və eyni zamanda sözünü demək mədəniyyətidir. Bu prinsiplərlə hərəkət etsək xalqı eşidərik və göz önündə olan gündəliyimizi görərik. Mübarizənin uğurla nəticələnməsi üçün ön yarğılara son qoyulmalı gerçəklik üzərində hərəkət etmək gərəkdir.
Hərəkatı uzaq hədəflərə qurban vermək olmaz.
Üzeyir Hacıbəyovun bir felyetonu var, felyetonun məzmunu belədir : Avropalılar fil düzəltmək istədi və başladılar filin dırnağın düzəltməyə. Sonra ayağın, aşağı ətrafın və beləcə davam etdilər. Müsəlmanlar isə baxıb dedilər ki, əşi bir fil nədir ki, hələ onun dırnağından ayağından başlayasan, biz bir başa filin özün düzəldəcəyik. Amma heç vaxt düzəldə bilmədilər. Çünki birdən-birə nə isə düzəltmək olmaz .
İndi bəziləri hərəkatçı adı ilə birdən birə fil düzəltmək istəyir. Adlarını hərəkatçı qoyub iki Azərbaycanı birləşdirmək istəyənlər və yaxud uzaq hədəfdə duran başqa strategiyalardan danışanlar siyasi mübarizənin qanunauyğunluğundan xəbərsizdirlər.
Öncə onu deyim ki, iki Azərbaycanı birləşdirmək ideyası heç kimin kəşfi deyil. Bu ideya xalqa məxsusdur. Azərbaycanın milli və ictimai tarixində bu ideyanın daşıyıcısı xalq və onu fikir baxımından təmsil edən yazıçı və şairlər olub. 21 Azər hərəkatı dövründə Balaş Azəroğlu iki Azərbaycanın birləşməsini qələmə alan şairlərimizdən biridir. Bu gündə bu ideya siyasətçilərin deyil, ədəbiyyatçıların və sənət adamlarının gündəliyindədir. Siyasi və ictimai işin fərqinə varmadan xeyli mədəni və ictimai iş tələb edən və çoxsaylı romanların mövzusunu bir siyasi şüarla həll etmək olmaz.
Yaxın keçmişimizdə çox gərgin tarixi olaylar yaşamışıq. Bu gün onlarla üz-üzə dayanmışıq. Quzey Azərbaycanda millətçilər və hərəkatçılar hərəkatın gündəlik təkamül sürəcinin fərqinə varmadan xalq hərəkatında təxribatlar törətdilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü Ermənistan Respublikası tərəfindən ciddi təhlükə altında olduğu bir vaxtda, getdilər İran sərhədlərini sökdülər. Nəzərə alsaq ki, bu gün Azərbaycan Respublikasının ən ciddi problemi işğal olunmuş torpaqların timsalında sökülmüş sərhəd problemidir, onda hərəkatçıların əməllərinin nəticəsi aydınlaşır. Millətçilər sərhəd sökməklə hərəkatı öz hədəflərindən yayındırdılar. Rus qoşununun ölkədə geniş miqyaslı əməliyyat aparmasına və qırğın törədərək 20 Yanvar faciəsini törətməyə şərait yaratdılar.
90-cı illərdə Quzey Azərbaycan hərəkatçılarının sərhəd sökmə əməliyyatı və başqa lazımsız çıxışlarından sonra ölkənin quzeyini Rus ordusu sardığı kimi, ölkənin güneyini də İran ordusu sardı, nəticədə Sərvan Mürtəza Zərrin Kəmərin komandanlığı ilə 192-ci Zərbət Leşgəri, 21-ci Həmzə ordusu və 58-ci Zulfüqar ordusu əlavə və özəl qüvvələr kimi Azərbaycana yerləşdirildi, nəticədə Azərbaycan böyük bir hərbi kazarmaya çevrildi.
Çağdaş milli hərəkatımızda belə millətçi və hərəkatçı ların ziyanı çox olmasa da, az da deyil. Güneydə təxribata yol verməmək üçün çəkinmədən hamı öz sözünü deməlidir. Sonra gec olacaq. Lap elə Quzey Azərbaycanda olduğu kimi.
Hərəkatı uzaq hədəflərə qurban verənlərin fikrində siyasi tarazlıq yoxdur. Bunu sübut etmək üçün uzağa getmək lazım deyil. Misal üçün istiqlaldan danışanların dil hərəkatına qatılması nə deməkdir ? . Onlar dili kimdən istəyir ?. Axı onlar İran İslam hökumətini tanımır. Bir rejimi heç cürə tanımırsansa ondan nə isə istəmək heç bir məntiqə uyğun deyil. Bu mübahisələri davam etdirməyə ehtiyac duymasam da, onu deməliyəm ki, siyasi terminləri yerində işlətmək lazımdır. Çünki hər şey sözdən başlanır.
Hərəkatçılar xalqla qoşa addımlayan və hərəkatın gündəlik təkamülünə inananlardır. Biz bundan öncə də yazmışıq ki, Güney Azərbaycan Milli hərəkatının gündəliyi hərəkatın içindədir . Ona görə də bizim mübarizəmiz xalqın mübarizəsidir. Xalq hərəkatının gündəliyi isə gündəlik həyat şəraitində formalaşır və Türk dilində mədrəsə istəyinə çevrilir. Hər kəs və hər qurum öz istəyini deməkdə haqlıdır. Amma siyasi işlə məşğul olanlar hərəkatla inqilabın fərqinə varmalıdırlar.
Hərəkatın gündəlik inkişaf sürəcini qəbul etmədən bir başa son hədəfə doğru yürüyənlər artıq hərəkatçı deyillər. Onlar xəyallarında da olsa artıq bu mərhələni adlamışlar. Siyasi mübarizədə siyasi sərhədlər aydın olmalıdır. Bizim mövqeyimiz belədir : Hərəkatın gündəlik mübarizədə əldə etdiyi nailiyyətləri, uzaq hədəfin kölgəsinə salmaq olmaz.
Xalq hərəkatının amacı dövlət strukturlarının dağıdılması və milli əmlakın zərər çəkməsi deyil. Xalq dövlət aparatını dağıtmaq və onu təxrib etmək üçün çalışmır. Xalqın istəyi dövlət aparatını milli hədəflərin qulluqçusuna çevirmək və onu idarə etməkdə iştirak etməkdir. Hərəkat yalnız tarixi bir təkamül sürəcində öz hədəfinə nail ola bilər. Milli mübarizə tariximizdə inqilab və devirici olaylar çox olsa da, milli demokratik hərəkat sürəci və təcrübəsi çox deyil. Üstəlik, milli hərəkat tariximiz yetərincə araşdırılmamışdır. Bu problemləri aradan qaldırmaqla yanaşı, çağdaş nəsil, çağdaş dünyanın şəraitinə uyğun olaraq yeni bir siyasi-ictimai tarixi yaşamalı milli hərəkatı idarə etməli və uğur qazanmalıdır.
Səməd Niknam 2006-12- 10
|
|
|
|
|
Materiallardan istifadə zamanı qaynağa istinad
vacibdir استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است |