
Azərbaycanda qadın mətbuatı
Arzu Soltan
Yusif Vəzir Çəmənzəminli Kiyevdən Azərbaycanda çıxan ilk
qadın məcmuəsinə göndərdiyi təbrik məktubunda yazırdı: "Xanımlar qəzetəsi dedikdə
ən əvvəl "arvad məsələsi" yada düşür. "Arvad məsələsi" də insanlar üçün həyati
və zəruri bir məsələdir..."
Bəli, Azərbaycanda "insanlar üçün həyati və
zəruri bir məsələni" əhatə edən qadın mətbuatının yaranması XX əsrin
əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona
münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində
çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı,
ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın
azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.
Belə bir vaxtda dövrünün tələb və ehtiyaclarını böyük
həssaslıqla duyan Hacı Zeynalabdin Tağıyev millət qarşısındakı xidmətlərinin
sırasına bir yaxşılıq da qoşdu. O,"İşıq" adlı ilk qadın qəzetini təsis etdi. "Onun ilk nömrəsi
1911-ci il yanvarın 22-də çapdan çıxdı". (A.Qasımova, "Zülmətdə "İşıq"",
Bakı - 2000, səh.6). Qəzetin (bəzi mənbələrdə "İşığ"ı jurnal
adlandırırlar) 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64 (bəzi mənbələrə görə
68) sayı işıq üzü görüb. Mətbuat tariximiz öyrənilərkən əsrin əvvəllərinin
nəşrləri burjua və demokratik ruhlu mətbuata bölündüyündən
bu qəzet necə deyərlər, ortalıqda qalıb və indiyə qədər
tam tədqiq edilməyib. Amma ayrı-ayrı məqalə və materiallar onun haqqında
bəzi məlumatları öyrənmək imkanı yaradır.
Məcmuənin redaktoru Azərbaycanın ziyalı qadınlarından
biri, təhsilinə görə həkim olan, ictimai, mədəni həyatda fəal iştirak
edən, qadın xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüskarlarından
biri Xədicə Əlibəyova idi. Qəzetin naşiri isə onun həyat yoldaşı Mustafa Əlibəyov
oldu. Hüquqşünas, vəkil, jurnalist, yazıçı M.Əlibəyov insan hüquqlarının,
xüsusilə qadın hüquqlarının müdafiəçisi kimi də tanınırdı.
"Azərbaycan dövri mətbuatı" biblioqrafiyasında
"İşıq" haqqında belə
bilgi verilir: "Həftədə bir dəfə - şənbə günü - nəşr olunan
elmi-pedoqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsi".
"İşıq"da uşaq tərbiyəsi,
ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət
qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr vardı. Qəzetdə bəzi
yazılar rus dilinə də tərcümə
olunurdu.
1911-ci ildə çap olunmağa başlayan "İşıq" məcmuəsi cəmi iki il ömür sürsə də, o nəinki XX
əsrin əvvəllərində
Azərbaycan qadınlarınn gözlərinə işıq, zəkalarına nur oldu, islam
dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələdi, o həm də Azərbaycan
mətbuatı tarixində qadın mətbuatının bünövrəsini,
ənənəsini yaratdı, qadın problemlərinin mətbuatda həllinin
zəmini oldu. ""İşıq" qaranlıq mühitin, cəhalətin qurbanı oldu. Bir tərəfdən cəhalətpərəst
adamların təzyiqləri, digər tərfdən iqtisadi və maliyyə çətinliyi onu
yaşamağa qoymadı. Lakin onun mədəniyyət və mətbuat tariximizdə qoyub
getdiyi nəcib iz silinmədi". (S.Gəncəli, "Mətbuat aləmindlə
qadınlarımızın ilk addımları" məqaləsindən,
"Azərbaycan" qəzeti, 11 may 2000) "İşıq" "söndürüldü". Lakin
onun şöləsinin hərarəti ilə oyanıb ictimai-mədəni həyata qoşulmuş
qadınları, ziyalılarla yanaşı, Azərbaycanın hər yerindən "İşığ"ın
oxucusuna və müəllifinə çevrilmiş sadə qadınların, Tiflisdən, Kiyevdən,
Dağıstandan, Moskvadan, Peterburqdan, Xarkovdan ona məktub göndərənlərin alovunu səngitmək
mümkün olmadı. Onlar "Molla Nəsrəddin", "Yeni Fyüzat",
"Məktəb", "Dirilik", "İqbal", "Açıq söz", "Azərbaycan" kimi jurnal və qəzetlərdə
çıxışlar edib, qadınların problemlərinin diqqət mərkəzindən uzaqlaşmasına
imkan verməməyə çalışdılar.
Lakin qadınların özlərinə məxsus mətbuat orqanına olan ehtiyacı bununla
aradan qalxmadı. 1918-20-ci illərdə qadın hərəkatının vüsət alması bu zərurəti
daha da reallaşdırdı. ADR hökuməti bu hərəkatı istiqamətləndirmək niyyətilə
qadınlar üçün ayrı-ayrı səhifələr, sonra "Zəhmətkeş qadınların yolu"
və "Qafqaziya zəhmətkeş qadınların yolu" adlı bir saylı qəzetlər nəşr
etdi.
Daha sonra 1922-ci ildə "Zaqafqaziya zəhmətkeş
qadını" adlı jurnal çap olundu. Tiflisdə çıxan bu jurnal Azərbaycan, gürcü və erməni
qadınlarına onların hüquqları barədə anlayış verməyə cəhd edir, onları
azadlığa çağırırdı. Amma bu, Azərbaycan qadınlarının öz mətbuatına olan tələbatını
ödəmirdi. Eləcə də, o biri respublikaların qadınları öz ana dilində nəşr
olunan mətbuat orqanına ehtiyac duyduqlarını bildirirdilər.
Beləliklə, 1923-cü ildə Azərbaycan Qadınlar Şurasının
orqanı olan "Şərq qadını" jurnalı işıq üzü gördü. Onun ilk sayı həmin ilin
noyabrında çap olundu.
Jurnalın ilk redaktoru Ayna Sultanova idi. 20-ci illərdə ərəb əlifbası
ilə çap olunan "Şərq qadını" qadınlara azadlıq, bərabərlik ideyaları
aşılayır, maarif və mədəniyyətdən yazırdı. Amma bütün bunların hamısı
kommunizm ideologiyasının süzgəcindən keçirilib
oxuculara təqdim olunurdu.
""Şərq qadını" tərəqqipərvər
müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində
görkəmli rol oynayırdı. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin,
kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə jurnal səhifələrində
müntəzəm yer verilirdi".(C.Gəncəli,
"Mətbuat aləmində qadınlarımızın ilk addımları" məqaləsi, "Azərbaycan" qəzeti,
12 may 2000)
Bu jurnal "İşıq" ilə təməli qoyulmuş nəcib işin layiqli davamçısı oldu
və üzərinə düşən missiyanı uzun illər boyu yerinə yetirdi. "İşıq" bir
qığılcım kimi işarıb tez söndüsə də, "Şərq qadını" Azərbaycan qadın
mətbuatının məşəli olub yana-yana yaşadı.
""Şərq qadını"nın bir tarixi rolu da odur ki, o azad nəfəsli, xoş
məramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş,
mübariz qadınları toplaşmışdılar. Jurnal qadın publisistlərin, şair və
yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynamışdır. Elmə,
mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri
jurnalın səhifələrində dərc edilmişdi. Azərbaycanın ilk yazıçı və
jurnalist qadınları ilə bərabər görkəmli bədii söz ustalarının - C.Məmmədquluzadənin,
S.S. Axundovun, A.Şaiqin, S.Hüseynin, Y.V.Çəmənzəminlinin, T.Şahbazinin,
H.Cavidin, Qantəmirin, B.Talıblının, H.Nəzərlinin və başqa yazıçıların öz
hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr
etdikləri hekayə və şerləri tez-tez çap olunurdu". (Yenə
orada).
30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin,
kooperativləşmənin təbliğinin tribunasına çevrildi, onun səhifələrində
kolxoz, sovxoz quruculuğu, əmək fəallığı məsələləri xüsusi yer aldı. Zərbəçi
qadınlar öyüldü. Jurnalın redaktoru, tanınmış ictimai xadim, publisist
Gülarə Köylüqızı həbs olunub sürgünə göndəriləndən sonra, 1938-ci ilin
fevralından etibarən "Şərq qadını"nın adı da dəyişdirildi. Jurnal
"Azərbaycan qadını" adı ilə nəşr olunmağa başladı. O artıq Azərbaycan
KP Mərkəzi Komitəsinin ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi.
1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişdi, onun müəllifləri, müxbirləri
repressiya qurbanı oldu. Beləliklə, jurnalın tarixində böhranlı günlər
başladı.
1941-ci ildə bir çox mətbuat orqanları kimi "Azərbaycan
qadını" da fəaliyyətini dondurdu. Və
onun donu bir də on ildən sonra, 1951-ci ilin martında açıldı. 50-ci illərdə
jurnal qadınların elm, mədəniyyət, təsərrüfat,
ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat
şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verirdi.
"Azərbaycan qadını" jurnalını Azərbaycan xalqının
keşməkeşli taleyinin, onun həyatındakı uğurlu və çətin günlərin salnaməsi
adlandırmaq olar.
60-cı illərdə onun səhifələrində partiya həyatı, pambıqçıların, zəhmətkeş
qadınların hünərindən
bəhs edən oçerklər, xalqlar dostluğu məsələləri xüsusi yer tutur,
hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı öz əksini tapırdı.
Jurnalın 1961-ci ilin yanvarında dərc olunmuş birinci nömrəsindəki Yerevana həsr
olunmuş "Sevimli şəhər", fevralda çıxan ikinci nömrədəki "Qarğıdalı kəndimizin
gözəli olmalıdır" və s. məqalələr o dövrdəki qadın mətbuatı haqqında
az-çox təsəvvür yaradır.
Bununla belə, 30-cu illərdən fərqli olaraq, müharibədən
sonrakı həyatında "Azərbaycan qadını"nın səhifələrində "Evi necə bəzəməli", "Yeni geyimlər",
"Süfrə" kimi rubrikalara da yer verilirdi.
1965-72-ci illərdə "Azərbaycan qadını"nın redaktoru
Şəfiqə Ağayeva, 1972-96-cı illərdə isə Xalidə
Hasilova olub. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi
qeyd olunur.
O dövrdə jurnalda "Gözəllik aləmində",
"Mədəniyyət tariximizdən", "Açılmamış səhifələr", "Teatr", "İncəsənət",
"Poeziya yarpaqları", "Mənəvi tərbiyə", "El sənətkarları",
"Xarici rəfiqələrimizin həyatı" və s. yeni
rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət
xadimləri, yazıçıları çıxış ediblər.
80-ci illərdə jurnalın tirajı 30 mindən 320
minə qədər artıb.
1951-91-ci illərdə "Azərbaycan qadını" müntəzəm olaraq ayda bir dəfə nəşr
olunub.
90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ
hesab etmək olar.
80-ci illərin sonunda Azərbaycanda ilk dəfə ümummilli,
qeyri-hökumət qəzetləri meydana çıxdı. Müstəqil nəşrlərin sayı günbəgün
çoxaldı.
Bəzi KİV-lər güclü nəşr evləri, holdinq şirkətləri,
geniş şəbəkəli reklam və informasiya qurumları yaratdılar. KİV dördüncü
hakimiyyət funksiyasını yerinə yetirməyə, ictimai fikrə güclü təsir göstərməyə
başladı. Amma mətbuat orqanlarının sayının durmadan artması, keyfiyyətinin dayanmadan yüksəlməsi
qadınlar üçün olan nəşrlərin sayında və keyfiyyətində o qədər də güclü əks
olunmadı.
Əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə qadın
mətbu orqanı olan "Azərbaycan qadını" jurnalı da bu illərdə çətin günlərini
yaşadı. Kağız və maliyyə çatışmazlığı 1992-ci ildə jurnalın tirajının 5
minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb oldu. Bu tendensiya 1993-cü ildə də davam etdi. 1994-cü ildə
jurnalın cəmi 4, 1995-96-cı illərdə isə ikicə nömrəsi işıq üzü gördü.
1997-ci ildə "Azərbaycan qadını"nın tarixində daha yeni bir mərhələ
başladı.
Jurnalın təsisçisi "Sevil" Azərbaycan Qadınları Məclisi və
redaksiyanın kollektivi, baş redaktoru Prezident Aparatı humanitar siyasət
şöbəsinin müdiri
Fatma Abdullazadə oldu. Bu isə jurnalın yenə də müəyyən
ideologiyaya xidmət edəcəyindən xəbər verirdi.
İndi ictimai-siyasi, ədəbi-bədii jurnal adlandırılan "Azərbaycan
qadını" daha nəfis tərtibatla Türkiyədə
nəşr olunmağa başladı. Onun səhifələrində daha çox qadınların sosial
problemlərinə və mədəniyyət yeniliklərinə
yer verildi.
Amma "Azərbaycan qadını"nın bu "yeni həyatı" da
intensivliyi ilə seçilmədi. Belə ki,
1999-cu ildən jurnal yenidən çətinliklər məngənəsində sıxılmağa başladı.
Maliyyə çətinlikləri onun ölkə xaricində çap olunmasını mümkünsüz etdi,
jurnalın tirajı 2-3 minə
endi. 1999-cu il ərzində yalnız 4 nömrəsi işəq üzü görən
"Azərbaycan qadını"nın 2000-ci ilin sonlarında bircə sayı çapdan
çıxıb. Daha 2-3 nömrə isə çapa hazır vəziyyətdə gözləyir.
Ümumiyyətlə, Azərbaycan Respublikası Mətbuat və
İnformasiya Nazirliyinin 2000-ci ilin noyabrına olan məlumatına görə, ölkədə 531 qəzet rəsmi
qeydiyyata alınıb. Onlardan 300-dən bir qədər artığı müntəzəm işıq üzü
görür. Fəaliyyətinə icazə verilmiş jurnalların sayı 113, agentliklər 25,
teleradio şirkətlər isə 20-yə qədərdir.
Bir sözlə, Azərbaycanda kütləvi informasiya vasitələrinin sayı ölkənin parametrlərinə görə kifayət qədərdir. Lakin bu heç də
"qadın mətbuatının" da varlığından xəbər vermir.
Azərbaycanın qadın mətbuatı ABŞ və
Avropa ölkələrinin bu sahədəki nailiyyətləri ilə ayaqlaşmasa da, hər halda son onillikdə bu yöndə müəyyən cəhdlər olub.
Onların pioneri 1991-ci ildə yaranmış "Ceyla xanım" jurnalıdır. Təsisçi
- jurnalın kollektivi eyni vaxtda "Ceyla dekor" adlı jurnal da istehsal
edib. 1991-ci ilin dekabrında 30 min tirajla çap olunan jurnal bu yönümlü
ilk mətbu orqan olduğundan oxucuların rəğbətini qazanıb. Jurnal rus
dilində çıxıb. 1994-95-ci illərdə
maliyyə çətinlikləri "Ceyla"nın jurnal deyil, eyni adlı, A-4 formatlı
qəzet kimi işıq üzü görməsinə səbəb
olub. 1996-97-ci illərdə Türkiyə Respublikasında çap olunan jurnalın
tirajı 1500 nüsxəyə enib. Hazırda "Ceyla" jurnalı (indi "Ceyla xanım" və
"Ceyla dekor" jurnalları bir ad altında birləşib) yenidən "Azərbaycan" nəşriyyatının
mətbəəsində
çap olunur. 2000-ci ildə onun bir neçə sayı işıq üzü görüb. Son nömrəsi
2000-ci ilin oktyabrında çıxıb.
Qadın mətbuatı sahəsindəki
"Ceyla" ilə aradan qalxmayan boşluğu 1996-cı ilin sentyabrından
nəşr olunmağa başlayan "Şəms" jurnalı doldurmağa cəhd etdi.
"VSistem inc." şirkətinini təsis etdiyi
bu jurnal da rus dilində, ayda bir dəfə oxucuların görüşünə
gəlirdi. Lakin cəmi bir il yaşayan bu jurnal Azərbaycan qadın mətbuatında
elə bir yenilik edə bilmədi. Sakitcə mətbuat aləmindən
getdiyi kimi, tezliklə yaddaşlardan da silindi. Araşdırmalar apararkən onun nüsxələrinə kitabxanalarda da rast gəlmədim.
Müxtəlif illərdə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində "Şans", "Sarı gəlin" və
s. adlı qadın jurnalları qeydiyyatdan keçib. Lakin onların adı elə
qeydiyyat şəhadətnaməsinin
üzərində qalıb.
Bəs qəzetlərlə bağlı vəziyyət necədir?
Ölkədə çıxan 30-dan çox qəzet və jurnalın baş redaktoru
isə qadınlardır.