Sulduz aşıq məktəbi

İran aşıq mühiti içərisində Sulduz aşıq məktəbinin xüsusi yeri vardır. Bu məktəbin adət-ənənələri demək olar ki, Urmiya aşıqlıq sənəti ilə əsasən eynidir. Bu diyarda məskunlaşmış türklərə qarapapaq türkləri deyirlər. Qarapapaq türkləri arasında aşıqlıq sənəti ta qədim dövrlərdən üzü bəri yaşamaqda və inkişaf yolu keçməkdidir. Sulduz mahalının aşıqlıq sənəti iki yönümdən özünü xarakterizə edir.

I. Bir çox aşıqlar öz sənətlərini yalnız tək sazla icra etməkdədilər. Şübhəsiz ki, yalnız sazla fəaliyyət göstərən aşıqların sənətinin bugünkü vəziyyətində Urmiya aşıq məktəbinin təsiri və rolu böyükdür. Çünki hər iki mahal coğrafi yönümdən bir-birinə yaxın və qonşu olduğu üçün adıçəkilən diyarın aşıqlıq sənətindəki qayda qanunlar bir-biri ilə yaxınlıq təşkil etməkdədir. Bu eynilik özünü bir çox yönümdən göstərir.
a. Fərdi ifaçılıq baxımından
b. Repertuar baxımından.
c. Dastan baxımından
d. Aşıq musiqisi baxımından
e. Sazın kök sistemi baxımından
i. İnstrumental çalğı üslubu baxımından
c. Vokal ifa üslubu baxımından
k. Yerli şivə, ləhcə baxımından.
II. Sulduz aşıqlarının bir çoxu isə toya-düyünə gedərkən, özləri ilə balabançı və dümbəkçi də götürərlər. Təbriz, Zəncan, Qaradağ mahalında aşıqların yanında mütləq bir dəfçi olduğu halda Sulduz mahalında dümbək aləti daha çox istifadə olunmaqdadır. Göründüyü kimi bir çox aşıqlar balabanla və dümbəklə birgə çalıb-çağırmaqla öz sənətlərini yaşatmaqdadırlar. Bu cür ifaçıların instrumental tərkibi üç musiqi aləti (saz, balaban, dümbək) ilə təmsil olunur.
Birinci simli alət qrupunda aşıq öz telli sazı ilə çıxış edir.
Musiqiyə ritm saxlamaq baxımından bu ehtiyaca dümbək (zərb) cavab verir. İfaçı aşığa çoxçalarlı zəngin vəznlərlə yardım edən şəxsə bu diyarda dümbəkçi deyirlər. Qeyd etməliyik ki, Sulduz mahalının toy adət-ənənələrinə uyğun olaraq musiqiyə ritm saxlamaq üçün nəzərdə tutulan bu şəxs aşığın yanında olarkən dümbək çalar. Toy evinin həyətində halay çəkib qol-qola, çiyin-çiyinə rəqs edib oynamaq istəyənlər üçün isə dümbəyi davulla əvəz edirlər. Sulduz mahalının adət-ənənəsinə görə ritm saxlayan şəxsin bu mərasimdə iki funksiyası vardır. Birincisi, ev şəraitində çalıb-çağıran aşığa kömək etmək məqsədi ilə dümbək çalıb ritm saxlamaq, ikincisi, çöl şəraitində halay çəkib, zurna sədaları altında yallı gedən şəxslərə, ritmik baxımdan xüsusi ağac çubuqların köməkliyi ilə davul (böyük nağara) çalmaq vəzifəsi. O, bu vəzifəni aşığın yanında deyil, həyətdə yallı havaları çalan zurnaçının yanında nümayiş etdirir.
III. İnstrumental tərkibə daxil olan nəfəsli alət qrupunu balaban təmsil edir. Bu musiqi alətini ifa edən şəxsə balabançı deyilir. Sulduz mahalının toy adət-ənənəsinə uyğun olaraq nəfəsli alətləri ifa edən şəxsin bir neçə funksiyası vardır. Məsələn, ev şəraitində çalıb-çağıran aşığa kömək etmək baxımından balabanı ilə saz havalarını müşayiət etmək, ikincisi, ev şəraitində rəqs edib oynamaq istəyənlərə İranın yalnız bu bölgəsinə məxsus qədim nəfəsli alətlərimizdən biri hesab olunan qoşa sümsümlə çalmaq vəzifəsi. Qoşa sümsüm duzala adı ilə də tanınmaqdadır. Türkiyədə isə həmin musiqi alətitnə ciftə qaval deyirlər. Səsi zurnaya bənzəsə də, səslənmə baxımından zurna ilə müqayisədə bir qədər alçaq, balabandan isə bir qəər gur, uca səslənir. Bu alət balaban kimi ev şəraitində daha çox ifa olunur. Qaydaya əsasən ritmik mövqedən zurna alətini böyük davullar, qoşa sümsümü isə dümbək ifaçıları müşayiət edirlər. Təbriz, Qaradağ, Tehran, Zəncan, Kərəcdə isə balabançıya ritmi saxlayan şəxs qavalçı olar. İran toylarını bir-birindən fərqləndirən xüsusiyyətlərdən biri də məhz bunlardır.
Sulduz mahalının digər aşıq məktəblərindən fərqləndirən mühüm cəhətlərdən biri də Qarapapaq türklərinə məxsus olan havaları ilə özünü göstərməsidir. Aşıq Məhəmmədəli Mahmudinin və aşıq Rza Puyəndənin verdiyi bilgilərə görə, Qarapapaq türklərinin əlli havası mövcuddur. Lakin apardığımız tədqiqatlar əsasında Qarapapaq türklərinin özünə məxus olan havalarının sayının qırx altı olduğunu təsbit etdik. Belə ki, dörd hava Azərbaycan xalq mahnısıdır.(6, 11,31,32).

1. Əylənməz.
2. Eyva dinmə-dinmə.
3. Köçgünən gəl.
4. Lala gəlin.
5. Yel-yel.
6. Yel-yelin təsnifi (İrəvanda xal qalmadı).
7. Aman-aman (Yallı)
8. Ağır canıman
9. Orta canıman.
10. Tovlama gəlin.
11. Qara gözlər (Azərbaycan xalq mahnısı).
12. Sürməli gözlər.
13 Ay qız , ay qız naz eyləmə.
14. Şirin can.
15. Əskərəli bala.
16. Yayxan maralım (Qaraxan).
17. Döndərin, qızlar.
18. Dəstə narın gülə.
19. Dur gəl, dur gəl sabah oldu.
20. Ay sini-sini.
21. Otaq otağı.
22. Bir yana.
23. Sındırma.
24. Sındırın, qızlar.
25. Qaşların düzə-düzə.
26. Həbiban.
27. Ay bəri bax.
28. Dəlilər divanələr.
29. Ay keçdi-keçdi.
30. Dağlarının dalın dəlləm.
31. Ağır dalan (Qalanın dibində bir quş olaydın).
32. Qaladan qalaya nar yemək olmaz (Bu hava "uca dağlar başında bir cüt ceyran" sözü ilə oxunan Azərbaycan xalq mahnısıdır.
33. Sındırır badamı.
34. Kürd qızı.
35. Ay nənə, kürd qızı niyə gəlməz oldu.
36. Şad şirincan
37. Dalan (Yallı havası).
38. Qondaralı (Dalan havası).
39. Yüngül lala gəlin.
40. Ağ ipək.
41. Qaşları qara Dilbər.
42. Dilbər keşiyim Dilbər, evim eşiyim Dilbər.
43. Yç ayaq (Yallı)
44. Fincan.
45. Orta canıman.
46. Cəng eylə, cəng eylə.
47. Canıman (Yallı)
48. Azərbaycan.
49. Hacirabıki
50. Qureyşi.

Sulduz mahalında fəaliyyət göstərmiş aşıqlar

1. Aşıq Qurbanəli Mahmudi (aşıq Məhəmmədəli Mahmudinin babası).
2. Aşıq Namazəli Mahmudi (aşıq Məhəmmədəli Mahmudinin atası).
3. Aşıq Əli Vahidi.

Sulduzda yaşayan aşıqlar
1. Aşıq Məhəmmədəli Mahmudi.
2. Aşıq Səfər Cavadi (aşıq Məhəmmədəli Mahmudinin şəyirdi).
3. Aşıq Surət Qasımı (aşıq Məhəmmədəli Mahmudinin şəyirdi).
4. Aşıq Rəhim Tağızadə (aşıq Məhəmmədəli Mahmudinin şəyirdi).
5. Aşıq Məcid.
6. Aşıq İsfəndiyar-Bəyimqala kəndində yaşayır.
7. Aşıq Rza Puyəndə

Sulduz mahalının (Nəğədenin) şairləri

1. Mühəndis Bəhrami.
2. Məhərrəm Pərizad - təxəllüsü Sürgündür, Fərruxzad kəndində yaşayır.
3. Sulduz Dərmançı oğlu.
4. Abuzər.
 

express.az
 

 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
 استفاده از مطالب با ذکر منبع بلامانع است
www.durna.info | eldeniz@yahoo.com